"Sülh sazişi imzalanmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz"

Toğrul İsmayıl: "İndiki şəraitdə Ankara ilə Bakı koordinasiyalı hərəkət etməsə, proses yarımçıq qalacaq"

"Ermənistan xalqı xaricdəki diasporadan fərqli olaraq dərk edir ki, indiki şərtlərlə yaşamaq mümkün deyil. Vəziyyət getdikcə ağırlaşmaqda, ölkə boşalmaqdadır. 30 illik işğal Ermənistana müsbət heç nə vermədi, əksinə, ölkənin tərəqqisinə mane oldu"

Nikol Paşinyan 2022-ci ildə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasını istisna etməyib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Antalyada keçiriləcək diplomatik foruma Ermənistan nümayəndəsini də dəvət etməsinə toxunan Paşinyan dəvəti qəbul edə biləcəklərini söyləyib. O bildirib ki, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin Moskvadakı ilk görüşünün “müsbət dinamikası qorunub saxlanarsa”, Ermənistan tərəfi Ankara ilə uzlaşa bilər: “Biz qeyd-şərtsiz diplomatik münasibətlər yaratmaqda maraqlıyıq və belə imkan mövcuddur”. Paşinyan əlavə edib ki, Ermənistanın Türkiyəyə ərazi iddiası yoxdur:

“İrəvan heç vaxt Ermənistan-Türkiyə sərhədinə şübhə ilə yanaşmayıb, Ermənistan-Türkiyə sərhədini şübhə altına alan heç bir erməni lideri və hökumətinə rast gəlməzsiniz. “Erməni soyqırımı”nın tanınması məsələsinə bizim yanaşmamız hökumətin proqramında öz əksini tapıb. 

Etiraf etmək lazımdır ki, “soyqırım”ın tanınması prosesinin lokomotivi həmişə diaspor təşkilatları olub”. Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi ilə bağlı “Şərq”ə danışan Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Üniversitetinin professoru Toğrul İsmayıl qonşu ölkələrin əməkdaşlığını müsbət dəyərləndirib. Lakin professor hesab edir ki, proses kifayət qədər mürəkkəbdir...

 - Toğrul müəllim, Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması prosesini necə dəyərləndirirsiniz? Müsbət nəticələr mümkündürmü? 

 - İlk görüş Moskvada baş tutdu. Yaxın günlərdə ölkələr arasında hava nəqliyyatının işə düşəcəyi deyilir. Çətin prosesdən söhbət gedir. İki ölkə arasında uzun müddətdir diplomatik, siyasi əlaqələr olmayıb. Üstəlik, Ermənistanın Türkiyə ilə bağlı iddiaları var. O səbəbdən hazırda iki dövlət arasında danışıqlar ilkin şərtlər olmadan gedir. Əgər şərtlər ilk başdan qoyulsa, müzakirələrə başlamaq mümkün olmayacaq. Proses özü ağır və ləng olduğu üçün hadisələrin gedişatında müxtəlif məsələlər üzə çıxacaq. Daha çox sual edilir ki, ilk görüş niyə Moskvada keçirilib? Rusiyanın vasitəçiliyi İrəvan hökumətinin istəyi idi. Türkiyənin Kremlin vasitəçiliyi ilə Moskvada keçirilən görüşdən imtina etməməsi mühüm qərar idi. Ankara hökuməti Ermənistanla həqiqətən normal əməkdaşlıq niyyətində olduğunu ortaya qoyur. Əsas odur ki, ilkin addımlar atıldı. Prosesdə müəyyən irəliləyişin olacağına şübhə etmirəm. 

 - Danışıqların gedişatında hansısa şərtlər irəli sürülə bilərmi? Ermənistan “şərt olmasın” deyərkən nəyi nəzərdə tutur? 

 - İlk təmaslar və müzakirələrin baş tutması üçün heç bir şərt irəli sürülməməsi vacib idi. Əslində 44 günlük müharibədən və Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Türkiyənin Ermənistandan yeganə tələbi qonşularla əməkdaşlığa başlamaqdır. Türkiyə ilə, daha doğrusu, türk xalqları ilə problemləri olan erməni tərəfidir. Ermənistan Türkiyəyə qarşı əsassız iddiaları qanuniləşdirib. Qondarma “erməni soyqırımı”nı əlində bayraq edərək Türkiyəyə qarşı daim qarayaxma kampaniyası aparıb. Məhz bu cür iddialar və Ermənistanın yanaşması müsbət təmasların və nəticəli müzakirələrin önündə əngəl olub. Türkiyə ilə qonşuluq münasibətlərinin tərəfdarı olan İrəvan hökuməti qeyd-şərtsiz öz absurd iddialarından vaz keçməlidir. Prosesi daha irəliyə daşımaq üçün sonrakı mərhələdə ermənilər öz yanaşmalarında və konstitusiyalarında redaktələr etməlidir. Saxta “soyqırım” iddiası ilə bağlı Türkiyə dəfələrlə Ermənistana ortaq komissiyanın yaradılmasını təklif edib. Ankara hökuməti bütün problemlərin çözülməsinin tərəfdarıdır. Daha əvvəl imzalanmış protokollarda bu məsələ əksini tapmışdı. Türkiyənin niyyəti xoşdur. Ermənistanın niyyətinin nə olduğu isə yaxın günlərdə bəlli olacaq. 

 - Azərbaycan-Ermənistan arasında yekun sülh sazişi olmadan Ermənistan-Türkiyə sərhədlərinin açılması, münasibətlərin tam normallaşması nə dərəcədə mümkündür? 

 - 2009-cu ildəki Sürix protokollarından fərqli olaraq bu dəfə Türkiyə hökuməti Ermənistanla danışıqları birbaşa rəsmi Bakı ilə koordinasiya edir. Sürix protokolları fonunda atılmış addımlar ciddi böhrana səbəb olmuşdu. 44 günlük savaşdan, xüsusən Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan-Türkiyə münasibətləri ən üst səviyyədə inkişaf etməkdədir. İndiki şəraitdə Ankara ilə Bakının qarşılıqlı koordinasiyası çox vacibdir. Sadəcə, Ermənistana münasibətdə deyil, bölgədə sülhün və təhlükəsizliyin təmini üçün iki ölkənin vəhdəti zəruridir. Əks halda proseslər yarımçıq və nəticəsiz qalar. Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmadan Türkiyə-Ermənistan münasibətlərinin tam normallaşması qeyri-mümkündür. İki ölkə arasında sərhədlər açıla, gediş-gəliş və iqtisadi əlaqələr bərpa oluna bilər. Amma diplomatik münasibətlərin qurulması üçün Ermənistan həm Türkiyənin, həm də Azərbaycanın ərazi bütövlüyünü tanımalı, suverenliyini qəbul etməlidir. 

 - Ermənistanın Türkiyəyə ərazi iddialarından söz açdınız. Paşinyan isə deyir ki, “İrəvanın Türkiyəyə ərazi iddiası yoxdur”. Baş nazirin ərazi iddialarına və “soyqırım”a görə erməni diasporasını ittiham etməsi nədən xəbər verir?

 - Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları ölkənin konstitusiyasında da əksini tapıb. Amma Paşinyan o məsələdə haqlıdır ki, bu iddiaların təməlində erməni diasporası dayanır. Əslində erməni diasporası iki yerə bölünüb - ABŞ-dakı qərb lobbisi və Rusiyadakı erməni diasporası. Hər iki diasporanın maraqları fərqlidir. Ermənistan əhalisi ilə xaricdəki lobbi qrupları arasında qarşıdurma yaşanmaqdadır. Göründüyü kimi İrəvan hökuməti, daha doğrusu, Paşinyan da xarici ölkələrdəki erməni diasporası ilə yola getmir. Rəsmi Bakı tərəf kimi Paşinyan hökumətini tanıyır. Bu mənada İrəvanın yanaşması daha məqsədəuyğundur. Ermənistan xalqı xaricdəki diasporadan fərqli olaraq dərk edir ki, indiki şərtlərlə yaşamaq mümkün deyil. Vəziyyət getdikcə ağırlaşmaqda, ölkə boşalmaqdadır. 30 illik işğal Ermənistana müsbət heç nə vermədi, əksinə, ölkənin tərəqqisinə mane oldu. Erməni ictimaiyyəti anlayır ki, Qərbin və Rusiyanın ianələri ilə bir ölkəni və xalqı ayaqda saxlamaq imkansızdır. Ermənistanın normal yaşaması üçün diasporanın maddi dəstəyindən daha çox özünün iqtisadi inkişafı önəmlidir. Ermənistanın dövlət kimi varlığını davam etdirməsi də bundan asılıdır. Bir neçə qonşusu ilə problem yaşayan, sərhədləri bağlı olan bir dövlət normal inkişaf edə bilməz. Yəni Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək ilk növbədə Ermənistanın özü üçün həyati əhəmiyyət kəsb edir. Paşinyan və komandası bu reallığı dərk etməyə başlayıb.