Pambıqdan öz brendlərimizi yaratmalıyıq

Onlarla fabriklər qurulsa, on minlərlə vətəndaşımız işlə təmin olunar

"Əzab-əziyyətlə yetişdirdiyimiz pambığı niyə son məhsula çevirə bilmirik? Ola bilsin ki, bəzilərinə sərf edir, çünki elə mahlıcdan əziyyətsiz yaxşı pul qazanır"

  Deputat Razi Nurullayev Milli Məclisin iclasında pambıq sahəsindəki vəziyyətdən və iş adamlarından danışıb. O bildirib ki, hazırda bir sıra rayonlarda xeyli pambıq əkilib: “O pambıq mahlıca çevrilib xarici ölkələrə satılır və son məhsul şəklində özümüzə 10 dəfə baha göndərilir. Əzab-əziyyətlə, suvarma suyu üstündə dava apara-apara yetişdirdiyimiz pambığı niyə son məhsula çevirə bilmirik? Ola bilsin ki, bəzilərinə sərf edir, çünki elə mahlıcdan əziyyətsiz yaxşı pul qazanır. Bu da olsun onlarla adam. Bəs qalanları? Hazır mahlıcın məhsula çevrilməsi üçün onlarla fabrik qurulsa, on minlərlə vətəndaşımız işlə təmin edilər və ixracımız artar, pambıqçılığa daha böyük həvəs yaranar. Bir ara Mingəçevirdə belə bir müəssisənin yaradılması üçün iş aparıldı, amma indi var, yoxsa yox, bilmirik”. 

  R.Nurullayev məntəqələrdəki vəziyyətdən də danışıb: “İmişlidə səfərdə olan zaman yeni bir pambıq toplama və emalı məntəqəsinin tikildiyini gördüm, bu il işə başlayacaq və kənd sakinlərindən 70-80 nəfər orada işlə təmin olunacaq. Bu, çox sevindiricidir. Amma orada hazırlanacaq mahlıcdan son məhsulların hazırlanması üçün əlavə fabriklər də tikilərsə, minlərlə iş yeri olar. Amma bu sahədə sahibkarlara ciddi dövlət dəstəyi lazımdır. Bu məsələni niyə həll edə bilmirik? Daha neçə illər gözləyək ki, bu dəyər zənciri yaradılsın? Ola bilməz ki, bizdə bu sahəni bilən mütəxəssis olmasın. Ola bilər ki, həmişə olduğu kimi iş başında bilənlər yox, qazanc tamahına önə çıxanlar var”.

  Deputat əlavə edib ki, bu sahədə ilk köməkliyi aidiyyəti qurumlar göstərməlidir:

 “İş adamlarına stimul və dövlət dəstəyi göstərmək lazımdır ki, onlar bunu etməyə həvəsli olsunlar. Bizneslərini itirməkdən qorxmasınlar, çəkinməsinlər ki, əllərindən alınar, ya da biri gəlib vəzifəsindən sui-istifadə edib ağır şərtlər qoyar. Keyfiyyətli trikotaj sahəsi qardaş Türkiyədə, Hindistanda, Vyetnamda, Banqladeşdə gözəl inkişaf edib. Banqladeş dünyanın az qala yarısının brendlərini tikir, hər dalanda bir tikiş fabriki var. Təklif edərdim ki, biz Banqladeşdən, Vyetnamdan, Pakistandan mütəxəssislər cəlb edək, gəlib fabrik qursunlar. Bu məsələ hökumət səviyyəsində bir daha müzakirə olunsun və biz əziyyətlə yetişdirdiyimiz pambıqdan öz brendlərimizi yaradaq və bazara çıxaraq”.