"Putinin Ukraynaya savaşı ən çox ABŞ-ın işinə yaradı"

Toğrul İsmayıl: "Qərbin dəstəyinin əhəmiyyətli olmayacağı, sanksiyalardan və humanitar yardımdan o tərəfə keçməyəcəyi bəlli idi"

"Şübhə yox ki, işğal nəticəsində mülki vətəndaşlar arasında itkilər çoxalacaq və ölkədə xaos dərinləşəcək"

"Rusiya bütün dünyada işğalçı dövlət kimi özünü təsdiqlədi. Amerika bu siyasətlə Avropa ölkələrini yenidən ətrafında daha sıx birləşdirdi"

Rusiya-Ukrayna müharibəsində humanitar məsələlər üçün müvəqqəti atəşkəs əldə olunsa da, gərgin və kritik vəziyyət davam etməkdədir. Bəzi ekspertlər qısa müddət sonra hərbi əməliyyatların yenidən başlayacağına əmindirlər. Son günlər ölkə rəhbərləri arasında telefon zəngləri də intensivləşib. Fransa Prezidenti E.Makron Rusiya rəhbəri V.Putin və Ukraynanın dövlət başçısı V.Zelenski ilə danışıb.

Yelisey sarayının yaydığı məlumata görə, Putin hər hansı kompromisdən qəti şəkildə imtina edib və Ukraynanı almayınca, dayanmayacağını bildirib. Putin Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən prosesin plan üzrə getdiyini söyləyib. Savaşın başladığı müddətdən keçən 9 gün ərzində Rusiya ordusu Ukraynada hava məkanını əhəmiyyətli dərəcədə nəzarətə götürüb. Ukraynanın HHM sistemlərinin böyük əksəriyyəti sıradan çıxıb. Dənizdə də üstünlük Rusiyanın tərəfindədir. Ukraynada yaşayan soydaşlarımız da vəziyyətin həddən artıq dramatik olduğunu bildirirlər. Son günlərə qədər Kiyevdə qalmağa davam edən soydaşlarımız artıq nəinki Ukrayna paytaxtından, hətta Lvovdan çıxırlar. Qərb ölkələri də Rusiyanın hərbi imkanlarını daha çox səfərbər etdiyinə, əlavə resurs xərclədiyinə diqqət çəkirlər. 

Rusiyanın Ukraynaya hərbi təcavüzü və mövcud durumla bağlı “Şərq”in suallarını cavablandıran Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl vəziyyətin kifayət qədər dramatik olduğunu söyləyib. Professor bildirib ki, Rusiyanın “qısamüddətli hücum”u baş tutmadı... 

 - Toğrul müəllim, Rusiyanın “48 saatlıq” işğal planından 10 gün keçdi. Nəticə Ukrayna üçün fəlakət olsa da, Rusiya üçün də ürəkaçan deyil. Sizcə, heç nəyə məhəl qoymayan Putinin Ukrayna ilə bağlı konkret planı nədir? 

 - Kremlin məqsədi paytaxt Kiyevi tutaraq digər bölgələrin nəzarətini ələ keçirmək və hökuməti devirmək idi. Zelenskini Rusiyaya yaxın siyasi qüvvələrlə əvəzləmək Kreml üçün zərurət halına gəlmişdi. Amma Moskva bunu reallaşdıra bilmədi. Planların reallaşmaması Kremli daha da hiddətləndirdi. Qəzəbli Rusiya sadəcə hərbçiləri deyil, sivilləri də hədəf aldı. Şübhə yox ki, işğal nəticəsində mülki vətəndaşlar arasında itkilər çoxalacaq və ölkədə xaos dərinləşəcək. Rusiyanın təcavüzünün davam etməsi Qərbin də etirazlarını, təzyiqlərini artıracaq. Reallıq isə odur ki, müharibə artıq Ukraynanın hər bölgəsinə yayılıb. Kiyevi və ukraynalıları narahat edən məqamlardan biri də rus ordusunun atom elektrik stansiyalarını hədəf alması və oranı bombalamaq cəhdidir. Bunun necə bir fəlakətə yol açacağı hamıya bəllidir. 

 - Müharibədə işğalçı Rusiya ilə yanaşı, Kiyevə ciddi dəstək verməyən Qərb ölkələri də tənqid olunur. Qərb Ukraynaya lazımi dəstək verdimi, yoxsa Kiyev ruslar qarşısında tək qaldı? 

 - Düşünmürəm ki, ABŞ və Avropa müharibədə Ukraynaya yetərli dəstək verdilər. Əslində Qərbin dəstəyinin əhəmiyyətli olmayacağı, sanksiyalardan və humanitar yardımdan o tərəfə keçməyəcəyi bəlli idi. Heç bir Qərb ölkəsinin vətəndaşı Ukrayna uğrunda döyüşə girməz. Amerika və Avropa ölkələrinin daha çox öz maraqları çərçivəsində addım atdıqları məlumdur. Qərbin Rusiya əleyhinə görəcəyi tədbilərin başında iqtisadi sanksiyalar gəlir. Məsələ ondadır ki, Rusiyanın bu şəkildə hücumu qarşısında istənilən ölkə tək qalacaq. Görünür, ABŞ və Avropa kəşfiyyat orqanları Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlayacağından xəbərdar imişlər. Xatırlayırsızsa, bir neçə dəfə hücumun vaxtını da açıqlamışdılar. Qərb Rusiyanın aqressiyasından istifadə edərək Moskvanı işğala çəkə bildi. Rusiya bütün dünyada işğalçı dövlət kimi özünü təsdiqlədi. Amerika bu siyasətlə Avropa ölkələrini yenidən ətrafında daha sıx birləşdirdi. Yəni Putinin Ukraynaya savaş açması ən çox ABŞ-ın işinə yaradı. 

 - Zelenski Ukraynaya 16 minlik xarici ölkələrdən ordu birləşmələrinin gəldiyini söylədi. Bu dəstələr müharibənin gedişatına təsir göstərə bilərmi? 

 - Son dövrlərdə böyük dövlətlərin bir-biri ilə açıq savaşa girdiyini görməmişik. Böyük güclər “vəkalət savaşları” ilə, yəni birbaşa özləri iştirak etmədən digər qüvvələrlə mübarizə aparıblar. Qərb də Rusiyaya qarşı bu taktikadan istifadə edir və Ukrayna əsgərlərinin yararlanmaması üçün müasir silah-sursat yardımı göstərir. Əgər 16 minlik xarici ordu peşəkarlardan ibarət olarsa, savaşın gedişatına ciddi təsir göstərə bilərlər. Müharibə uzanarsa, Rusiyaya qarşı partizan hərəkatı da başlayacaq. Ukrayna öz gücü hesabına bir həftədən çox dirəndi və əsas şəhərlərini müdafiə etdi. Əlavə hərbi dəstəklə uzun müddət ruslara dirəniş göstərmək mümkündür. Amma Rusiyanın bir neçə istiqamətdə hücumlarının qarşısını almaq çox çətindir. 

 - Rusiyanın səbəb olduğu sanksiyalara görə daxildə də hökumətə etirazlar var. Xüsusən, oliqarxların narazılığı açıq-aşkar hiss olunur. Moskva iqtisadi sanksiyalara tab gətirəcəkmi? Yoxsa çöküşü qaçılmazdır. 

 - Budəfəki sanksiyalar çox sərt və daha təsirlidir. Nəzərə alaq ki, söhbət sadəcə iqtisadi sanksiyalardan getmir. Demək olar ki, bütün dünya Rusiyaya qarşı addımlar atmaqda, hər sahədə sanksiyalar tətbiq olunmaqdadır. Siyasi, hərbi, mədəni, idman və s. sahələrdə də Moskvaya qarşı təzyiqlər, məhdudiyyətlər var. Bir-iki ölkəni çıxmaqla Kremlin işğalçı siyasətinə dəstək verən dövlət yoxdur. Dünyadan təcrid olunan Rusiyanın yenidən özünü dirçəltməsi olduqca mürəkkəb olacaq. Qərbin məqsədi Kremli geri addım atmağa məcbur etməkdən daha çox Rusiyanı çökdürməkdir. Elə vəziyyət yaradıblar ki, təkcə Rusiyanın siyasiləri, iş adamları, diplomatları deyil, bütün rus təbəqəsi, sadə insanlar belə sanksiyalardan qaça bilmir. Bu çökdürmə siyasətinin Ukrayna ilə müharibəyə necə, hansı formada təsir göstərəcəyini demək çətindir. 

- Maraqlı məqamlardan biri də Türkiyənin mövqeyi və Ukraynaya dəstəyidir. Zelenski də Ərdoğanın fəaliyyətini yüksək qiymətləndirdi. Ankara hökumətinin proseslərə yanaşmasını necə qiymətləndirirsiniz? 

 - Türkiyə hər zaman, hər addımı ilə müharibənin əleyhinə çıxıb. Ankara əlindən gələni etdi ki, müharibə başlamasın. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıdığını, Krımın ruslar tərəfindən ilhaq edildiyini, indi də işğalçılıq siyasəti həyata keçirdiyini açıq-aşkar bəyan etdi. Lakin reallıq odur ki, Türkiyə beynəlxalq müstəvidə ciddi iqtisadi əlaqələri olan, yeri gələndə mühüm məqamlarda strateji tərəfdaşlıq etdiyi Rusiyanı da itirmək istəmir. Hazırda Ankaranın Moskvaya təsir mexanizmini işə salması çox çətindir. Ukrayna işğalı Putinin şəxsi planıdır və bir növ Kreml rəhbərinin “prestij” məsələsinə çevrilib. Türkiyə aktiv tərəfsizliyini qorumağa çalışır. NATO üzvü olduğu üçün addımlarını bəlli xəttə qədər ata bilir.