Benzinin bahalaşması qaçılmazdır


Ekspertlər hesab edir ki, vəziyyətdən bir çıxış yolu var

Aİ-95 markalı benzinin yerli istehsalı ilə bağlı işlər sürətləndirilməlidir

  Xarici ölkələrdən Azərbaycana idxal edilən Aİ-95 premium və Aİ-98 super markalı benzinin qiyməti növbəti dəfə bahalaşıb. Dəyişikliyə əsasən, Aİ-95 premium markalı benzinin satış qiyməti 1,60 manatdan 2 manata, Aİ-98 markalı benzinin satışı isə 2,30 manatadək yüksəlib. Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9 faizi Aİ-95 premium və Aİ-98 super markalı benzinin payına düşür. Rəsmi açıqlamaya görə, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir. 

Bahalaşmanın səbəbi kimi Azərbaycanda istehsal olunmayan bu yanacağın alış qiymətinin artması göstərilir. Azərbaycanda kütləvi istifadə olunan Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətində heç bir dəyişiklik olmayıb. Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti son dəfə 2021-ci ilin sentyabrında bahalaşıb. Vurğulamaq lazımdır ki, Aİ-95 benzinin qiyməti dövlət orqanı olan Tarif Şurası tərəfindən tənzimlənmir. Ölkəyə bu markalı benzin əsasən, SOCAR-ın törəmə şirkəti olan “SOCAR Petroleum” tərəfindən gətirilir. 

  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, Azərbaycan 9-cu ildir ki, Aİ-95 markalı benzin idxalçısıdır. Onun sözlərinə görə, insanların gəliri artdığı halda aşağı oktanlı benzin istehlakçılarının sayı kifayət qədər yüksəlib:

 “2021-ci ilin nəticələrinə görə, Azərbaycan 147,4 min ton benzinin idxalına 111 milyon 106 min dollar vəsait xərcləyib. 2022-ci ilin 4 ayının yekunlarına görə, Azərbaycan Aİ-95 markalı benzinin idxalını 35,8 faiz azaldıb. Çünki ölkədə tələbat aşağı düşüb. Yəni bu onun göstəricisidir ki, nə qədər istehlakçı 95 əvəzinə avtomobilinin çəninə 92 marka benzin tökməyə başlayıb. Ölkəyə daha çox “yaşlı” maşınlar gətirilməyə başlayıb. Yüksək oktanlı benzinin 40 qəpik artımı istehlakçılar arasında Aİ-92 markalı benzinə keçid meyillərini də yüksəldib. Hesab edirəm ki, KİV-lərdə avtomobillərin istismarı üzrə ixtisaslı mütəxəssislərlə bunun hansı şəraitdə mümkünlüyü, sonrakı fəsadları və sair hallarla bağlı nəlumatlar verilməlidir. 95 markalı benzinə hesablanmış mühərrik heç də varlıların sürdükləri avtomobillərdə olmur”. İ.Şaban bildirib ki, Aİ-95 markalı benzinin qiyməti sonuncu dəfə 2021-ci il sentyabrın 15-də artırılıb: “Həmin dövrdə neftin dünya bazarında qiyməti 73-75 dollar arasında dəyişirdi. Son on ay ərzində neftin qiyməti 50 faiz artıb. Bu da bahalaşmanı labüd edir. 2014-cü il aprelin 1-dən Azərbaycanda yüksək oktanlı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Belə olan halda benzinin qiymətinin sabit qalması təəccüblüdür. Reallıq ondan ibarətdir ki, qanunla olmasa da, dövlət qiyməti öz resursları hesabına tənzimləyib”. Ekspert bəyan edib ki, artıq Avropa ölkələri tamamilə Aİ-95 markalı benzindən istifadəyə keçib: “Azərbaycana gətirilən Çin avtomobilləri ilə bağlı da istehsalçılar Aİ-95 markalı benzindən istifadə tələbi qoyub. Yəni Aİ-92 markalı benzindən getdikcə imtina edilir”. İ.Şaban vəziyyətdən çıxış yolundan da danışıb: “Aİ-95 markalı benzinə kütləvi keçidi nəzərə alaraq, bu benzinin yerli istehsalı ilə bağlı işlər sürətləndirilməli, bu sahədə idxaldan asılılıq azaldılmalıdır. Bakı Neft Emalı Zavodunda uzun müddətdir ki, modernləşdirilməsi işləri aparılır. Bu işlər sürətləndirilməli, yüksək oktanlı benzinin yerli istehsalına başlanılmalıdır”.

  İqtisadçı Natiq Cəfərli də bildirib ki, premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Tarif Şurası bir neçə ildir ki, “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb: 

“Problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar. Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir. Əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik. SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diktə edir”.