"Nazarbayev kənara çəkilməklə Qərbin planlarını zərərsizləşdirdi"

Araz Əlizadə: "Əgər prezident sülhməramlıların Qazaxıstanı tərk edəcəyini deyirsə, deməli, ölkədə vəziyyət sabitləşmək üzrədir"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin Qazaxıstandakı əsas missiyası başa çatıb. İki gündən sonra kontingentin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib. Tokayev qoşunların çıxarılmasının 10 günə başa çatacağını deyib. Məlumat üçün deyək ki, Qazaxıstandakı iğtişaşlara görə, 10 minədək insan saxlanılıb, 412 cinayət işi açılıb. İttihamlar arasında terror aktları və qətllər də var. Prezident Tokayev yeni hökumətin tərkibini də təsdiqləyib. Parlamentin aşağı palatası yeni hökumətdə təmsil olunacaq nazirlərin tam siyahısını hazırlayıb. Yeni hökumətdə müdafə, daxili işlər və xarici işlər nazirləri öz postunu saxlayıb. Baş nazir postuna isə Əlixan Smailovun namizədliyi irəli sürülüb. 

Qazaxıstandakı olaylarla bağlı fikirlər müxtəlifdir. Əksəriyyət Orta Asiyanın ən böyük ölkəsində baş verənlərin Kremlin oyunu olduğunu bəyan etsə də, bunun əksini düşünənlər də az deyil. KTMT-nin tezliklə Qazaxıstandan çıxacağı xəbərini əsas gətirənlərin fikrincə, rusların məqsədi Qazaxıstanda sosial etirazların təşkili üzərindən planlaşdırılan çevrilişin qarşısını almaq, Tokayev hakimiyyətini qoruyub saxlamaq olub. Daha doğrusu, hakimiyyət içərisindəki Qərb şəbəkəsini təmizləmək məqsədi güdülüb. Əsas fiqurlar zərərsiz hala gətirildiyi, Tokayev hakimiyyətinə olan təhlükə aradan qalxdığı üçün rus qoşunları geri qaytarılır.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə də “Şərq”ə açıqlamasında bildirib ki, əsas hədəf Qazaxıstan üzərindən Rusiyanı vurmaq idi. Partiya rəhbərinin sözlərinə görə, məqsəd Moskvanın başını qatmaq, Kremlin diqqətini başqa bölgəyə cəlb etmək idi...

 - Araz müəllim, Qazaxıstanda qarışıqlıq yaradanların məqsədi nə idi, kimi, hansı ölkəni hədəf seçmişdilər? 

 - Rusiya bir müddət öncə NATO-ya ultimatum verdi və öz tələblərini irəli sürdü. Qərb Moskvanın diqqətini konkret Ukraynadan uzaqlaşdırmaq üçün Orta Asiya ölkəsində - Qazaxıstanda qarşıdurma yaratmaqla Moskvanın başını qatmaq istəyirdi. Həm də Rusiyaya mesaj verdilər ki, “nəzarətində olan bölgələrdə, hətta daxilində belə qarışıqlıq yaratmaq imkanımız var”. Qazaxıstanın Rusiyanın ən yaxın müttəfiqi olması faktı Qərbə bəllidir. Ancaq NATO-nun planı baş tutmadı. Rusiya vaxtında tədbir gördü və tezliklə vəziyyəti sakitləşdirdi. 

 - Qərb deyəndə konkret hansı ölkələri nəzərdə tutursuz? 

 - Avropa ölkələri ikinci dərəcəli rol oynayırlar. Bütün addımlar ABŞ tərəfindən atılır. Əsas konflikt Rusiya ilə ABŞ arasındadır. Hazırda Qərbi təmsil edən əsas güc Amerikadır. NATO-nun da aparıcı ölkəsi ABŞ-dır.

 - Amerikanın Qazaxıstanda istədiyi anda qarşıdurma yaradacaq dayaqları varmı? Qazaxıstanda Rusiyanın təsir imkanları daha çoxdur...

 - Qərb heç vaxt heç bir ölkədə öz fəaliyyətini birdəfəlik dayandırmır. Əksər ölkədə Qərbin kəşfiyyatı işləyir. Zənn edirsiz, Azərbaycanda Qərbin dayaq nöqtələri yoxdur?! Bizdə də var. Amma Qazaxıstandan fərqli olaraq Azərbaycanda stabilliyi poza, öz məqsədlərini həyata keçirə bilmirlər. 

 - Niyə Azərbaycanda bunu bacarmırlar? 

 - Çünki Azərbaycan iqtidarı ağıllı hərəkət edir, düzgün addımlar atır. Nə zaman ki, iqtidar büdrəyir, müəyyən xətaya yol verir, Qərbin dayaq nöqtələri dərhal işə düşürlər. Əgər bizdə də hökumət zəif olsaydı, fürsət düşən kimi fəallaşacaqdılar. 

- Rusiya Prezidenti V.Putinin “Qazaxıstanda “Maydan hərəkatı” planlaşdırılırdı” iddiasını necə dəyərləndirirsiniz?

 - Qazaxıstanda “Maydan hərəkatı” demək olar ki, başlamışdı. Ölkədə silahlı dəstələr meydana çıxmışdılar. İnsanlar bir-birini öldürür, obyektlər, maşınlar yandırılırdı. Hətta müəyyən şəxslər güc strukturlarının nümayəndələrinə belə atəş açırdılar. Bu, açıq-aşkar terrorçuluq idi və terrorçulara qarşı yeganə yol hərbi mübarizədir.

 - Tokayevin Rusiyaya müraciəti ciddi tənqid olundu. Qazaxıstan daxili resursları hesabına qarşıdurmanın qarşısını ala bilməzdimi? 

 - Böyük ehtimal bilməzdi. Qazaxıstanda hakimiyyət Nazarbayevdən Tokayevə transfer olunduqdan sonra Nazarbayevin kadrları təşvişə düşmüşdülər ki, yeni prezident təmizləmə prosesinə başlayacaq. Buna mane olmaq üçün müəyyən cəhdlər edilirdi. Qazaxıstandakı məlum hadisələrdən sonra Tokayevin əl-qolu açıldı və hökuməti tam tərkibdə istefaya göndərdi. İğtişaşlar genişləndiyi vaxtda ölkədə faktiki olaraq iş başında olan hökumət yox idi. Rusiyanın müdaxiləsi isə vacib idi. 

 - Rusiyanın müdaxiləsi olmasaydı, Qazaxıstanda qarşıdurma dərinləşərdimi? 

 - Şübhəsiz. Əgər KTMT Qazaxıstana vaxtında daxil olmasaydı, ölkədə dövlət çevrilişi baş verəcəkdi. Ən əsası isə çoxlu qan axacaqdı. Hərbi təşkilatın ölkəyə çağırılması arzuolunmaz proseslərin qarşısını aldı.

 - Qazaxıstanda Nazarbayev mərhələsi bitmiş hesab olunurmu? 

 - Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədrliyindən özü istefa verdi ki, Tokayevin əl-qolu açılsın, səlahiyyətləri çoxalsın. Çalışdı ki, ölkədə ikitirəlik, qarşıdurma olmasın. Əks halda ölkə daha çox qarışacaqdı. Bundan istifadə edən kənar qüvvələr Qazaxıstan üzərindən çirkin planlarını reallaşdırmağa başlayacaqdılar. Nazarbayev ağıllı şəkildə kənara çəkilməklə Qərbin planlarını zərərsizləşdirdi.

 - “Hər şey qaydasına düşdü, ölkədə təhlükə aradan qalxdı” deyə bilərikmi? 

 - 2 gündən sonra KTMT-nin qoşunları Qazaxıstandan çıxarılacaq. Əgər prezident tərəfindən sülhməramlı kontingentin qısa vaxtda Qazaxıstandan çıxacağı açıqlanıbsa, deməli, ölkədə vəziyyət həqiqətən stabilləşmək üzrədir. Proseslər nəzarətə alınıb, iğtişaşçılar saxlanılıb. Çox güman, yaxın günlərdə hər şey normala dönəcək.