"Proses çox ləng gedir"

Toğrul İsmayıl: "Qarabağda Ermənistan silahlı birləşmələrinin varlığına son qoyulmalıdır"

"Durumun həssaslığının fərqindəyik, rəsmi Bakının mövqeyini də başa düşürük. Amma elə məqamlar var ki, gecikmədən, dərhal sərt reaksiya vermək lazımdır"

Ermənistan tərəfinin sərhəddə təxribatları artmaqdadır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni quldurları da təxribatlar törətməkdədir. İyulun 6-da qanunsuz erməni silahlıları Ağdam rayonunda yerləşən bölmələrimizi atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində hərbi qulluqçumuz, baş gizir Sakit Dadaşov yaralanıb. Rusiyanın Müdafiə Nazirliyi isə bəyanat yayıb ki, “Dağlıq Qarabağda bütün təmas xətti boyu atəşkəs rejiminə riayət olunur”. İyulun 7-də Ermənistan silahlı qüvvələri sərhəddə növbəti təxribata əl atıblar. Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub. Xatırladaq ki, erməni tərəfi bundan öncə sərhədin Kəlbəcər və Tovuz rayonları istiqamətlərində Ordumuzun bölmələrini atəşə məruz qoymuşdu. Qarabağ ətrafında və Cənubi Qafqaz regionunda baş verənlərlə bağlı “Şərq”in budəfəki müsahibi Türkiyədə yaşayan həmyerlimiz, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıldır.

 - Toğrul bəy, erməni təxribatlarının artmasının səbəbi nədir, bölgədə vəziyyəti gərginləşdirmək niyyətində olanlar kimlərdir? Xüsusən, Qarabağdakı erməni separatçılarının Ağdamı atəşə tutmasına münasibətiniz necədir?

 - Azərbaycan Müdafiə Nazirliyi baş vermiş insidentlə bağlı dərhal Türkiyə-Rusiya Monitorinq Mərkəzini məlumatlandırdı. Çox təəssüf edirəm ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Ağdamda baş vermiş ciddi hadisə ilə bağlı heç bir xəbər yer almadı. Rusiya özü üçün propoqanda xarakterli oyun oynadı. İddia etdi ki, guya, ciddi heç nə olmayıb, hər şey rus sülhməramlılarının nəzarəti altındadır və s. Amma unutmayaq ki, sülhməramlıların birinci missiyası istənilən təxribatı önləmək, bu cür hadisələrin baş verməsinin qarşısını almaqdır. Qarabağda Ermənistan silahlı birləşmələrinin varlığına son qoyulmalıdır. Bu proses çox ləng gedir. Halbuki, 10 noyabr üçtərəfli sazişdə açıqca vurğulanır ki, Rusiya sülhməramlıları Qarabağdakı erməni silahlılarının bölgəni tərk etməsinə paralel olaraq orada yerləşməliydi. Ruslar Qarabağda müşahidə məntəqələri, postlar qurublar, amma erməni separatçıları ortalıqda sərbəst gəzişir. Məhkəmədə ifadə verən erməni diversantlar etiraf edirlər ki, onların bölgədə silahlı gəzib-dolaşmasına, Azərbaycan ərazisinə keçməsinə şərait yaradanlar rus sülhməramlıları olub. Ağdamda baş verən hadisə xoşagəlməz hadisədir və bunun birbaşa məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə düşür. Çünki məhz sülhməramlıların nəzarət etdiyi ərazilərdən Azərbaycan Ordusunun mövqeyi atəşə tutulub və nəticədə bir hərbçimiz yaralanıb. 

 - Bəzi analitiklər bəyan edirlər ki, sərhədlər müəyyən olunandan sonra provokasiyalar olmayacaq. Sizcə, təxribatlar nə zamanadək davam edəcək?

 - Ermənilərin yanaşmasını və proseslərə münasibətini nəzərə alsaq, təxribatlar hər zaman olacaq. Sülh və sabitlik düşüncəsində olmayan ermənilər və onların arxasındakı güclər istənilən an terrora, təxribata əl ataraq regionda gərginliyi artırmağa çalışa bilərlər. Bu, qaçılmazdır. Bütün məsuliyyət Moskvanın üzərindədir. Rusiya öz öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir. 

 - Rusiya sülhməramlılarından narazılıq və şikayətlər çoxdur. Sizcə, Kremlin Cənubi Qafqaza sülh gətirmək niyyəti varmı? 

 - Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, Rusiya sülhməramlıları imzaladıqları sənəddən irəli gələn şərtlərə əməl etmirlər. Erməniləri silahsızlaşdırmaq əvəzinə özlərinə aid olmayan məsələlərlə baş qoşurlar. Ruslar erməniləri Qarabağa daşımaqla, onların sayını süni şəkildə artırmaqla məşğuldurlar. Əslində bu fəaliyyətin özü problemlidir. Üçtərəfli sazişə əsasən, qaçqınların Xankəndi və ətraf rayonlara qaytarılması prosesi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iştirakı ilə həyata keçirilməlidir. Rusiya sülhməramlıları Qarabağı tez zamanda “erməniləşdirmək” üçün ciddi canfəşanlıq edirlər. Bunun əsas səbəbi bölgədə uzun müddət qalmağa zəmin yaratmaqdır. Ancaq sülhməramlılar üzərinə götürdükləri missiyanı doğru-dürüst yerinə yetirməzsə, 5 il ərzində səlahiyyətlərinə uyğun işlər görməzsə, müqavilə qüvvədən düşə bilər. Durumun həssaslığının fərqindəyik, rəsmi Bakının mövqeyini də başa düşürük. Amma elə məqamlar var ki, gecikmədən, dərhal sərt reaksiya vermək lazımdır. Əslində, 10 noyabr üçtərəfli Bəyanatı da kəskin mövqe nümayiş etdirməyimizə imkan verir.

 - 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının icra prosesi sizi qane edirmi?

 - Proseslər kifayət qədər ləng gedir. Düzdür, müəyyən addımlar atılır, müzakirələr aparılır. Amma ümumi gedişat arzulanan səviyyədə deyil və sadəcə məni yox, Azərbaycan ictimaiyyətini də qane etmir. Bunun obyektiv və subyektiv səbəbləri var. Əsas səbəblərdən biri Rusiya sülhməramlılarının etiraz doğuran, problem yaradan davranışları, 10 noyabr üçtərəfli sazişinə uyğun olmayan addım atmasıdır. Digər mühüm əngəllərdən biri isə Ermənistanın tutduğu aqressiv, qeyri-konstruktiv mövqedir. Hazırda üçtərəfli bəyanatın şərtlərinə, sadəcə, Azərbaycan tərəfi əməl edir. Amma bu saziş təktərəfli imzalanmayıb, burada Rusiya və Ermənistan rəhbərliklərinin də imzası var. Ona görə də Moskva və İrəvan qarşısında sazişlərə ciddi şəkildə əməl etmək tələbi təkrarlanmalı, müharibə təhlükəsi yenidən xatırladılmalıdır.  

 - Artıq üç rayonun minalanmış xəritəsi ermənilərdən alınıb və əvəzində erməni diversantlar qaytarılıb. Fərqli mülahizələrə səbəb olan bu məsələ barədə düşüncəniz nədir? 

 - Minalanmış əraziləri əks etdirən xəritələrin Ermənistandan alınması ağır prosesdir. Şükürlər olsun ki, proses artıq başlayıb və nəticələr var. Üç rayonun minalanmış xəritəsinin alınması müqabilində erməni diversantların təhvil verilməsi normal haldır. Dünyada qarşılığı olan bir mübadilədir. Onsuz da erməni diversantlara görə rəsmi Bakı üzərində təzyiqlər var. Azərbaycan tərəfi Qərbin təzyiqlərini öz lehinə çevirmək istəyir və bunu bacarır. İlk xəritə-erməni diversant mübadiləsi ABŞ və Gürcüstan vasitəçiliyi ilə reallaşdı. Bu, çox maraqlı məqam idi. Cənubi Qafqaz bölgəsi ABŞ və Avropa ölkələrinin də maraq dairəsindədir. Bölgədə “sülhməramlı” missiyasını həyata keçirən Rusiya minaların alınmasında o qədər istəkli görünmür. O baxımdan ilk addım kimi Qərb ölkələrinin bu cür təşəbbüsü çox vacib idi. Könül istərdi ki, Ermənistan vasitəçilərə ehtiyac duymadan, hansısa şərt qoşmadan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verərdi. Amma ermənilərin uzun illər ərzində formalaşmış psixoloji düşmənçilik və aqressiv mövqeyi bu məsələni ləngidir. Rusiya kənarda qalmamaq üçün təşəbbüsü öz əlinə aldı və ikinci mübadilə baş tutdu. Moskva ən azından anladı ki, üçtərəfli sazişə əməl etmək məcburiyyətindədir. Həm də Kreml “bölgədə mən də varam” mesajını verdi. Sirr deyil ki, Rusiya Cənubi Qafqaza Qərb ölkələrinin nüfuz etməsində heç də maraqlı deyil. Əslində bu məsələdə fərqli mülahizələrin olması normaldır. Adətən, beynəlxalq hüquqi prosedurlardan xəbərsiz oluruq. Həm də bir az informasiya qıtlığı müşahidə olunmaqdadır. Belə hadisələr zamanı rəsmi qurumların ictimaiyyəti daha operativ və dolğun məlumatlandırması çox önəmlidir. Çünki belə mübadilələr dünya praktikasında mövcuddur.

 - Ermənilərdən alınan xəritələrlə bağlı ictimaiyyətdə birmənalı fikir yoxdur. Əksəriyyət xəritələrin doğruluğuna inanmır. Xəritələrdə yanlışlıq mümkündürmü? 

 - Qarabağ ərazisi 28 il işğal altında olub və bölgənin demək olar ki, böyük hissəsi minalanıb. Ola bilsin, müəyyən ərazilərin minalanması tam sistemləşdirilməyib və xəritələr təşkil olunmayıb. O da bəllidir ki, ermənilər geri çəkilərkən, o cümlədən verilən vaxt ərzində əraziləri tərk edərkən xeyli mina basdırıblar. Böyük ehtimal minaları necə gəldi yerləşdiriblər. Xeyli tələ minalardan da istifadə olunub ki, ermənilər onların yerini bildirmək istəməzlər. Bütün hallarda xəritələrin alınmasının özü ərazinin minalanmış olması yönündə ciddi dəlil-subut və erməni işğalçılığının etirafıdır. Ermənistanın siyasi riyakarlığı, düşmən münasibəti ortadadır. Məğlubiyyətinə baxmayaraq, hələ də cığallıqdan əl çəkmir. Rusiya, Fransa və başqa ölkələrə şikayət edir. Uzun illər yalançı, böhtançı, təcavüzkar siyasət yeritməsi Ermənistana haqlı olaraq Azərbaycan cəmiyyətində inamsızlıq yaradır. Hətta sülh müqaviləsindən sonra belə ermənilərə nə qədər güvəniləcəyi məsələsi qaranlıqdır. Ermənilər sadəcə Azərbaycan torpaqlarını işğal etməmişdilər, eyni zamanda bizə məxsus tarixi, mədəniyyəti də oğurlayaraq öz adlarına çıxmışdılar. Bu cür saxtakar topluma güvən duymamaq təbiidir.