Zaman yetişib: “Minsk Qrupunda Fransa Türkiyə ilə əvəzlənsin, Pakistan isə..."

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev dünən Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Prezident jurnalistin “Paşinyana zəng etməyə hazırsınızmı?” sualına belə cavab verib: “Ola bilsin ki, sizin dediyiniz kimi yox. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk Qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk Qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq”.

 Bu, o deməkdir ki, rəsmi İrəvan, nəhayət, normal qonşuluq siyasət yeriltməlidir. “Sherg.az” olaraq dövlət başçısının mesajları barədə millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirovla söhbətləşdik:

- Ermənistan baş naziri ilə görüş hansı halda keçirilə bilər?

- Prezidentin də dediyi kimi, artıq müharibə bitib və biz post-münaqişə dövrünə qədəm qoymuşuq. İndi həllini gözləyən məsələlər var. Bunlar etimad mühitinin yaranması, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması, minalı ərazilərin verilməsi və digər məqamlardır. ATƏT-in Minsk Qrupunun təklifi ilə keçiriləcək görüşə etiraz etmirik, amma o zaman sadaladığım məsələlər barədə danışılmalıdır. İrəvan danışıqlar predmetini dəyişməməli, status məsələsini ağlına gətirməməlidir. Əlbəttə, belə bir iddia ilə çıxış edərlərsə, görüş olmayacaq. Ermənistan danışıqlar istəyirsə, reallıqları nəzərə almalıdır.

- Minsk Qrupunun nəyəsə nail ola biləcəyi inandırıcıdır?

- Bu qurumun etimadı səfər səviyyəsindədir. Fransa tamamilə, ABŞ isə qismən Ermənistanı dəstəkləyir. ABŞ-ın Ermənistandakı səfiri son çıxışlarında ermənilərdən daha çox ermənilik edir, özünü Fransa prezidenti Emmanuel Makrona bənzətmək istəyir.

- Elə isə nə edilməlidir?

- Fikrimcə, ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişməyinin zamanı yetişib. Fransa Türkiyə ilə əvəzlənməlidir. Əgər Minsk Qrupunun üzvlüyü üçün nüvə silahına sahib olmaq, həqiqətən, şərtdirsə, onda balanslılıq naminə Pakistan da həmsədr ölkə olsun.

- Paşinyanın Türkiyə ilə yaxınlaşmaq barədə bəyanatlar səsləndirdiyi bir vaxtda Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü region üçün nələr vəd edir?

- Ümidlər böyükdür. Məlum olduğu kimi, Ermənistan iqtisadi böhran ərəfəsindədir və qışa doğru vəzuyyət daha da pisləşəcək. Beləliklə, xalqın inqilabi hərəkata başlaması labüd ola bilər. Bu, Paşinyan üçün arzuolunan deyil. Deməli, iqtisadiyyatını dirçəltmək onun üçün hava-su qədər lazımdır. Bu isə ancaq əməkdaşlıq sayəsində mümkündür. Türkiyənin dəyişməz mövqeyi ortadadır. Yenidən status məsələsi gündəmə gəlməməlidir. Əks halda regiona gələcəkdə “partlamağa” hazır “mina” qoyulacaq. Nəzərə alaq ki, DQMV “minası” 65 il sonra “partladı”. Həmçinin Prezident İlham Əliyevin söylədiyi kimi, hələ də Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var. Deməli, konstitusiya dəyişməli, yenidən yazılmalıdır. Ümumiyyətlə, hər şey İrəvanın özündən asılıdır. Gərək bilsin ki, əməkdaşlıq onu nicata, konfrantrasiya isə fəlakətə aparacaq.

Kənan Novruzov