Neftin qiymətinin 380 dollar olması mümkün deyil

Sanki belə proqnozları tirajlamaqla alternativ “yaşıl enerji”yə daha çox vəsaitin ayrılmasına nail olmağa çalışırlar

  ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar Rusiyanı cavab tədbirləri ilə neft hasilatını azaltmağa məcbur edərsə, dünya neft qiymətləri 380 dollara çata bilər. Bu barədə ABŞ-ın maliyyə holdinqi olan “JPMorgan Chase & Co.” analitiklərinə istinadən məlumat yayılıb. Məlumata görə, G7 liderləri Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərmək üçün Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaqla bağlı kompleks mexanizmi müzakirə edirlər. Bununla belə, Rusiyanın büdcə sisteminin sabitliyini nəzərə alsaq, Moskva gündəlik neft hasilatını iqtisadiyyata ciddi zərər vurmadan 5 milyon barel azaltmağa qadirdir. Hesab edilir ki, dünyanın qalan hissəsi üçün Rusiyada hasilatın mümkün azalması fəlakətli nəticələrə səbəb ola bilər. Analitiklərin fikrincə, tədarükün sutkada 3 milyon barel azaldılması Londonda qiymətləri 190 dollara, ən pis halda isə 380 dollaradək çəkə bilər.

  Neftlə bağlı proqnozları “Şərq”ə dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib ki, “JPMorgan Chase & Co.”-nun açıqlaması dünya iqtisadiyyatı üçün fəlakət senarisidir. Ekspertin sözlərinə görə, sanki belə proqnozları tirajlamaqla alternativ “yaşıl enerji”yə daha çox vəsaitin ayrılmasına nail olmağa çalışırlar:

 “Bunun başqa izahı yoxdur. 380 dollara neft ola bilməz. Heç 200-ə qalxması belə qeyri-mümkündür. Bu, dünya iqtisadiyyatını çökdürər. Onsuz da dünya iqtisadiyyatı durğundur. Amma neftin qiymətinin müəyyən faizdə artım tempi mümkündür. Rusiyaya qarşı sanksiyaların genişlənməsi neftin bir barelinin qiymətini 150 dollara kimi qaldıra bilər. Bu ehtimal var. Neft qiymətləri bu hədləri test edib. 2008-ci ilin iyul ayında neftin qiyməti 148-149 dollar idi. Məhz o zaman bu artıma görə dünya iqtisadiyyatında ciddi böhran yaşanmışdı. 380 dollar fantastik rəqəmdir. Çox qısa müddətdə belə sıçrayış olsa belə qalıcı olması imkansızdır”.