Azərbaycanlılar da ermənilərlə birgəyaşayışa hazırlanmalıdır

Təktərəfli ola bilməz

Azad İsazadə: “Məsələ bizimlə bitmir, əsas odur ki, ermənilər də birgəyaşayışa hazır olsunlar.Biz yarım addım irəli atanda gözləməliyik ki, onlar da həmin addımı atsın. Aradakı “düşmən” obrazı götürülməlidir”
 
 Azərbaycan tərəfi lokal hərbi antiterror tədbirlərindən sonra Qarabağda təmizləmə və təhlükələrin tamamilə aradan qaldırılması işlərini həyata keçirir. Həyata keçirilən bu tədbirlər fonunda azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb. Hazırda Azərbaycanla Ermənistan arasında üçtərəfli birgə komissiya səviyyəsində istər sərhəd məsələləri, istərsə də münasibətlərin normallaşması üzrə danışıqlar aparılır.
  Analoji müzakirələrin istiqamətlərindən biri də Qarabağın erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Reinteqrasiya dedikdə, ilk növbədə ölkəmizin qanunları çərçivəsində birgəyaşayış nəzərdə tutulur.
  
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə hesab edir ki, birgəyaşayışın Azərbaycan modeli ilə bağlı ciddi elmi araşdırmalara ehtiyac var.
  Bu barədə Bakıda keçirilən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusundakı konfransda çıxış edən A.Şirinovun sözlərinə görə, xüsusilə də dini məsələlərlə bağlı araşdırmalar davam etdiriləcək.

  Psixoloq, hərbi ekspert Azad İsazadə isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan reinteqrasiya prosesində maraqlı olsa da, ermənilər üçün bu proses qeyri-müəyyəndir: 

“Bilirsiniz, reinteqrasiya geniş bir anlayışdır və özlüyündə bir çox şeyi ehtiva edir. İndiki halda birgəyaşayış haqqında danışmaq çox çətindir. Onsuz da yaxın gələcəkdə birgəyaşayış mümkün olmayacaq. Biz hələ azad olunan ərazilərimizə qayıdış proqramını icra edirdik. Bu proses özü belə mərhələ-mərhələ həyata keçirilir.
Hələlik ermənilər yaşayan rayonlara azərbaycanlıların köçürülməsi üçün doğru zaman deyil.
  Lakin əhəmiyyətli məqam odur ki, biz vaxt itirməməliyik. Yəni nə vaxtsa, Xocalıya, Xankəndiyə qayıdış proqramı icra olunanda artıq bütün problemlər aradan qalxmış olmalıdır. Köçürülməsi nəzərdə tutulan əhali arasında maarifləndirmə işi aparılmalı və onlar ermənilərlə birgəyaşayışa hazırlanmalıdır. Əks halda həddindən artıq çox problemlər üzə çıxa bilər. Onu da deyim ki, məsələ bizimlə bitmir, əsas odur ki, ermənilər də birgəyaşayışa hazır olsunlar. Biz yarım addım irəli atanda gözləməliyik ki, onlar da həmin addımı atsın. Aradakı “düşmən” obrazı götürülməlidir.
  Ermənistandan millətçi çağırışlar səslənsə, Qarabağdakı ermənilər həmin çağırışların təsiri altına düşə bilərlər. Ona görə də birgəyaşayış ancaq o halda mümkün olacaq ki, Qarabağda yaşayan ermənilər ölkəmizin vətəndaşlığını qəbul edərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qanunvericiliyinə hörmət, ərazi iddialarından birdəfəlik imtina və cəmiyyətlə inteqrativ şəraitdə yaşayacaq və separatçı meyillərdən imtina edəcək. Bu, ermənilərin seçə biləcəyi ən optimal yoldur".