Naxçıvan camaatı 30 ildir əziyyət çəkir

Təcili surətdə aviabiletlərin qiyməti aşağı salınmalı, reyslərin sayı artırılmalıdır

Turab Rzayev: "Belə bir vəziyyət iqtisadi cəhətdən yüksək inkişaf etmiş Azərbaycan üçün qəbulolunmazdır"

Novella Cəfəroğlu: "Cənab Prezidentə müraciət edəcəyik ki, məsələylə birbaşa özü məşğul olsun"

   Milli Məclisin dünənki iclasında Naxçıvana aviareyslər və biletlərin bahalığı məsələsi qaldırılıb. Millət vəkili Tahir Kərimli aviabiletlərin qiymətlərinin çox yüksək olmasından şikayət edib. Deputat region ölkələri ilə müqayisədə Azərbaycanda qiymətlərin  bir neçə dəfə artıq olduğunu bildirib: “Naxçıvana biletlərin qiyməti artdı. Yanacağını dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir”. 

  Millət vəkili Fazil Mustafa da həmçinin, Naxçıvana gediş-gəlişin yerli əhali üçün əzaba çevrildiyini deyib. Deputat qeyd edib ki, biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır: 

“Təyyarələri və təyyarə reyslərini  qəsdən artırmırlar ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayrılmalı, bu məsələ həll edilməlidir”. 

Qeyd edilir ki, Bakı-Naxçıvan-Bakı aviareyslərinin qiyməti 70 manatdır. Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alaraq, indiyə kimi bu pulun 20 manatını güzəşt olaraq dövlət ödəyirdi. İyunun 6-da isə Baş nazir Əli Əsədov qərar imzalayaraq, bu güzəşti 10 manata endirib. Bu səbəbdən sərnişinlər biletlər üçün 50 manat yerinə 60 ödəməli olacaqlar.
Naxçıvanın “AZAL” tərəfindən blokadası barədə danışan politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında qeyd etdi ki, vəziyyət çox acınacaqlıdır:

- Naxçıvana quru yolla gediş-gəliş hazırda mümkün deyil. Yollar bağlıdır. Qalır, təkcə hava nəqliyyatı, o da “AZAL”ın monopoliyasındadır.  Naxçıvana avia-reyslər azdır və biletlərin qiyməti də çox bahadır. Sadə əhali üçün gediş-gəlişə 120 manat ödəmək çətindir. Ailə üzvləri bir nəfərdən ibarət olmayanlar var. Onlar necə gedib-gəlsin? Məlumdur ki, Türkiyədə təhsil alan gənclərimiz, eləcə də başqa ölkələrə səfər edənlər aviabiletlərin bahalığı səbəbindən çox zaman Naxçıvan üzərindən gedib-gəlirdi. Türkiyənin Naxçıvana yaxın bölgələrinə gəlir, oradan da təyyarə ilə Bakıya uçurdular. Lakin indi biletlərin qiyməti qalxdığından, üstəlik, bilet tapmaq da mümkün olmadığından gələ bilmirlər. Ümumiyyətlə, region ölkələri ilə müqayisədə “AZAL”ın biletləri 10 dəfə bahadır. Hətta İrəvandan İstanbula aviareyslər bizdəki qiymətlərlə müqayisədə dəfələrlə ucuzdur. Bu, sadəcə, biabırçılıqdır. 

T.Rzayeva təklif edir ki, Naxçıvana təcili əlavə reyslər açılmalı, biletlərin qiyməti ucuzlaşmalıdır: 

- İki ay əvvəldən məlum idi ki, may-iyun ayları üçün Naxçıvana biletlər satııb qurtarıb.  Biletləri turizm şirkətləri topdan alır, sonra da vətəndaşlara bir az da baha qiymətə satırlar.   Dubay reysi də belədir. Bu biabırçılığın qarşısının alınması üçün Naxçıvana təcili əlavə reyslər açılmalıdır, biletlərin qiyməti də ucuzlaşmalıdır. Dövlət bu məqsədlə subsidiya ayıra bilər. Yaxud, rəqabətədavamlı kiçik aviaşirkətlər dövriyyəyə daxil olmalıdır. Naxçıvana uçuşları kiçik həcmli təyyarələrlə də təşkil etmək olar. Bu, daha sərfəli olar. Yanacağa qənaət edilər, biletlər də ucuz olar. Başqa bir təklif  əhali qrupu üçün 30-40 faizli kvotanın tətbiqidir. Turizm şirkətlərinə avia-biletlər satılsa da, 30-40 faizlik kvotanı əhali qrupu üçün saxlasınlar. Vətəndaşlar fərdi şəkildə bilet əldə bilsinlər. Üçüncü təklif, başqa bölgələrdən Naxçıvana reyslərin təşkilidir. Bir çox bölgələrimizdə, iri şəhərlərdə aeroportlar var. Məsələn, Gəncə aeroportundan Naxçıvana reyslər təşkil edilsin. Ucuz daxili reylsərlə bu problemi həll etmək olar. Baxın, Roma ilə Malta arasında hər gün 20 aviareys həyata keçirilir. Çünki Maltaya ən yaxın məsafədə Romadır.  Bizdə də Naxçıvana münasibətdə bunu etmək olar. Naxçıvana aviareyslər problemi mütləq həllini tapmalıdır. Əhali əziyyət çəkir, üstəlik belə bir vəziyyət iqtisadi cəhətdən yüksək inkişaf etmiş Azərbaycan üçün qəbulolunmazdır. 

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da Naxçıvana gediş-gəlişin ağrılı vəziyyət aldığını dedi: 

- Mən naxçıvanlıyam. Amma mən Naxçıvana, qohum-əqrəbamı görməyə gedə bilmirəm. Biletlər bahadır, heç bilet tapılmır da. Çox acınacaqlı vəziyyətdir. Ermənistan Naxçıvanı 30 ildir blokadada saxlayır. Bu yandan da “AZAL” qiymətləri qaldırır, biletlər hansısa şirkətlərə satılır, camaat zülüm çəkir. 

Mən millət vəkillərinə də bildirmişəm ki, bu məsələdə mövqeyim qətidir. Cənab Prezidentə müraciət edəcəyik ki, məsələylə birbaşa özü məşğul olsun. Naxçıvan camaatı 30 ildir əzab-əziyyət içindədir. Bu məsələ təcili həll edilməlidir. Reyslərin sayını artırmaq, biletləri ucuzlaşdırmaq lazımdır. Ümumiyyətlə, təkcə Naxçıvana yox, başqa ölkələrə biletlər də çox bahadır. Gürcüstandan Türkiyəyə 100-150 manata uçurlar, amma bizdə Türkiyəyə aviabiletlər  600-700 manatdır. Biz yaxın günlərdə Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti mövzusunda forum təşkil edəcəyik. Forumda bu məsələni də qaldıracağıq ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanın da blokadadan çıxarılması deməkdir. 

Naxçıvanın blokadada saxlanması insan haqlarının pozulmasıdır. Bu insanların sərbəst hərəkət etmək hüququ bərpa edilməlidir.