Ermənicə lüğətin müəllifi: “Düşmənin dilini bilmədən ona qalib gəlmək çətindir” - MÜSAHİBƏ



İsmayıl Tanrıverdi: “Erməni dilini öyrənənlərə ikrahla yanaşırdılar. Ancaq indi düşmənin dilinə maraq artıb”



Azərbaycanda ilk dəfə olaraq ölkədə ermənicə-azərbaycanca lüğət işıq üzü görüb. Bu barədə lüğətin müəlliflərindən biri olan BDU- nun Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi sosial şəbəkədə məlumat verib. 

O, bildirib ki, Srateji Kommunikasiyalar Mərkəzinin sifarişi ilə hazırlanan lüğət 979 səhifədən və 74000 söz birləşməsindən ibarətdir. 

Sherg.az saytı olaraq lüğətin ərsəyə gəlməsi və erməni dilinin tədrisi ilə bağlı daha ətraflı məlumat almaq üçün İsmayıl müəllimlə əlaqə saxladıq. 

-İsmayıl müəllim, necə oldu ki, belə bir təşəbbüsü həyata keçirdiniz?

- Bu lüğətə çoxdan ehtiyac var idi. Hələ 2012-ci ildən, yəni BDU-da erməni dili tədris olunandan mən demişdim ki, belə bir kitab hazırlanmalıdır. Təxminən üç il əvvəl respublikadakı bütün ermənişünasları Prezident Adminstrasiyasına dəvət etdilər. Bu ideya orda müzakirə olundu. Cəmi dörd nəfər - mən, müavinim Səbuhi Əhmədov və tələbələrimiz Şəhla Hüseynova, Yaqut Alıyeva ilə birlikdə işə başladıq. Sonradan isə işin biz düşündüyümüzdən də çətin və böyükmiqyaslı olduğunu görüb, digər mütəxəssisləri də layihəyə cəlb etdik. Xeyli iş gördük. Nəhayət, bir neçə gün əvvəl lüğət çapdan çıxdı. 

-Lüğətə münasibət necə oldu? 

-Lüğəti elə qurum nəşr etdi ki, bu, ictimaiyyət tərəfindən birmənalı qarşılandı. Hətta erməni mətbuatı özü də bu barədə yazdı. Ermənistanın ən populyar qəzetində lüğətlə bağlı dərc edilən yazıda belə bir fikir var idi: “Qardaşlar, ehtiyatlı olun, düşmən bizim dili öyrənir”. Onlar özləri də ilk dəfə olaraq boyunlarına alırlar ki, bizdən geri qalırlar. 

-Ümumiyyətlə, ölkədə hazırda erməni dilinə münasibət necədir?

-Əvvəllər birmənalı deyildi. Erməni dilini öyrənənlərə ikrahla yanaşırdılar. Ancaq indi düşmənin dilinə maraq artıb. İnsanlar da başa düşürlər ki, düşmənin dilini bilmədən ona qalib gəlmək çətindir. Düşmən bizim haqqımızda nə istədi yazır, biz isə dili bilmədiyimizə görə cavab verə bilmirik. Bu, çox pisdir. Tədricən insanlar, xüsusilə gənclər bu dilə maraq göstərirlər. Təəssüflər olsun ki, ixtisaslı kadr kifayət qədər çox deyil. Gələcəkdə bu dili bilən mütəxəssislərin sayı daha da artmalıdır. 

-Kitabın təqdimatının keçirilməsi planlaşdırılırmı?

-Universitetdə təqdimatı keçiriləcək. Ancaq Srateji Kommunikasiyalar Mərkəzindən hələ heç nə deyilməyib.