Bəşəriyyət üç əsas ekoloji böhran - iqlim dəyişikliyi, təbiətin dağılması və məhvi, havanın, suyun və torpağın çirkləndirilməsi ilə qarşı-qarşıyadır. Bu ekoloji fəlakətləri önləmək və “yaşıl enerji”yə keçidi təyin etmək üçün dünya dövlətləri noyabrın 11-də Bakıda işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) toplaşdı.Konfrans ekoloji fəlakətlərin qarşısını almaq üçün gələcək addımları, yeni hədəf və mexanizmləri müəyyən etməlidir.
Bu kontekstdə COP29 sammiti 1997-ci ildə COP3 zamanı tullantıların azaldılması üzrə könüllü öhdəliklər məsələsini qaldıran və istixana qazları emissiyalarının məhdudlaşdırılmasını nəzərdə tutan Kioto Protokolu və 2015-ci ildə COP21 zamanı iqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq hədəfini müəyyənləşdirən Paris İqlim Sazişi ilə müqayisədə daha ambisiyalı nəticələr verə bilər. Çünki həmin sazişlərin bəzi bəndləri indiyədək ümumiyyətlə icra olunmayıb, digərlərinin isə yenilənməsinə ehtiyac var.Məsələn, 2009-cu ildə Kopenhagen şəhərində keçirilən COP15 zamanı həmin vaxt ABŞ dövlət katibi postunu tutan Hillari Klinton inkişaf etmiş ölkələrin 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlim adaptasiyası üçün 100 milyard dollar ayıracağını vəd etmişdi. Lakin bu məqsədə yalnız 2023-cü ildə böyük çətinliklə çatmaq mümkün oldu.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatında qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı sərmayələr indidən 2030-cu ilə qədər 4-8 dəfə artırılmalı və ildə təqribən 2-3 trilyon dollara çatmalıdır. Digər yandan, BMT inkişaf etməkdə olan ölkələrə iqlim adaptasiyası və “yaşıl enerji”yə keçiddə kömək üçün 2030-cu ilə qədər 6 trilyon dollara qədər vəsait tələb olunduğunu bildirib.
Lakin problem ondan ibarətdir ki, qlobal iqlim dəyişikliyində əsas pay sahibi olan inkişaf etmiş ölkələr bu məsuliyyəti digər ölkələrlə bərabər bölüşməyə, baş verənlərdən əziyyət çəkən ölkələrə dəstəyi maksimum azaltmağa çalışır. Halbuki, inkişaf etmiş ölkələrin sakinləri az inkişaf etmiş ölkə sakinlərdən 6 dəfə daha çox material istifadə edir və iqlimə 10 dəfə çox təsir göstərir. İnkişaf etmiş ölkələrin sənaye inqilabından sonra ağır sənayesi vasitəsilə atmosferi çirkləndirməsi, təbii sərvətləri istismar etməsi və tullantıları təbiətə atması faktına qarşılıq heç bir istehsal sənayesi olmayan ölkələrlə iqlim dəyişikliyin fəsadlarını birlikdə bölüşmək cəhdi bu baxımdan absurd sayılmalıdır.Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır. Bəs bu hədəfə nail olmaq mümkündür? Maliyyə töhvəsini artırmaq üçün hansı tədbirlər görülməlidir? Bu nüans dünya iqtisadiyyatına necə təsir edəcək?
Məsələni dəyərləndirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Dünya Bankının belə bir bəyanat verməsi kifayət qədər ciddi məqamdır:
"İqlim Dəyişiklikləri, Yaşıl İqlim Fondlarını daha təkminləşdirmək və onların maliyyələşməsinin əsas bazalarını müəyyən etmək vacib olan nüanslardan biridir. COP29 tədbirinin əsas məqsədi iqlimin dostu layihələri üçün sərfəli faizlərlə kreditlərin ayrılmasıdır. Buna görə, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin bir sıra maliyyə alətlərindən istifadə oluna bilər. Beləki əksər dövlətlər iqlimə mənfi təsir edən sənaye sektorlarına qarşı müəyyən vergi siyasəti tətbiq etməklə, eyni zamanda, yaşıllaşma, bərpa olunan enerji sahələrinə subsidiya verərək vəsaitlərini iqlim layihələrinə yönəldə bilərlər. İqlim dəyişikliklərinə qarşı mübarizənin effektivliyini dövlətlərin və beynəlxalq təşkilatların siyasi iradəsindən asılı olaraq inkişaf etdirmək mümkündür. Burada əsas məqam Amerika Birləşmiş Ştatları və Çinin razılığa gəlməsidir. Çünki həmin iki dünya nəhəngi qlobal iqlim maliyyəsinin artırılmasında mühüm rol oynayır. Həmçinin, onlar Beynəlxalq maliyyə bazarları xüsusi ilə qlobal iqlim maliyyələşməsinin hədəfə çatmasında mühüm rol oynayacaq. Konfransın qarşısında yaşıl istiqrazların dövriyyəsinin genişləndirilməsi kimi hədəflər var. Karbon vergilərinin artırılması da ən çox müzakirə edilən mövzulardan biridir. Yaşıl iqtisadiyyatın inkişafı, yeni texnologiyalar, bərpa olunan enerji mənbələrinin və ekoloji cəhətdən təmiz istehsal metodlarının tətbiqi təşviq olunmalıdır. Buna nail olmaq üçün isə böyük investisiyaların qoyulmasına ehtiyac yaranır. Nəticə etibarı ilə COP29-un İqlim maliyyələşməsi hədəfləri üzrə tarixi razılaşma əldə etməsi gözləniləndir. Bu, çox geniş çərçivə, əhatəli işin icrasını tələb edir. Əgər belə razılaşma Çin və ABŞ tərəfindən ratifikasiya olunaraq əldə edilərsə, planetimiz adına tarixi hadisə baş verəcək. Dünya bankının verdiyi 170 milyardlıq investisiya COP29-un tarixi əhəmiyyətini artırır. Lakin qarşıda böyük hədəflər mövcuddur. Ümid edirik ki, tədbirin sonunda vacib birgə bəyanat qəbul olunacaq".