Təkcə risk qrupuna aid olan şəxslər yox... - Oktyabrda başlayır!

Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur və 70 faizdən çox hallarda vətəndaşları qripə yoluxmaqdan qoruyur
 
 Hava soyuyanda qripə yoluxma halları daha da artır.

Xüsusilə koronavirus pandemiyasından sonra qrip və digər virus xəstəliklərinə yoluxma daha da çoxalıb. Əvvəllər qripə yoluxma ilə bağlı hər payız mövsümündə peyvəndləmə aparılırdı. Koronavirusdan sonra onun yerini daha çox COVİD-19 əleyhinə peyvənd tutdu. Lakin son zamanlar qripə yoluxma hallarının koronavirusdan önə keçməsi digər suallar yaradır.
Ölkəmizə qriplə bağlı peyvəndlər gətirilib?
 
 Cebhe.info-nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən peyvəndin gətiriləcəyi bildirilib: "Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub".
  Xatırladaq ki, ötən il payız-qış mövsümündə qripə qarşı peyvənd 20 yanvar tarixində gətirilmişdi.
  Qeyd edək ki, xüsusi tibb müəssisələrində əvvəlcədən proqnozlaşdırılmış virus epidemiyasına əsasən peyvənd edilir. Məsələn, 2023-cü ilin qışında qripin A (B, C də ola bilər) virusunun epidemiyası gözlənilir. Ona görə əgər proqnozlar düz çıxarsa, peyvənd A virusuna qarşı aparılmalıdır. Bəzən insanlar şikayət edirlər ki, peyvənd də vurdurduq, amma yenə də tez-tez qrip olduq. Demək, həmin vaxt epidemiyası gedən virusun növünə görə peyvənd vurulmayıb. Məsələn, A virusu qripi var, amma B qrupunun peyvəndi olunub. Qripin törədicisinin A, B, C virusu olması dəqiqləşdirildikdə həkim, tibbi personaj, valideyn üçün də hansı peyvənd vurulması asanlaşır.

Pulmonoloq Nicat Ağayev isə “Sherg.az”a açıqlamasında deyib ki, payız artıq qapıdadır və mövsümi xəstəliklərdən olan qripdən qorunmaq üçün peyvənd vurulması önəmlidir: 

 “Qrip Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) ailəsinə daxil olan xəstəliklərdən biridir. İnfluenza virusunun törətdiyi infeksion xəstəlik zamanı ortaya çıxır və daha çox qızdırma, əzələ ağrısı, halsızlıq kimi əlamətlərlə özünü büruzə verir. Amma risk qrupuna daxil olan: yaşlı və ya xroniki xəstəliyi olan insanlarda ölümcül, viral pnevmaniya dediyimiz xəstəliklərə də səbəb ola bilir. Qrip peyvəndi risk qrupuna aid olanlarda yarana biləcək fəsadların qarşısını alır”.
  Həkim deyib ki, təkcə risk qrupuna aid olan şəxslər yox, hər kəs qrip peyvəndi oluna bilər: "Qrip hər il oktyabrdan başlayaraq dekabra qədər artır, aprel-may aylarında da çox müşahidə edilir. Ona görə, qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olanlar daha əvvəl peyvənd vurdurmadıqları halda, onlar fevral ayına qədər peyvəndlənə bilər. Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur və 70 faizdən çox hallarda vətəndaşları qripə yoluxmaqdan qoruyur, risk qrupuna daxil olanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, kütləvi toplaşmalardan və xəstələrdən uzaq durmaq mühüm əhəmiyyət kəsb edir”.