"Quru bəyanatlarla heç nəyə nail ola bilməzlər"

Yaqub Məmmədov: "Gec-tez məcbur olub rəsmi Bakının diktə etdiyi şərtlərə boyun əyəcəklər"

"Məsləhət bilinəndə Qarabağa gedəcəm. Yoxsa oturum maşına birbaşa Qarabağa gedim, elə şey olmaz axı. Hər şeyin qaydası var"


“Şərq” qəzetinin budəfəki həmsöhbəti Milli Məclisin sabiq sədri, 1992-ci ildə qısa müddət Prezident səlahiyyətlərini icra etmiş tibb elmləri doktoru, professor Yaqub Məmmədov oldu. Hazırda ali məktəbdə dərs deyən Y.Məmmədov daha çox elmi-pedaqoji yaradıcılıqla məşğuldur. Özünün dediyinə görə, imkan edəndə ölkədə və dünyada gedən siyasi-ictimai proseslərdən də xəbər tutur. 

 - Yaqub müəllim, işğaldan azad edilmiş rayonlarımıza səfərlər təşkil olunur. Qarabağa nə zaman getməyi düşünürsüz? 

 - Əlbəttə, hamı kimi mən də işğaldan sonra Qarabağımızı görmək arzusundayam. Qismət olsa gedəcəm təbii ki. Bunu kim istəməz? 

 - Səfərlə bağlı kiməsə, hansısa quruma müraciət etmisinizmi? 

 - Yox, heç hara müraciət etməmişəm. İndi Qarabağa gediş-gəliş məhduddur, müəyyən icazələr lazımdır. Hələ gözləyirəm. Hazırda işğaldan azad olunmuş rayonlarımızda bərpa, quruculuq işləri gedir, yollar çəkilir. Həm də minalı ərazilər var ki, orada təmizləmə işləri aparılır. Yəni qarışıqlıqdı. Dövlətin qanunları çərçivəsində nə zaman məsləhət bilinəcəksə, o vaxt getməyi düşünürəm. Yoxsa oturum maşına birbaşa Qarabağa gedim, elə şey olmaz axı. Hər şeyin qaydası var.

 - İlk səfəri hansı rayona etmək istərdiniz

 - Şuşaya getmək istərdim. Təbii ki, bütün rayonlar bizim üçün dəyərlidir, doğma torpaqlarımızdır. Ağdama, Qarabağın hər yerinə baş çəkmək istərdim. Görün, erməni vandalları rayonlarımızı nə günə qoyublar, şəhər və kəndləri yerlə-yeksan ediblər. Heç birini unutmamalıyıq. Ermənilərin vəhşiliyi, düşmənçiliyi tarix boyu xatirimizdə qalmalıdır. Onların bizə etdiyi pisliyi yaddan çıxartmamalıyıq. Digər tərəfdən isə işğaldan azad edilmiş rayonlarımızda aparılan bərpa işlərinə baxaraq, qürurlanmalıyıq, sevinməliyik. 

 - İllərdir yurd həsrəti çəkən insanlarımızı tezliklə öz torpaqlarına qaytarmaq mümkün olacaqmı? 

 - Əgər işlər belə sürətlə gedərsə, çox yaxın zamanda vətəndaşlarımızı Qarabağa köçürə bilərik. Çünki bu işin başında birbaşa dövlət başçısı İlham Əliyev durur. Görürsüz, özü şəxsən tez-tez səfər edir, işlərlə maraqlanır, təməlqoyma mərasimində iştirak edir. Deməli, hər şey ölkə rəhbərinin diqqət mərkəzindədir. Yaxın aylarda Böyük Qayıdışa start veriləcək.

 - Bölgədəki siyasi proseslərlə bağlı düşüncəniz nədir? Sizcə, Ermənistan yekun sülhə imza atacaqmı? 

 - Azərbaycan qalib tərəfdir və biz artıq istəyimizə böyük ölçüdə nail olmuşuq. Bir-iki həll edilməmiş, yarımçıq məsələ qalıb. Əmin olun, onların da həlli uzaqda deyil. Ermənistan kimdir ki, bizə yenidən meydan oxusun?! Gec-tez məcbur olub rəsmi Bakının diktə etdiyi şərtlərə boyun əyəcəklər. Ermənilər tarix boyu o qədər düşmənçilik ediblər ki, indi birdən-birə normallaşa bilmirlər. Buna zaman lazımdır. Revanşist ermənilərin hürməkdən başqa əllərindən nə gəlir ki? Artıq hər şey bitib. Bəzi siyasilərin sərsəm açıqlamaları daxili auditoriyaya hesablanıb. Ordusu darmadağın olmuş Ermənistan quru bəyanatlarla heç nəyə nail ola bilməz. Rusiya özü də bildirir ki, İrəvan imza atdığı üçtərəfli bəyanatın şərtlərinə əməl etməlidir. Əlavə problemlər yaratmaq lazım deyil. 

 - Xankəndi və ətraf rayonlarımızda suverenliyimiz nə vaxt bərqərar olunacaq? 

 - Tələsmək lazım deyil, təmkinli olmalıyıq. Hər şeyin zamanı var. Bir az gözləmək lazımdır. Amma yəqin ki, o məsələnin həlli də uzun çəkməyəcək. 

 - İqtidar-müxalifət dialoqları yenidən gündəmə gəlib. Uzun zaman siyasətdə təmsil olunmuş şəxs kimi hökumətlə müxalifət partiyaları arasındakı müzakirələr haqda nə deyə bilərsiz? 

 - Bir vaxtlar iqtidar-müxalifət dialoqu gedirdi. Müharibə dövründə də həmrəylik var idi. Mən həmişə əməkdaşlığın tərəfdarı olmuşam. İndi də o fikirdəyəm ki, hakimiyyət-müxalifət münasibətləri daimi olmalıdır. Tərəflərin müzakirələri təşkil olunmalıdır. Hər iki tərəf bir-biri ilə əməkdaşlıq etməlidir. Bunun ancaq faydası olar. Hakimiyyətin müxalifətə, yaxud müxalifətin hökumətə qarşı radikal mövqe sərgiləməsi doğru olmaz. Hamımızın əsas məsələsi işğaldan azad edlmiş torpaqlarımızın abadlığıdır. Ölkənin başqa problemləri də var. Onların həlli ilə məşğul olmalıyıq. Siyasi çəkişmələri kənara qoymalıyıq. İqtidar-müxalifət münaqişəsi milli maraqlarımıza zərbə vuran məqamdır. Milli barışığın tərəfindəyəm. Həm də yaxşı işləri tərif etmək lazımdır. Bütün işləri qara görmək ziyanlı baxışdır.