Yeni strategiya çoxşaxəlidir

2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişiklikləri görəcəyik

  “Son illər ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılıb”. Bunu millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, ölkədə makroiqtisadi sabitlik təmin edilib: “Azərbaycan qlobal böhrandan ən az təsirlənən ölkələrdən birinə çevrilib. Dövlətimiz uğurlu iqtisadi və siyasi əsaslar üzərində inkişaf edərək postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. 

Bu da gələcək çağırışlara hazır olmaq üçün yeni hədəflərin müəyyənləşdirilməsini aktuallaşdırır. Məhz bu məqsədlə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub. Bu prioritetlərə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanıb. Cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilib. 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafa dair strategiyada sosial-iqtisadi həyatın müxtəlif sahələrində koordinasiyalı fəaliyyətin təmin olunmasının təşkili öz əksini tapıb. Nazirlər Kabineti qarşısında icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb”. 

  Parlament üzvü qeyd edib ki, bu strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq: 

“İqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq. Xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək. İqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcək. Yeni strategiya çoxşaxəlidir. Sosial iqtisadiyyat bütün sahələrin inkişafını özündə əks etdirir. Hesab edirəm ki, strategiyanın uğurla icrası ölkəmizin inkişafını keyfiyyətcə yeni mərhələyə daxil edəcək. Azərbaycan dünya ölkələri sırasında öz yerini möhkəmləndirəcək”.