Spirtli içkilərə aludəçilik 200-dən çox xəstəlik yaradır

Asılı adamın özbaşına alkoqoldan imtina etməsi son dərəcə çətindir

3 Oktyabr - Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür. 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən hər il təqribən üç milyon insan dünyasını dəyişir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb və həll yollarını müəyyən etmək üçün hər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd edilir. Bu tarix təsadüfən seçilməyib. 3 oktyabr 1887-ci ildə bütün həyatını alkoqolizmlə mübarizəyə həsr edən görkəmli amerikalı ictimai xadim Con Finç vəfat edib.
  
Qeyd edək ki, alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur. ÜAM Günü çərçivəsində  hər il müxtəlif ölkələrdə tədbirlərin keçirilməsi də məhz  həmin narahatlıq hissindən doğur.
 
 Mütəxəssislər tərəfindən alkoqolun insan orqanizmində geridönməz nəticələrə səbəb olan narkotik maddə olduğu elmi cəhətdən sübut edilib. 
 
 Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova nazirliyin saytına müsahibəsində deyib ki, ilkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxs özünü daha rahat hiss edir, sanki özgüvəni artır.
  
F.Baxışovanın sözlərinə görə, xroniki alkoqol qəbulu hər zaman şəxsin daxili psixoloji, sosial, fizioloji, mənəvi problemləri haqda məlumat verir. Bunlardan fizioloji səbəblərə genetik faktorlar, baş beynin müxtəlif xəstəlikləri, nevroloji, psixi pozuntular aiddir: “Alkoqolizmin əmələ gəlməsində sosial faktorlardan, əsasən, şəxsin olduğu mühit vacib rol oynayır. Bunların hamısı tez bir zamanda asılılığa səbəb olur. Digər amil isə insanın gözləntilərini doğrultmayan reallıqdan qaçmaq və eyni zamanda həyatın həqiqətləri ilə üzləşməmək üçün spirtli içkilərə üstünlük verməsi kimi psixoloji faktordur. Alkoqol asılılığın formalaşması fərqli olub, şəxsin psixi və fiziki vəziyyətindən asılıdır. İlk mərhələdə orqanizm alkoqolun toksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanma məhsullarının qanda uzun müddət olması sonradan beyin toxumasına təsiri nəticəsində ilkin olaraq psixi asılılıq, sonrakı dövrdə isə fiziki asılılıq yaradır.
 
 İlkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxs özünü daha rahat hiss edir, sanki özgüvəni artır. Lakin bütün bu hisslər müvəqqəti xarakter daşıyır və spirtin təsiri aradan qalxdıqdan sonra azalır. Təkrar-təkrar eyforiya əldə etmək istəyi alkoqol asılılığının inkişafına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqol haqqında düşünür, onu qəbul etmək anını səbirsizliklə gözləyir. Bu mərhələ psixi asılılıq dövrünə təsadüf edir.
  
Sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur. Bu zaman əsas əlamətlər əldə titrəmə, başağrısı, əmək qabiliyyətinin azalmasıdır. Bu mərhələdə insan eyforiyaya nail olmaq üçün spirtli içkinin dozasını artırır. Nəticədə, şəxs tamamilə spirtli içkidən asılı olaraq işə, doğmalarına, dostlarına qarşı laqeyd olur”.
  
Alkoqolizmin  fəsadlarına toxunan həkim-narkoloq deyib ki, spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Spirtli içkilərin tərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəng riskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə, alkoqolizm ürək-damar xəstəliklərinin yaranmasının 25 faizini təşkil edir: “Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxarır. Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədənin sekretor, motor və enzimatik funksiyaları pozulur. Alkoqol qaraciyər üçün xüsusilə zərərlidir.

 Spirtli içki qəbul etdikdə hepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir, pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindən şəkərli diabet tez-tez inkişaf edir. Alkoqol baş beyində biokimyəvi dəyişiklik yaradaraq neyronların ölümünə səbəb olur. Bu zaman koqnitiv proseslər, yuxu sistemi, davranışda dəyişikliklərə gətirib çıxardır. Onu da deyim ki, alkoqol istehlakı təkcə fərdin sağlamlığına deyil, onun daxili orqanlarını və bədən sistemlərini məhv etməklə yanaşı, bütövlükdə cəmiyyətə də neqativ təsir göstərir. Spirtli içkilərin sistematik qəbulu, hətta epizodik qəbulu belə insan sağlamlığına, ailədə konfliktlərə, hətta bəzi ailələrin dağılmasına gətirib çıxarır. Daimi spirtli içki qəbulu ağır intoksikasiyaya, xronik xəstəliklərin yaranmasına səbəb olur. Alkoqol təsiri altında insanlar cəmiyyət qarşısında məsuliyyət hissini itirirlər. Nə qədər spirtli içki qəbulu yüksək olur, o qədər də asosial davranışlar artır. Bunlardan ən təhlükəlisi sərxoş vəziyyətdə maşını idarə etməkdir”.
  
Nevroloq Qalib Əsədov isə deyib ki, alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və ya fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlikdir. Onun sözlərinə görə, spirtli içki qəbul edən zaman, onun tərkibindəki alkoqol alkoqol-dehidrogenaza (ADH) fermentinin təsirindən asetilaldehidə çevrilir, bu da öz növbəsində asetilaldehid-dehidrogenaza (AsDH) fermentinin təsirindən sirkə turşusuna çevrilir: 

“Tutaq ki, kimdəsə  genetik olaraq, hər iki ferment kifayət qədər aktivdir. Bu zaman qəbul edilən alkoqol dərhal sirkə turşusuna çevriləcək və o da öz növbəsində karbon qazı və suya parçalanacaq. Bu cür adam çoxlu spirtli içki qəbul etsə də, demək olar ki, sərxoş olmur və alkoqolun mənfi təsirləri yaranmır.
  
Təsəvvür edək ki, kimdəsə ADH yaxşı işləyir, AsDH-nin isə aktivliyi zəifdir. Bu zaman spirti içki qəbul etdikcə qanda toksik birləşmə olan asetilaldehidin miqdarı getdikcə artır, zəhərlənmə baş verir, baş ağrısı, ürəkbulanma, qusma kimi əlamətlər əmələ gəlir. Əgər AsDH çox pis işləyirsə alkoqolun kiçik dozası belə onun zəhərlənməsinə səbəb ola bilər. Belə adamlar heç vaxt alkoqoldan asılı vəziyyətə düşmürlər və spirtli içki qəbul etməməyə çalışırlar.
  
ADH fermentinin pis işləməsi zamanı isə alkoqolun hətta kiçik dozası belə beyində ciddi dəyişikliklərin yaranmasına səbəb olur, Dopamin sistemi aktivləşir, eyforiya yaranır. Asetilaldehid isə demək olar ki yaranmır. İnsan spirtli içki qəbulundan məmnun qalır və məhz bu variant insanda alkoqolizmin yaranmasına səbəb olur”.
  
Həkim qeyd edib ki, spirtli içkilərə aludə olan insanlar bu xəstəliyə sahib olduqlarını inkar edirlər. Odur ki, insan aludəçiliyi tanımasa da, lakin yaxınları ilə münasibətlərində problem yaşasa da, spirtli içkilər səbəbindən iş görməkdə çətinlik çəkir, içdiyi spirtin miqdarına nəzarət edə bilmir - bu, xəstəliyi tanımaq və işə başlamaq üçün bir səbəbdir. Alkoqolizm bədəndə ciddi nəticələrə səbəb ola biləcək ən çox yayılmış xəstəliklərdən biridir.
 
Bundan əlavə, alkoqolizm çox mühüm sosial problemdir - yol-nəqliyyat hadisələrinin, hüquqpozmaların, intihara cəhdlərin əhəmiyyətli hissəsi spirtli içkinin təsiri altında törədilir.
  
Asılı adamın özbaşına alkoqoldan imtina etməsi son dərəcə çətindir. Müalicə o zaman mümkündür ki, xəstə problemdən xəbərdar olsun və alkoqol həvəsindən xilas olmaq istəyir. Hazırda geniş spektrli terapevtik tədbirlər istifadə olunur, bunun nəticəsində xəstələrin yarıdan çoxu uzun müddət, bəziləri isə əbədi olaraq spirtdən imtina edirlər.