Elçin Şıxlinski ilə orijinal söhbət: “Üçüncü Qarabağ müharibəsi...”






Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a müsahibə verib. Söhbəti təqdim edirik:

-Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentinə nəzər yetirdikdə xaotik bir durum müşahidə edirik. Əsasən, Feysbuk sosial platformasında insanlar arasında bir gərginlik, ajiotaj var. Bunun səbəbi nədir?

-Ümumiyyətlə, sosial şəbəkələr bütün dünyada qarışıqlığa səbəb olur. Sosial şəbəkə bir platformadır. Çox adam bunu media strukturu ilə qarışdırır. Xeyr, bu sadəcə bir platformadır.  Əvvəl qəzet idi, kağız platforma idi. İndi isə sosial şəbəkədir, virtual platfortmadır. Ciddi adamların statuslarını çıxmaq şərtilə sosial şəbəkələrin Azərbaycan seqmentini “virtual çayxana”dan başqa bir şey saymıram. Bura laqqırtı məkanına çevrilib. Boş-boş adamlar, xəstələr, kim desəniz orada ağlına gələni yazır. Amma jurnalistikaya bunun heç bir adiyyəti yoxdur.  

- Bəzən adama elə gəlir ki, ölkədəki problemlər məhz sosial şəbəkələr vasitəsilə idarə olunur. Tutalım, hansısa şəxsə qarşı “qarapiar” kampaniyası  təşkil etmək istəyirlərsə və ya əksinə baş vermiş bir hadisəni unutdurmağa çalışırlarsa, sosial şəbəkələrdə başqa bir mövzunu gündəmə gətirirlər. Nəticədə əəvvəlki olaylar yaddan çıxır. Əksəriyyət də bunun idarəolunan proses olduğunu düşünür...

-Ola bilər. Sosial platformanın bir xüsusiyyəti ondan ibarətdir ki, kim istəyirsə, orada fikir bildirə bilər. Məsələn, qəzetdə,televiziyada, radioda və.s –bunların redaksiyalarında peşəkar jurnalistlər olur. Onlar səviyyəsiz, mənasız, təsdiqi olmayan məlumatları yayımlamırlar. Amma sosial media sərbəstdir. İstənilən adam öz hesabında istədiyini yaza bilir. Bu baxımdan yönləndirmək mümkündür.  Əgər ağıllı, beyni işləyən adamlardırsa, bir status yazırlar, camaat da qızışır. İş yox, peşə yox, başlayırlar müzakirəyə. Bundan sonra da rahat şəkildə onları idarə  etmək mümkün olur. 

-Məsələn?

- Deyək ki, millət vəkili Cavanşır Feyziyev o açıqlamanı peşəkar redaksiyaya versəydi, təbii ki, o şəkildə çap olunmayacaqdı. C.Feyziyevin özünə suallar verəcəkdilər, ortalığa peşəkar material çıxaracaqdılar. Amma sosial şəbəkədə hamı  yaxşı mənada “senzura” olmadan bu platformalardan istifadə edir. Əslində bu demokratik bir amildir. Sadəcə olaraq,  istifadəçilərin səviyyəsinin heç də həmişə kifayət qədər yüksək və ictimaiyyətə uyğun olan dərəcədə  olmamağı siz deyən hərc-mərcliyə yol açır.

-Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ləğvi gündəmdədir. Bu barədə nə düşünürsünüz?

-Bilirsiz, ümumilikdə Britaniya və bir sıra ölkələri çıxmaqla, bir çox ölkədə Amerikanı özündə belə, bizdə olan formada Elmlər Akedemiyası  yoxdur. Orada alimlər universitetlərdə çalışırlar. Həm dərs deyirlər, həm də onların kafedra və laboratoriyaları olur. Orada öz elmi fəaliyyətlərini aparırlar. Elmlər Akademiyası SSRİ dövründən belə qalıb ki, burada alimlər yığılır, onlara elmi məsələlər ətrafında iş görməsi üçün şərait yaradılır. Amma bizdə sadacə olaraq camaat üçün iş yeridir, gedirlər, gəlirlər. Ortalıqda intriqadan başqa heçnə yoxdur. Elm də yoxdur.  Mən elm deyəndə elmi nəzərdə tuturam. Sovet dövründə tutaq ki, Tarix üzrə elmi iş hazırlayanda yazırdılar ki,  SovİKP MK-nın 24-cü qurultayının  tələblərinə uğun olaraq, “Lənkəranda kənd təsərüfatının inkişafı” və.s. mövzularda müdafiə edirdilər və elmlər doktoru, professor adını alırdılar. İndi həmin adamlar da akademiyalarımızda doludur. Bunlardan da mən heç vaxt elm haqqında nəsə gözləmirəm. Elmlə məşğul olan şəxslər sadəcə bu işlə məşğul olur. Onlar dolanışıq barədə düşünmürlər. Bu mənada ki, xaricdə elmlər akademiyası fondlar kimi çalışır. Yəni orada hər hansı bir alim və ya alimlər qrupu həmin fondlara  layihə hazırlayırlar və müraciət edirlər. Bildirirlər ki, filan elmi problem üzərində elmi araşdırmalar aparmaq istəyirik və bizə 2 il müddətinə 1 milyon vəsait lazımdır. Onlar elmi-texniki cəhətdən öz işlərini  əsaslandırırlar və komissiya da buna baxır. Bəyənsələr, vəsait ayrılır. Həmin vəsaitlə alimlər 2 il ərzində həm özlərini dolandırırlar, həm də elmi işlərini aparırlar. Bizdə belə şey yoxdur.

-Elçin müəllim, Qarabağ mövzusuna toxunmasaq, bəlkə də, söhbətimiz yarımçıq hesab olunar. Son günlərdə yəqin ki, düşmən tərəfinin bəzi  rayonlarımızı və mövqelərimizi atəşə tutmasını siz də müşahidə edirsiniz. Biz isə humanist tərəfik, sülh istəyirik, erməni terrorçularını təhvil veririk. Bir sözlə, öhdəliklərimizi yerinə yetiririk, amma qarşı tərəf buna əməl etmir. Sizcə, Ermənistan yekun sülhə gələcəkmi, gəlməyəcəksə, nəticə necə olacaq?

- Üçüncü Qarabağ müharibəsi ola bilməz. Bir var ki, erməniləri və rus sülhməramlıları Xankəndidən çıxaraq, bu başqa məsələdir. Düşmən nə qədər ki, bizim sərhədləri tanımayacaq, nə qədər ki, Azərbaycan torpaqlarına iddialarından əl çəkməyəcək, provokasiyalar davam edəcək. Əgər demarkasiya, delimitasiya məsələləri baş tutsa və Ermənistan və Azərbaycan arasındakı sərhədlər Ermənistan tərəfindən tanınsa,  ondan sonra heç bir provokasiya olmayacaq. Biz səbirli olmalıyıq. Bununla öz insanlığımızı və bütün beynəlxalq qayda-qanunlara  riayət etdiyimizi dünyaya bir daha nümayiş etdiririk. İkincisi isə, erməniləri ərazilərimizdə saxlamağın mənası yoxdur. Qoy, gedib Ermənistanda acından qırılsınlar.

- “Şuşa Bəyannaməsi”  Azərbaycan və Türkiyə parlamentində təsdiqlənib. Sizcə, bu bəyannnamə bizə nə vəd edir?

- Bu çox əhəmiyyətli sənəddir. Bu bəyannamə Azərbaycan-Türkiyə əlaqələrinin  daha da dərinləşməsi və möhkəmlənməsinə bir sübutdur. Bundan sonra da iki dövlət arasında inteqrasiya yaxınlığı daha da möhkəmlənməyə yönəlib. Bu həm də o deməkdir ki, Azərbaycan bloklara qoşulmur, amma ikitərəfli müqavilələrlə öz müstəqilliyini və təhlükəsizliyini möhkəmləndirir.

Hazırladı: Çimnaz Şahlar