Yaxın illər üçün yeni taxıl mənbələri tapılmalıdır


Çörəyin qiymətinin optimal olması üçün ən uyğun yol idxaldan asılılığın azaldılmasıdır

  Nazirlər Kabineti tərəfindən ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşib. Dövlət Ehtiyatları Agentliyi kabinetin müəyyənləşdirdiyi keyfiyyət standartlarına uyğun olan buğdanın hər tonuna 580 manat ödəyəcək. Məqsəd buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin genişləndirilməsidir. 

Bu, Prezidentin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının icrası çərçivəsində həyata keçirilən işlərin davamı kimi qiymətləndirilməlidir. 

Qeyd edək ki, son illər dövlət tərəfindən buğdanın alış qiymətində artımlar müşahidə olunur. Buğdanın hər tonuna görə dövlət fermerlərə son illər daha çox vəsait ödəyir. Ötən il ilə müqayisədə buğdanın dövlət alış qiyməti 14 faiz artırılır. 2021-ci ildə 1 ton buğdaya görə 500 manat ödənilirdi. 2020-ci ildə bu göstərici 380, pandemiyadan əvvəlki il isə 300 manat olub. Bütövlükdə, 2019-cu il ilə müqayisədə buğdanın dövlət alış qiyməti bu il 50 faizə yaxın artırılır.

  Millət vəkili Vüqar Bayramov bildirib ki, qərar fermerləri buğda istehsalına təşviqi məqsədi daşıdığı üçün bu, taxıl yetişdirilməsinə marağı daha da artıracaq. Deputatın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda strateji ərzaq və xüsusən taxıl ilə təminatda idxaldan asılılığın aradan qaldırılması daha da prioritetləşib: “Bu il müşahidə olunan qlobal buğda qıtlığının gələn il də davam edəcəyi gözlənilir. İxrac həcminə görə dünyada ilk beşliyə daxil olan Ukrayna fermerləri çox az ərazilərdə ilkin şumlama işləri apara bilib. Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir. Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 90 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz bahalaşmışdı”.

  Parlament üzvünün fikrincə, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır: 

“2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdədir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənilir. Son qərarın buğda ehtiyatlarımızın artırılmasına müsbət təsir edəcəyi gözlənilir. Bununla yanaşı, yaxın illər üçün yeni idxal mənbələrinin tapılması da çox vacibdir. Taxıl ehtiyatlarının artırılmasında digər məqsəd çörəyin qiymətini optimal saxlamaqdan ibarətdir. Dünya bazarında taxılın qiymətindəki artımlar idxal inflyasiyası yaradır. 

Nazirlər Kabineti isə anti-inflyasiya tədbirləri çərçivəsində dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmağa çalışır. Aydındır ki, çörəyin qiymətinin optimal olması üçün ən uyğun yol idxaldan asılılığın azaldılmasıdır. Bütövlükdə, subsidiyalar məbləği fonunda taxılın dövlət alış qiymətinin artırılması və hər il Nazirlər Kabineti tərəfindən tənzimlənməsi yerli istehsalın gücləndirilməsinə dəstək olacaq”.