Ayxan Azad:“Animasiya filmi hazırlamağı düşünürəm”

1892-ci ilin 28 oktyabrında fransalı rəssam Emil Renonun ekranda ilk animasiya lentini nümayiş etdirməsindən sonra bu sənət dünyaya yayılmağa başlayıb. Animasiya inkişafının zirvəsinə yetişdiyi müddətdə Azərbaycanda bu sahənin mütəxəssislərinə nadirən rast gəlinir. Hazırladığı animasiyalarla qısa müddətdə sosial şəbəkələrdə böyük izləmə əldə edən 26 yaşlı Ayxan Azad "Sherg.az"a müsahibə verib. 

Söhbəti təqdim edirik:

- Animasiya sahəsinə marağınız necə yarandı?

- Bu sahəyə marağım avtomobillərə olan sevgimdən irəli gəlir. 2010-cu ildən bu sahə ilə maraqlanıram. Şəxsi həyatımdakı bir sıra məsələlər məni bu sahədən uzaq salsa da, əvvəl-axır yenidən bura qayıtdım. Özümü çox xoşbəxt hiss edirəm.

- Animasiya sahəsi üzrə qarşılaşdığınız çətinliklər nələrdir?

- Bu işlə məşğulsunuzsa, gərək kompüteriniz güclü parametrlərə sahib olsun. Güclü kompüter sizi zaman olaraq çox qabağa salır.  Mənə çətinlik yaradan durumlardan biri də, məhz kompüterimin bir o qədər də güclü olmamasıdır. Yəqin ki, zamanla onu da yenisi ilə əvəzləyəcəm. 

- Bu işdən qazanc əldə bilirsinizmi?

- Düzdü, təkliflər gəlir, dəyərləndirirəm. Ancaq indiyənə qədər etdiklərimi qazanc üçün deyil, bu işdən həzz aldığım üçün etmişəm.

- Azərbaycanda bunu daha geniş areala çatdırmaq mümkündürmü?

- Təbii ki, mümkündür. Sadəcə, ölkəmizdə bu sahədə rəqabət yoxdur. İşini çox yaxşı bilən insanlar qat-qat çoxdu. Ancaq onların arasında rəqabət görmürəm. İşlərinin ustası olduqları halda çoxu heç bir-birini tanımır. Rəqabət olmayanda da inkşaf olmur. Azərbaycanda animasiya ilə məşğul olanların əksəriyyəti madiyyatı düşünür. Bunu qınamaq üçün demirəm, əlbəttə ki, haqlarıdı. Sadəcə, əl işlərini öz cəmiyyətimizlə bölüşməyin bir yolunu tapmalıdırlar. İşlərimi elə bir mövzuda seçdim ki, insanların bu sahəyə marağının artdığını gördüm. Məndən hər gün neçə-neçə insan işlədiyim proqram barədə maraqlanır. Yəni ölkəmizdə bir nəfərdə də olsa, bu sahəyə maraq yaratmışamsa, nə xoş mənə. 

- Hansı proqramlarla işləyirsiniz?

- Əsasən “Blender”lə işləyirəm

- Bu sahə üzrə hədəfiniz, gələcək planlarınız nələrdir?

- Əsas hədəfim işimi mükəmməl və dərindən mənimsəməkdi. Düzdü, nə qədər yaxşı bildiyimi düşünsəm də, hər gün yeni nəsə öyrənirəm və öyrənmə prosesi bitmir.

- Gələcəkdə bu sahə ilə maraqlanan gənclərə dərs demək fikriniz varmı?

- Təbii ki, belə fikrim var.  Ancaq bunun üçün hələ çox tez olduğunu düşünürəm.

- Animasiya filmi hazırlamaq haqqında düşünürsünüzmü?

- Animasiya filmi hazırlamağı düşünürəm. 3D-Qrafikası ilə dolu bir film çəkmək arzularımdan biridir.

- "Bugatti" sevərləri bir araya toplayan məşhur səhifənin sizin əl işinizi paylaşdığını görəndə necə hislər keçirdiniz?

- Əl işimin məşhur səhifədə paylaşıldığını görəndə çox təəccübləndim. Çünki o animasiyada yeni öyrəndiyim dərsləri sadəcə özüm üçün test edirdim. Bu yerlərə çatacağını heç düşünməmişdim.

Sonda onu da deyim ki, Vətən müharibəsinin iştirakçısı olduğunuzu öyrəndik. Hansı istiqamətlərdə döyüşmüsünüz?

- Cəbrayıl, Zəngilan və Qubadlının azadlığı uğrunda döyüşmüşəm. Ali Baş Komandan tərəfindən “Qubadlının azad olunmasına görə medalı” ilə təltif olunmuşam.





Söhbətləşdi: Xanlar ƏLİBƏY