Zəngilan hava limanının böyük iqtisadi səmərəsi olacaq

Bu, eyni zamanda Şərqi Zəngəzura daha çox turistlərin gəlməsinə şərait yaradacaq

  Zəngilanda yeni inşa edilən beynəlxalq hava limanına ZZE - yeni üçhərfli beynəlxalq kod təyin edilib. AZAL xəbər verir ki, müvafiq qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında qəbul edilib. Qurumdan bildirilib ki, Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir: “O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. 

Zəngilan hava limanına üçhərfli IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır”. Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə etməklə yaradılıb. Sərnişin və yük daşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovoğzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə istifadə olunur. Qeyd edək ki, Zəngilanda aeroportun inşasına ötən ilin yazında başlanılıb və bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər. Beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metrdir. Onun terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.

  Hava limanının əhəmiyyəti barədə “Şərq”ə danışan millət vəkili Vüqar Bayramov deyib ki, xarici dövlətlərin, xüsusən Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi inkişaf eyni zamanda hava nəqliyatının təkmilləşdirilməsi, beynəlxalq hava limanlarının istifadəyə verilməsindən asılıdır. Deputatın sözlərinə görə, nəzərə alaq ki, Zəngilan hava limanı həm həmin rayonun potensialının reallaşması, eyni zamanda Şərqi Zəngəzurun yaratdığı iqtisadi məhsulların ölkə və dünya bazarlarına çıxarılması baxımından vacibdir:

 “Bu, bir tərəfdən imkan verəcək ki, Şərqi Zəngəzurda yaranan dəyər digər ölkələrə ixrac oluna bilsin. Həmçinin, Şərqi Zəngəzura daha çox turistlərin gəlməsinə səbəb olacaq. Turizmin inkişafına xüsusi töhfə verəcəyinə şübhə yoxdur. Nəticə etibarı ilə ölkəyə valyuta daxil olmasını stimullaşdıracaq. Şərqi Zəngəzurun böyük  və fasiləsiz turizm potensialı var. Hava limanı həmin potensialın reallaşmasını sürətləndirəcək”.

  Parlament üzvü vurğulayıb ki, Zəngilan hava limanı Şərq-Qərb beynəlxalq hava dəhlizinə inteqrasiya olunacaq: 

“Bu da imkan verəcək ki, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmi artsın və dövlət gəlirləri çoxalsın. Ona görə də Zəngilan hava limanı bir yandan Azərbaycanın təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verməklə yanaşı, həm də iqtisadi baxımdan böyük önəm kəsb edir”.