Cavab bəllidir, qorxdular

Ermənistan rəhbərliyi Xankəndinə gələ bilmir

Paşinyan həm yerli etirazlardan, həm də Bakının sərt üzündən ehtiyat edir


İşğal dövründə Ermənistan rəhbərləri hər il sentyabrın 2-də qondarma “dqr”in “müstəqillik günü”nü qeyd etmək üçün Qarabağa səfər edirdilər. Ancaq bu dəfə belə bir addım atmağa cürət etmədilər. Ermənistandan Xankəndinə sadəcə 20 deputat gəldi və gəldikləri üçün peşman oldular. Qarabağ erməniləri deputatları “tədbirə” yaxın buraxmayıb və onların qaldıqları oteli daşqalaq ediblər. Ermənistan rəhbərliyindən heç kimin Xankəndinə getməyə cəsarət etməməsi erməni mediasının əsas müzakirə mövzusu olub. Bir sıra mətbu orqanlar bunu Qarabağın ermənilərin əlindən çıxması kimi şərh ediblər. Yüksək texnologiya və sənaye naziri Vahaqn Xaçatryan Paşinyanın Qarabağa getməmək qərarının siyasi olduğunu bildirib: “Siyasi bir qərar verilib, başqa bir şey axtarmayın”.

Hökumət üzvü bu siyasi qərarın səbəbinin nə olduğunu izah etməyib. “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyanın fikrincə, Qarabağda Ermənistanın yüksək vəzifəli rəsmilərinin olmaması hakimiyyətin Azərbaycanın diktə etdiyi oyun qaydalarını qəbul etməsi deməkdir. Erməni siyasi şərhçi Tevos Arşakyan isə fikirlərini bu cür bölüşüb: “Erməni xalqının tarixi təqvimində növbəti qara gün sentyabrın 2-də yarandı. Xalqımızın yaddaşında belə kədərli tarixlər çoxdur, lakin məhz 2 sentyabr 2021-ci il tarixdə “dqr”in son günü kimi qalacaq. Nə prezident, nə baş nazir, nə sonuncunu əvəz edən Papikyan, nə də XİN başçısı Mirzoyan Qarabağa getmədi. Cavab aydındır, qorxudan getmədilər. Onlar rəsmi Bakının qəzəbindən qorxdular. Robert Koçaryan və Serj Sarkisyan da “Artsax”a gəlmədi. Halbuki ən azı onlar öz “doğma yerlərini” ziyarət edə bilərdilər. Lakin onların da cəsarəti çatmadı”. 

Separatçıların qondarma “müstəqillik günü” ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Azərbayan sərhədləri daxilində separatçıların “müstəqillik” adına istənilən addımı qəbuledilməzdir. Lakin analitikin fikrincə, hazırda müdaxilə üçün şəraitin yetişmədiyi görünür və ermənilərin dediklərindən aydın olur ki, Bakı hələki bir sıra məsələlərə veto qoya bilir:

“Qondarma “mərasimin” daha təntənəli keçirilməsi, hərbi yürüşün edilməsinə icazə verilməyib. Separatçılar bunu müharibədən sonra yas saxlamaları ilə əlaqələndirirlər. Hərçənd, erməni mənbələr yürüş üçün sülhməramlılarla danışıqlar aparıldığını, lakin istəklərinə nail ola bilmədiklərini yazırlar. Separatçılar qondarma “müstəqilliklə” bağlı tədbirlərini sentyabrın 27-nə qədər davam etdirəcəklərini deyirlər. Erməni mənbələr isə əslində heç bir tədbirin keçirilməyəcəyini yazırlar. Çünki rəsmi Bakının tələbi əsasında sülhməramlılar separatçı-terrorçulara maksimum “gözə görünməməyi” tapşırıb”.

A.Nərimanlı vurğulayıb ki, Ermənistan rəhbərliyi Xankəndinə gələ bilmir:

“Paşinyan müharibədən sonra həm qarşılaşacağı etirazlara, həm də bunun “yeni müharibə” təhlükəsi yaradacağına görə bölgəyə gəlmir. Lakin yeni Xarici işlər naziri Ararat Mirzoyanın sələflərindən fərqli olaraq, ilk səfərini Xankəndinə etməməsini erməni mediası Bakının qadağası kimi şərh edir. Keçmiş xarici işlər naziri Ara Ayvazyanın müharibədən sonra Xankəndinə səfəri rəsmi Bakı tərəfindən sərt reaksiyaya səbəb olmuşdu. Xankəndidə yaşananlar göstərir ki, separatçı-terrorçular “dəfn edildiklərini” özləri də anlayırlar”.