Aşqabadda təməl möhkəmləndi

Xəzər dənizi beynəlxalq nəqliyyat qovşağına çevrilir

  İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Toplantıda iştirak edən  Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında  deyib ki, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir: “Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır”.

  Ölkə başçısı həmçinin qeyd edib ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

  Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov də  “Şərq”ə açıqlamasında  ölkə başçısının Aşqabad səfərinin mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olduğunu deyib.  Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, həmçinin dənizlə bağlı beynəlxalq əməkdaşlığın dərinləşməsi üçün görülən işlərdə hər zaman ön sırada olub. Azərbaycanın Xəzərlə bağlı önəm verdiyi   əsas məsələ isə  Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir:

 “Təsadüfi deyil ki, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında  5 Xəzəryanı ölkə lideri ilə  müzakirə edilən əsas məsələlərdən biri də  məhz bu mövzu olub.  Xəzər hövzəsində yerləşən ölkələrin demək olar ki, hər birinin zaman-zaman  Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində  təşəbbüsləri olub.  Azərbaycan Prezidenti də  növbəti dəfə  bu məqamın üzərində  xüsusi olaraq dayandı. Dövlət başçısı bəyan etdi ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır”. 

  İ.Hüseynovun sözərinə görə, 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra  Azərbaycanın dünyada nüfuzu  artıb, Cənubi  Qafqazda geostrateji imkanlar bir qədər genişlənib və iqtisadi imkanların dərinləşdirilməsi üçün münbit şərait formalaşıb: “Prezident İlham Əliyevin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında məhz region dövlətlərini bir sıra sahələrdə əməkdaşlığın artırılmasına dəvət etməsi də Azərbaycanın Xəzəryanı ölkələrin  qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verməsindən qaynaqlanır”.

  Politoloqun fikrincə, Xəzər dənizi vasitəsi ilə karbohidrogen ehtiyatların kəşfi, hasilatı, yaxud onların yüklənməsi və boşaldılması ilə bağlı bu cür görüşlərin mütəmadi keçirilməsini şərtləndirir:

 “Xəzərin dibinin delimitasiyası məsələsi siyasi gündəlikdə ən ön sıralarda dayanıb. Xəzər regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi üçün bu cür fikir ayrılığı yaradan mübahisələrin gündəlikdən qalxması zəruridir. Düşünürəm, Azərbaycanın bu istiqamətdəki mövqeyi Xəzər hövzəsində olan digər dövlətlər tərəfindən də qəbul  olunur”. 

  İ.Hüseynov eyni zamanda Mərkəzi Asiya ölkələrinin son vaxtlar Azərbaycana qarşı marağının xeyli dərəcədə artmasından bəhs edib:

 “Cənab Prezidentin Türkmənistandan əvvəl  Özbəkistanda dövlət  səfərində olması bunu sübut edir. Və Zəngəzur dəhlizi kontekstində digər türkdilli ölkələrlə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin inkişafını görürük. Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün qərbə çıxış imkanıdır və bir növ tranzit rolu oynayır. Türkmən qazının Azərbaycan və İran vasitəsilə qərbə nəql olunması istiqamətində gedən danışıqlar da bu əməkdaşlığın tərkib hissəsidir və əldə olunan razılıqların daha da inkişaf etdirilməsi perspektivləri əsas müzakirə obyektlərindən biridir. Düşünürəm ki, Xəzər hövzəsində olan dövlətlər arasında  iqtisadi inteqrasiyanın daha da genişləndirilməsi ilə bağlı qarşıya qoyulan hədəflərin reallaşması istiqamətində  mühüm addımlar atılacaqdır”.