Alimlər mədəaltı vəzi xərçənginə qarşı peyvənd yaradıblar?

Qastroenteroloq Aytən Əliyeva isə hesab edir ki,  xərçəng əleyhinə peyvəndlərlə bağlı yayılan məlumatlar o qədər də inandırıcı deyil

“Xəstəlik prosesində qidalanmanın əhəmiyyəti böyükdür. Xəstələr alkoqollu içkilər, siqaret və yağlı qidalardan uzaq durmalıdırlar”


  ABŞ-nin Nyu York şəhərindəki "Memorial Sloan Kettering" Xərçəngə qarşı Mübarizə Mərkəzinin və “Sinay dağındakı İkan” Tibb Məktəbinin beynəlxalq alimlər qrupu və Almaniyanın “BioNTech” firmasının dəstəyi ilə mədəaltı vəzi xərçənginin aqressiv forması ilə mübarizə aparmaq üçün fərdiləşdirilmiş mRNT peyvəndi yaradıblar.
Klinik tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Sınaqlar zamanı mütəxəssislər xüsusi hazırlanmış mRNT vaksinlərindən istifadə edərək pankreas yenitörəmələrinə xas olan immun T-hüceyrələrinin aktivləşməsini nümayiş etdirə biliblər. Bu üsul immunoterapiya prinsipinə əsaslanır - şişlərin səthində patogen zülalların tanınması yolu ilə immunitet sistemini xərçəng hüceyrələrinə hücuma vadar edir. Peyvənd sınaq təcrübələri əvvəlcə cərrahi yolla çıxarılan şişlər, sonra onlardan 16 fərdi peyvənd hazırlayan 16 subyekt üzərində aparılıb. Sınağın iştirakçılarına həmçinin kimyaterapiya və universal immunoterapiya dərmanı olan atezolizumab təyin edilib. Xəstələrin yarısında əhəmiyyətli T-hüceyrə immun reaksiyası var idi və 18 ay sonra onların heç birində xərçəngin sonrakı inkişafı əlamətləri görünməyib.
Qastroenteroloq Aytən Əliyeva isə xərçəng əleyhinə peyvəndlərlə bağlı yayılan məlumatların o qədər də inandırıcı olmadığını düşünür. Neçə illərdir bu barədə proqnozların verildiyini xatırladan həkim hesab edir ki, yaxın gələcəkdə xərçəng əleyhinə effektiv vaksin ehtimalı çox aşağıdır: “Bəlkə də gələcəkdə ola bilsin, nələrsə tapılacaq. Bizim ölkədə bu cür tədqiqatlar aparılmadığından konkret bir fikir bildirmək çətindir. Amma ümumilikdə bu istiqamətdə aparılan tədqiqatları təqdirəlayiq hesab edirəm. Onu deyim ki, mədəaltı vəz çox mürəkkəb bir orqandır. İstər anatomik yerləşməsi, istərsə də funksiyası çox mürəkkəb bir orqan halına gətirib çıxarır.  Bədəndə bir çox fermentləri istehsal edir, həzm traktında iştirak edir, həzmdə rol oynayır. İnsulin sistemimiz də mədəaltı vəzdən qaynaqlanır.  Mədəaltı vəz onikibarmaq bağırsaq və mədə ilə, arxada tərəfdən bizim ana damarlarımız olan aorta ilə və aşağıdan boş vena ilə, öd yolları ilə, dalaqla və yoğun bağırsaqla qonşu olan və retroperiton dediyimiz qarın boşluğunun arxasında yerləşmiş bir orqandır.  Mədəaltı vəzin xərçəngi riski alkoqollu içki qəbul edənlərdə və genetik risk faktoru olanlarda daha çoxdur. Bunlarda yaş faktoru var. Əsasən 55-60 yaşından sonra ortaya çıxır. Amma çox nadir hal olsa da cavan xəstələrdə də görürük.  Onu da deyim ki, mədəaltı vəzi xərçəngi, təəssüf ki, ən aqressiv xərçəng qruplarına aiddir. Əksər vaxtlar gec fərq edilən, müalicə variantları məhdud olan, sürətlə yayılan mədəaltı vəzi xərçəngində xəstələrin 95 faizi beş il ərzində dünyasını dəyişir. Xəstəliyin ən mühüm əlamətləri sürətlə çəki itirmək, qarın ağrıları, ürək bulanması və ishaldır. Qarın ağrıları, həzm sistemi pozğunluqları, diabet, zəifləmə və bel ağrıları kimi hallar mədəaltı vəzidə nasazlıq olduğuna işarədir. Xəstəlik prosesində qidalanmanın əhəmiyyətu böyükdür. Xəstələr alkoqollu içkilər, siqaret və yağlı qidalardan uzaq durmalıdırlar. Alkoqollu içkilər mədəaltı vəzi iltihabına yol açır. Mədəaltı vəzi iltihabı da mədəaltı vəzi xərçəngi riskini artırır. 
  Ölümcül xəstəlik olsa da,  erkən diaqnostika qoyulmaqla, xəstəlik vaxtında aşkarlanarsa, həll yolu vardır. Təbii ki, heç bir xəstəyə 100 faiz qarantiya vermək mümkün deyil. Sadəcə olaraq, xəstəlik erkən vaxtlarda aşkarlanmalıdır”.