"Açıq demək lazımdır"

"Ermənistan məğlub olsa da, Moskvanın müdaxiləsi ilə proses yarımçıq qaldı"

Toğrul İsmayıl: "Əl-qolumuzu sallayıb boş dura bilmərik. Çox ciddi siyasi-hərbi və diplomatik addımların atılmasına ehtiyac var"

Çox vətənpərvər, təcrübəli və işlərini bilən insanların Şuşada məsul vəzifələrə təyin olunması məni qürurlandırdı


Son günlər Qarabağ ətrafında baş verən hadisələri, Rusiya və Ermənistanın sərgilədiyi mövqeyi, torpaqlarımızda müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları ilə bağlı cərəyan edən prosesləri Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, “Sütçü İman” Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayılın baxışları ilə çözməyə çalışdıq. Müsahibimiz “Şərq”ə açıqlamasında suallarımızı ətraflı cavablandırdı.

 - Toğrul bəy, bölgədə yenidən gərgin proseslər müşahidə olunur. Ermənistan rəhbərliyi qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Sizcə, İrəvanın sərgilədiyi mövqe fonunda proseslər hansı yöndə inkişaf edəcək? 

 - 44 günlük müharibə Azərbaycan torpaqlarının böyük əksəriyyətinin işğaldan azad olunması ilə nəticələnsə də, problemin tam həllinə gətirib çıxarmadı. Bunun səbəbləri bəllidir. Rusiya sülhməramlılarının tələsik Qarabağa daxil olması suverenliyimizin bütün ərazilərdə bərpa olunmasına və erməni separatçılarının bölgədən tamamilə təmizlənməsinə imkan vermədi. Gözlənilən o idi ki, üçtərəfli sazişdən qısa zaman sonra tərəflər arasında həlledici sülhə nail olunacaq. Amma həm Ermənistan, həm də Rusiya müxtəlif bəhanələrlə prosesi yubatmağa, sülhə gedən yolu daraltmağa çalışdılar. Ermənistan daxilindəki siyasi proseslər də olduqca təlatümlüdür. Əvvəlcə seçkiləri bəhanə edirdilər ki, hökumət formalaşsın, sonra müzakirələrə başlasınlar. Seçkidən xeyli vaxt ötsə də, dəyişən şey yoxdur. Çünki erməni ordusu ilə Paşinyan hökuməti arasında qarşıdurma var. Ölkədə revanşist əhval-ruhiyyə hələ güclüdür. Dünya təcrübəsi göstərir ki, istənilən münaqişədə prosesin konkret bir tərəfin lehinə olması üçün qarşı tərəfin tamamilə uduzması, çökməsi şərtdir. Ermənistan məğlub olsa da, Moskvanın müdaxiləsi ilə tam məhv edilmədi, proses yarımçıq qaldı. İrəvan yaxşı bilir ki, Azərbaycanın əsas məsələsi Qarabağdır. Ona görə müxtəlif üsullarla beynəlxalq gücləri Qarabağdakı proseslərə cəlb etməyə çalışır. Yavaş-yavaş olsa da, proseslər rəsmi Bakının xeyrinə cərəyan edəcək. Ermənistan nə qədər qeyri-konstruktiv mövqe sərgiləsə də, nəhayət, yekun sülhə imza atmaq məcburiyyətində qalacaq. Pafoslu görünsə də, bu, reallıqdır. İrəvanın başqa çıxış yolu yoxdur. Amma son nəticənin arzuladığımız kimi olmağını istəyiriksə, əl-qolumuzu sallayıb boş dura bilmərik. Çox ciddi siyasi-hərbi və diplomatik addımların atılmasına ehtiyac var. 

 - Mütəmadi haqlı tənqidə məruz qalan əsas tərəflərdən biri Rusiya və rus sülhməramlılarıdır. Moskva niyə imza atdığı üçtərəfli bəyanatdan irəli gələn öhdəliyi yerinə yetirmir?  

  - Rusiyanın öz maraqları, Cənubi Qafqazla bağlı planları var. Moskva bölgəni tərk etmək, buradan kənarlaşmaq fikrindən çox uzaqdır. Maraqlıdır ki, Rusiya sülhməramlılarının komandanı, general Rüstəm Muradov Ermənistan müdafiə naziri ilə görüşsə də, Azərbaycan rəsmiləri tərəfindən qəbul edilmədi. Onunla hər hansı vida görüşü təşkil olunmadı. Əslində bu faktın özü rəsmi Bakının rus sülhməramlılarının fəaliyyətindən nə qədər narazı olduğunu göstərir. Azərbaycan normal diplomatik üslubla öz etirazını bildirdi. Sülhməramlılarla, o cümlədən Rusiya ilə bağlı əsas narazılıq odur ki, rus qoşunlarının Qarabağa girməsiylə paralel qanunsuz erməni silahlıları tərksilah olunmalı, bölgəni tərk etməliydilər. Ancaq biz nəinki bunun şahidi olduq, əksinə, sülhməramlılar zamanla separatçıları himayə edən əsas gücə çevrildi. Muradov qondarma rejimin təmsilçiləri ilə görüşdü, müzakirələr apardı və s. Separatçılara açıq dəstək vermək, Ermənistanı silahlandırmaq ilk növbədə Rusiyanın öz nüfuzuna zərbə vurur. Azərbaycan istədiyi an rus sülhməramlılarını ölkə ərazisindən çıxarma haqqına sahibdir. Rusiyanın erməni terrorçularını dəstəkləməsi bu prosesi ancaq sürətləndirə bilər. Bilirsiz, sülhməramlılar son anda erməniləri xilas etmək üçün o qədər sürətlə Qarabağa daxil oldular ki, onların mandatını, statusunu müəyyən etməyə imkan olmadı. Düşünürəm ki, sülhməramlıların statusu tezliklə müəyyən olunmalıdır ki, özlərini geniş səlahiyyətli zənn edərək başqa fəaliyyətlə məşğul olmasınlar. 

 - Separatçılar tərəfindən girov götürülən əsgərimiz Cəmil Babayev 2 erməni girovla dəyişdirildi. Lakin bəlli oldu ki, C.Babayev İrəvana aparılıb və oradan gətirilərək Azərbaycana təhvil verilib. Separatçıların əlindən alınan hərbçimiz birbaşa Bakıya gətirilə bilməzdimi?

 - Rusiya əsir mübadiləsində Ermənistanın əlini gücləndirmək üçün İrəvana şərait yaradıb. Bunu açıq demək lazımdır. Məhz ona görə Rusiya sülhməramlıları Ağdərədə separatçıların girov götürdüyü hərbçimiz Cəmil Babayevi Bakıya yox, İrəvana aparıblar. Moskva Ermənistanın yanında olduğunu gizlətmir və hər fürsətdə bunu büruzə verir. Kreml köhnə stereotiplərdən əl çəkmir. Moskva regionun güclü dövləti Azərbaycanla səmimi əməkdaşlıq etmək əvəzinə, hərbi bazasının yerləşdiyi vassal, zəif və gücsüz Ermənistana daha çox önəm verir. 

 - Ümumiyyətlə, yaxın perspektivdə Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması mümkündürmü? 

 - Azərbaycan-Ermənistan arasında əvvəl-axır sülh müqaviləsi imzalanacaq. Ancaq bu məsələdə əsas fiqur Rusiyadır və müqavilənin tezliklə imzalanması Moskvadan asılıdır. Əslində prosesin yubanması Azərbaycan üçün ciddi problem sayılmır. Rusiya və Ermənistanı çox yaxşı tanıyan rəsmi Bakı fərqindədir ki, hətta yekun sülh olsa belə İrəvan öz provokasiyalarından və Moskva onlara dəstək verməkdən vaz keçməyəcək. Hansısa sülh anlaşması Ermənistanın süni dövlət olma reallığını, Rusiyadan asılılığını ortadan qaldırmayacaq. Yekun sülh razılaşmasına hər üç ölkənin imza atması bölgədə qalıcı sülh və əminamanlıq olacaq anlamına gəlmir. İstənilən halda hər şey Rusiyanın Ermənistanı bu yöndə təşviq etməsindən asılıdır. İrəvanın sülhə şərt qoşması üçün əlində heç nə yoxdur. İndiki durumu çox acınacaqlıdır. 

 - Ermənistan-Türkiyə sərhədlərinin açılması da müzakirə olunmaqdadır. Bu yöndə Paşinyanın, Türkiyə lideri Ərdoğanın da açıqlamaları yayıldı. Sərhədlərin açılması Ankaranın İrəvan üzərində təsirini formalaşdıra bilərmi? 

 - Türkiyə 1993-cü ildə Ermənistanın işğalçılıq siyasətinə cavab olaraq bu ölkə ilə sərhədlərini qapatdı və bütün diplomatik münasibətləri kəsdi. Uzun illər Ermənistan-Türkiyə sərhədlərinin açılması üçün Qərb ölkələri, ABŞ Ankaraya təzyiqlər edib. 2003-cü ildə Sürixdə Türkiyə-Ermənistan arasında sərhədlərin açılması ilə bağlı bir sıra protokollara imza atılsa da, fiaskoya uğradı. Çünki Ermənistan tərəfi öz işğalçılıq missiyasından vaz keçmədi. İndi İrəvan üçün şans yaranıb. Müharibədən sonra Azərbaycan və Türkiyənin Ermənistana əməkdaşlıq təklifi etməsi ermənilər üçün böyük fürsətdir. Ermənistan qarşısında qoyulan yeganə şərt ərazi iddialarından imtina etmək və normal qonşuluq, əməkdaşlıq prinsiplərinə sadiq qalmaqdır. Moskva da bu məsələyə dəstək verməyə hazır olduğunu dilə gətirir. Rusiyanın hansı yöndə dəstək verəcəyi ayrı müzakirə mövzusudur. Sərhədlərin açılması ilk növbədə Ermənistan iqtisadiyyatının dirçəlməsi anlamına gəlir. Rusiyanı narahat edən əsas məqam odur ki, güclü iqtisadi gücə malik Türkiyənin Ermənistanla əməkdaşlığı Ankaranın İrəvan üzərində təsir imkanını artıra bilər. O səbəbdən inanmıram ki, Kreml bunun tezliklə reallaşmasına şərait yaratsın. Görürsüz, sərhədlərin açılması gündəmə gələn kimi dərhal Ermənistan daxilindəki revanşist güclər dərhal hərəkətə keçirlər. 

 - Şuşa şəhərinə səfər etdiniz. Önəmli səfərlə bağlı təəssüratlarınızı öyrənmək istərdik. Hansı hisslər keçirdiniz, sizi ən çox təsirləndirən nə oldu?

 - Əvvəlcə bu möhtəşəm səfəri yüksək səviyyədə təşkil etdiklərinə görə Diaspora Komitəsinə öz təşəkkürümü bildirirəm. Qismət oldu, şərait yaratdılar, Şuşaya getdik, Cıdır düzünü gəzdik, qısa müddətdə görülən işlərlə tanış olduq. İşğaldan əvvəl də Qarabağda olmuşdum. Budəfəki səfərimizdə həm işğalın izlərini gördük, həm də yenidənqurma prosesini izlədik. Yolboyu dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimizi görmək çox üzücü idi. Zəfər yolu ilə Şuşaya səfər əsnasında relyefin nə qədər mürəkkəb olduğuna bir daha şahidlik etdik. Qəhrəman ordumuzun, igid əsgərlərimizin, qazilərimizin, canını Vətən uğrunda fəda etmiş şəhidlərimizin əziz ruhu qarşısında baş əydik. Şuşa kimi bir şəhərin yalın əllə düşmən işğalından azad edilməsi əsl möcüzədir. Ermənilər Şuşada da vandallıq törətmişdilər. Xüsusən tarixi abidələri məhv etmişdilər. Qədim türk tarixi və islam mədəniyyətinin izlərini silməyə çalışmışdılar. Amma istər Şuşada, istərsə də digər işğaldan azad olunmuş rayonlarımızda sürətli bərpa işləri aparılır. Qısa müddətdə bu qədər böyük işin görülməsi həqiqətən ciddi uğurdur. Səfər əsnasında Prezidentin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimovla və polis rəisi ilə görüşlərim oldu. Çox vətənpərvər, təcrübəli və işlərini bilən insanların Şuşada məsul vəzifələrə təyin olunması məni qürurlandırdı. Belə şəxslərin orada olması mühümdür. Çünki erməni tərəfinin təxribatları davam edir. Biz Şuşanı tərk etmədən bir gün qabaq erməni silahlıları tərəfindən Şuşada ordu birləşmələrimiz növbəti dəfə atəşə məruz qalmışdı. Əlbəttə, düşmənin bütün təxribatlarına layiqli cavab verilir və veriləcək. Qarabağda görülən işlər bir daha sübut edir ki, o torpaqlar bizə məxsusdur, sahibləri bizik. Əmin olun ki, çox yaxın müddətdə doğma yurdlarından uzaq düşmüş bütün vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar. Bunu gözümlə gördüklərimə əsasən deyirəm.