Qlobal böhran təhlükəsi daha da güclənəcək

Dünya heç də asan olmayan iqtisadi fazaya daxil olur

  “Qlobal iqtisadi böhran riski daha da artmaqdadır”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat vurğulayıb ki, bir tərəfdən, bir sıra inkişaf etmiş ölkələrdə COVİD-19 virusuna yoluxma sayında yenidən artımlar var: “Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərinin iqtisadiyyatına təsirsiz ötüşmür. Bu arada neft bazarı da qlobal risklərə reaksiyasız qalmır. 

“Qara qızıl” iyul ayı başladıqdan sonra 6 faizə yaxın dəyər itirib. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb.

 Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb. Bu da qiymətlərdə müşahidə olunmaqdadır.

  Avro da kəskin ucuzlaşmaqdadır. Ukrayanda savaş başladıqdan sonra avro 10 faiz ucuzlaşıb. Son 1 ildə isə Avropa pulu 19 faizdən çox dəyər itirib. Göründüyü kimi, valyuta bazarlarında da qeyri-stabillik davam edir. 

Qlobal iqtisadi tənəzzül və tərəddüdlər, o cümlədən bazarlardakı volatilik növbəti aylarda da davam edəcək. Rusiya-Ukrayna müharibəsinin uzanacağı halda qlobal böhran təhlükəsi daha da güclənəcək. Dünya heç də asan olmayan iqtisadi fazaya daxil olur”.