Xəstə heyvanı kəsib yaxınlarına qonaqlıq verdi


Şabranda 20 nəfər quduzluq xəstəliyindən nəzarətə götürülüb

İnfeksionist Mərdan Əliyev: “Hətta yırtıcı heyvanların parçaladığı qoyunları kəsib itlərə vermək belə düzgün deyil”



  Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb. Təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kənd sakini Ənvər Piriyevə  məxsus təsərrüfatda qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

  Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.
  Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Şabran Rayon Baytarlıq İdarəsinin, Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür.

  Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb. 

Təsərrüfatdakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.
İlkin ehtimala görə, ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib.
  Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri həkim nəzarətindədir və heç birində hər hansı bir narahatlıq müşahidə olunmayıb. 

Baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb. AQTA-dan –dan bildirilib ki, hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.  

  TƏBİB-in məlumatına görə, Şabranda quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vurulub: “Mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar".

  İnfeksionist Mərdan Əliyev isə  “Şərq”ə açıqlamasında  xəstə heyvanı kəsib ətini ailə üzvləri və yaxınlarına yedirdən şəxsin bu hərəkətini yolverilməz hesab edib. Onun sözlərinə görə, ancaq pul hərisi olan insanlar bu cür məsuliyyətsizlik edə bilər: 

“Hətta yırtıcı heyvanların parçaladığı qoyunları kəsib itlərə vermək belə düzgün deyil. Əgər vəhşi heyvanlardan  qoyunlara quduzluq keçibsə, demək, həmin qoyunları yeyən itlər də quduzlaşacaq və bəlkə də kənddəki digər itləri də yoluxduracaqlar. Bu isə  həmin təsərrüfatda, hətta kənddə yaşayan uşaqların, böyüklərin həyatı üçün ciddi təhlükə mənbəyidir.  Aidiyyəti qurumlar həmin itləri də nəzarətə götürüb, ehtiyac olsa  peyvəndləməlidir”.

  M.Əliyevin sözlərinə görə, peyvənd iynəsi hadisədən bir sutka ərzində  vurulduqda daha effektiv olur. Bir neçə gün sonra da müəyyən qədər təsiri olur. Amma 25 gün sonra quduzluq əleyhinə iynə vurmağın heç bir əhəmiyyəti yoxdur: “İnfeksiya mənbəyi olan heyvanların - it, pişik, canavar, tülkü, çaqqal, nadir hallarda at, eşşək, iribuynuzlu heyvanların dişləməsindən dərhal sonra və növbəti günlərdə, yəni 3, 7, 14, 28-ci günlər antirabik vaksin vurulmalıdır. Həmçinin ilk 7 gün ərzində bir doza quduzluq əleyhinə immunoqlobulin istifadə edilməlidir.

  Dişləyən heyvan 10-12 gün izlənilir, əgər ölməzsə 0, 3, 7-ci günlər vurulmuş 3 doza vaksinlə kifayətlənmək olar. Çünki quduz heyvan maxsimum 10-12 gün yaşaya bilər. Lakin dişləyən heyvan 10-12 gün ərzində ölərsə və yaxud izlənilə bilinməyən, məsələn, küçə iti, pişiyi, canavar, tülkü və s. olarsa mütləqdir ki, vaksin 5 doza vurulsun. O cümlədən üzdən, əldən dişləmədə, immun yetməzliyi olan insanlarda, sümük və oynaqdan dişləmədə, protez oynağa yaxın yaralanmalarda və genital nahiyədən yaralanmalarda 3 gün antibiotik profilaktikası aparılması məsləhətdir. Sadəcə olaraq insanlar quduzluğa yoluxan heyvanların ətini bişmiş halda yedikləri üçün yoluxma ehtimalı çox azdır. Yox əgər əti yarıçiy vəziyyətdə  yeyiblərsə, risklidir. Bu baxımdan xəstəliyin inkubasiya dövrü keçənə qədər həmin şəxslərin nəzarətdə saxlanılması labüddür. Onu da deyim ki, quduzluq adətən heyvanın  ağız suyunda  olur və daha çox açıq yaralara təmas etdikdə yoluxma baş verir. Yəni  əksərən heyvanın insanı dişləməsi zamanı yoluxma  qaçılmaz olur. Pişik  cırmaqlaması da quduzluq üçün təhlükəli haldır”.