"İki ildən çoxdur, ölkəmizdə ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistem - Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi fəaliyyət göstərir”.
Bunu "Sherg.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayev bildirib.
O vurğulayıb ki, sosial yardımın alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu elektron şəkildə həyata keçirilir:
"Habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesi də heç bir məmur-vətəndaş kontaktı, ümumən insan faktorunun iştirakı mümkün olmadan, tam şəffaf şəraitdə həyata keçirilir.
Elektron sistem vasitəsilə sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın, obyektiv yanaşmanın təmin edilməsi sosial yardımların yalnız özlərindən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan aztəminatlı ailələrə yönəldilməsinə imkan verib. Nəticədə, ünvanlı sosial yardım alan ailələrin sayının ötən il ərzində iki dəfə azalaraq, cari ilin əvvəlinə 80,2 minə enməsinə nail olunub”.
Qurum sözcüsü onu da əlavə edib ki, bu gün hər bir vətəndaş təmsil etdiyi ailəyə sosial yardım təyin olunması üçün internet bağlantısı olan istənilən nöqtədən, hətta adi telefon vasitəsilə belə elektron qaydada müraciət edə bilir:"Yəni sosial yardımın alınması üçün əvvəllərdəkindən tam fərqli olaraq müraciət forması, ünvanlı sosial yardıma çıxış imkanları kifayət qədər sadələşdirilib, vətəndaşlara hər hansı sənəd toplamadan müraciət etmək imkanı yaradılıb. Müraciətlərin edilməsində də hər hansı məhdudiyyət yoxdur.
Vətəndaşların sosial yardımın alınması üçün etdikləri müraciətlər zamanı Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə daxil etdikləri məlumatlar avtomatik olaraq, 22-ə qədər qurumun informasiya ehtiyatlarına inteqrasiya şəraitində yoxlanılır və müraciətlərin avtomatlaşdırılmış şəraitdə araşdırılmasının nəticəsinə uyğun olaraq yardımın təyin edilib-edilməməsi barədə sistem qərar qəbul edir. Göründüyü kimi, burada insan faktorunun rolu nəinki minimuma endirilib, ümumilikdə tam aradan qaldırılıb.
Digər tərəfdən, müraciətlərin elektron yolla edildiyi şəraitdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon və ya şəhər qurumları tərəfindən də vətəndaşların sosial yardım üçün müraciətlərinin qəbulu həyata keçirilmir”.
Sosial yardımların təyinatında neqativ halların, bununla əlaqədar ciddi narahatlıqların mövcud olduğu fikirlərinə gəlincə, E. Babayev deyib ki, sistemin sadələşdirilməsinin vacibliyi barədə açıqlamalar Azərbaycanın sosial yardım sahəsində formalaşmış, mötəbər beynəlxalq qurumların da şəffaflığın, ünvanlılığın təmin edildiyi iş təcrübəsi kimi yüksək dəyərləndirdiyi və təbliğ etdiyi bir sistemi bilərəkdən gözdən salmağa yönələn cəhddir:
"Onu da bildirək ki, ünvanlı dövlət sosial yardımının hesablanması zamanı ehtiyac meyarının həddi əsas götürülür. Orta aylıq gəliri qanunvericilikdə əksini tapan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Digər tərəfdən, başqa sosial ödənişlər kimi, aztəminatlı ailələrə yönələn sosial yardımların məbləğində də mütəmadi artım özünü göstərir.
Bu istiqamətdə növbəti addım kimi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 116 manatdan 12 faiz artırılaraq 2018-ci il üçün 130 manata çatdırılması ilə əlaqədar cari ilin əvvəlindən sosial yardımların məbləği də artıb.
Ona görə də sosial yardımların təyinatı və ödənişi üzrə Azərbaycanda mövcud olan sistemin texniki və digər parametr baxımından hansısa digər ölkələrdəkindən geri qalması barədə, eləcə də dolayı yollarla, halbuki 2 ildir, belə yollar, ümumiyyətlə, mümkün deyil, təyinat almışların siyahıdan (yardım alanların siyahıları Nazirliyin saytında yerləşdirilib və hər kəs o siyahılara baxıb belə şəxslər varsa, nazirliyə müraciət edə bilər) çıxarılması haqqında fikirlər məlumatsızlığın nəticəsi olmaqla, heç bir əsasa söykənmir”.
Aysel Aslan