Ermənistanda əhali sürətlə azalır

Vasif Əfəndiyev: "Məğlub və kasıb Ermənistanda normal yaşamaq mümkün deyil"


Ermənistanın regionlarında yaşayan əhali sürətlə azalmağa davam edir. Erməni mənbələrində qeyd olunan 1 iyul 2021-ci il tarixinə aid statistik məlumatlar əsasında bəlli olub ki, əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb. Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub. Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı üç milyona çatmayan Ermənistan üçün olduqca təhlükəli həddədir və bu prosesin kütləvi hal aldığı deyilir. Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində də analoji vəziyyət hökm sürür.

Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, son 30 ildə Ermənistan siyasi ilderləri, tanınmış ictimai xadimlər, hətta elm və sənət adamları belə sistemli olaraq erməni faşzimini təbliğ etdilər. Nəticədə Ermənistan siyasi, iqtisadi və demoqrafiq krizisə yuvarlandı. Partiya təmsilçisinin fikrincə, Ermənistan əhalisinin sürətlə azalması məhz xəstə təxəyyüllü erməni liderlərinin fəaliyyətinin acı nəticəsidir:

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hərbi müstəviyə keçməzdən öncə ermənilər torpaqlarımızda firavan həyat sürüblər. Ancaq bir müddət sonra xəstə təfəkkürlü “başbilənlərinin” güdazına gediblər və “böyük Ermənistan” xülyasına düşüblər. Ancaq Ermənistan müharibədə ağır məğlubiyyətə düçar oldu. Məğlub və kasıb Ermənistanda normal yaşamaq mümkün deyil. Ona görə də yaşadıqları yeri tərk edən ermənilər Rusiya və Qərb ölkələrinə üz tuturlar.

44 günlük müharibə başlayana qədər Ermənistanda köçlə bağlı müəyyən durğunluq yaranmışdı. Lakin son hadisələr və müharibənin gətirdiyi acı reallıq erməniləri yenidən yollara saldı.

Əslində bu narahatlığı yaradanlar erməni şovinistləridir. Ermənistan ordusunun çökməsinə baxmayaraq, revanşist qüvvələr münaqişəni alovlandırmağa çalışırlar. Azərbaycanın gücünün və iradəsinin şahidi olan ermənilər növbəti müharibə qorxusundan təşvişə düşür. Məlum səbəblərdən hazırda Rusiya və Qərb istiqamətinə hərəkət məhdudlaşdırılıb. O səbəbdən Zəngəzurdan köçən erməni əhali ölkənin dərinliyinə doğru hərəkət edirlər”. 

V.Əfəndiyev vurğulayıb ki, Azərbaycan ordusu hətta müharibə dövründə belə mülki ermənilərə ziyan verməyib:

“Prezident öz bəyanatlarında dəfələrlə ermənilərə birgəyaşayış mesajları verib. Azərbaycan tərəfi Qarabağda qalıb yaşamaq istəyən ermənilərə hər cür imkan yaradılacağı öhdəliyini götürüb. Məncə, erməni əsilli vətəndaşlarımızın adaptasiya olunması üçün qanunlar paketinin hazırlanmasına ehtiyac var”.