Turizmin inkişafı daha da prioritetləşib

Sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılmalıdır

  Turizmin inkişafını nəzərdə tutan layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun 2022-ci ildə güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlərinə daxildir. Turizm sahəsi pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrindən biri hesab olunur. O baxımdan Fond tərəfindən indiyədək 234 turizm layihəsinin maliyyələşdirilməsi məqsədilə 60,3 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Bu layihələrin reallaşdırılması 5 mindən artıq yeni iş yerinin açılması imkanı yaradır.

  2022-ci ilin ötən dövrü ərzində isə turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 39 yeni iş yeri yaradılması nəzərdə tutulur. Turizm layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda daxil olan müraciətlərin əksəriyyəti kənd turizminin inkişafı, hotel, mehmanxana və qonaq evinin yaradılması və ya genişləndirilməsi, sanatoriya və müalicə sağlamlıq mərkəzinin təşkili ilə bağlı olub. Hazırda turizmin müxtəlif sahələri üzrə layihələrin güzəştli kredit hesabına maliyyələşdirilməsi davam etdirilir.

  Millət vəkili Vüqar Bayramov “Şərq”ə bildirib ki, turizm Azərbaycanda enerji sektorundan sonra ən çox valyuta gətirən sahədir. Deputatın sözlərinə görə, pandemiyadan əvvəlki dövrdə ölkəyə gələn turistlərin sayı 3,2 milyon nəfər idi: 

“Bu da ölkəyə təxminən 2,8 milyard dollar vəsaitin daxil olması demək idi. Ona görə də postpandemiya dövründə turizmin inkişafı daha da prioritetləşib. Bu, ölkəyə valyutanın daxil olması və gəlirlərin artırılması baxımından vacibdir. Önəmli nüanslardan biri turizm sektoruna sərmayə qoyuluşlarının genişləndirilməsidir. Sahibkarların güzəştli kreditlərə çıxış imkanları artırılmalıdır. Bu istiqamətlərdə aparılan işlər həm turizm obyektlərinin sayının artması, eyni zamanda yeni xidmətlərin, məhsulların bazara çıxarılmasına səbəb olacaq. Gözlənti ondan ibarətdir ki, bütövlükdə ölkəyə gələn turistlərin sayında 2022-ci ildə artımlar olacaq. İlk 5 ayın nəticələri göstərir ki, turistlərin sayı 2,6 dəfə artıb. Ümid edirik ki, turizm sahəsində canlanma müşahidə olunacaq”.