Dünyada əhalinin yarısından çoxu bu xəstəlikdən əziyyət çəkir

D vitamini çatışmır

İldə iki dəfə orqanizmdə D vitamini və kalsium səviyyəsini yoxlatmaq tövsiyə olunur
  
Qarşıdan soyuq qış ayları gəlir və mütəxəssislərə görə, immun sistemimizin güclü olması üçün D vitamininə ehtiyacımız var. Bütün dünyada əhalinin yarısından çoxu D vitamin çatışmazlığından əziyyət çəkir. Qidalarla bu vitamini normal səviyyəyə gətirmək mümkün deyildir. Sağlıqlı olmağımız üçün yetərli miqdarda D vitamini qəbul etməliyik. Mütəxəssislər deyir ki, yaz, yay aylarında günəşin şüalarından doğru zamanda faydalana bilmişiksə, o zaman D vitamin səviyyəmizi yüksəldə bilmişik, lakin mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bu vitamın səviyyəmiz sürətli şəkildə düşməyə başlayır. Qan səviyyəmizi ən uyğun aralığa (70-100 ng/mL ) gətirməmiz üçün lazımlı miqdarda günlük D vitamini qəbul etməliyik.

  “Vitamin D insanların çoxunun il boyu əlavə qəbul etməli olduğu yeganə faydalı elementdir. O, işığın təsiri altında dəridə sintez olunsa da, havalar soyuduqdan sonra yetərli olmur”.
  Bu sözləri terapevt İqor Alentov "İzvestiya" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qida rasionunuza balıq, kürü, yumurta sarısı və süd əlavə etməklə, həmçinin təmiz və günəşli havada kifayət qədər vaxt keçirməyə başlamaqla bədəninin D vitamini ehtiyacını doldura bilərsiniz. Yeri gəlmişkən, günəş haqqında danışarkən, həkim solaridən və günəşli yerlərdə uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edib. Bədəndə D vitamininin səviyyəsinə nəzarət etmək istəyənləri isə həkim əmin edib ki, onu daim yoxlamağa ehtiyac yoxdur. Həkiminizlə məsləhətləşmək kifayətdir ki, o, qarşısının alınması üçün lazım olan dozanı təyin edə bilsin: bu, hər kəs üçün fərqlidir”.

  Terapevt deyib ki, D vitamini çatışmazlığı üçün əsas risk faktorları 65 yaşdan yuxarı yaş, tünd dəri, piylənmə, oturaq həyat tərzi, günəş işığına kifayət qədər məruz qalmamaq, antikonvulsanlar, qlükokortikoidlər kimi bu vitaminin metabolizmasını dəyişdirən dərmanların qəbuludur: 

 "Eyni zamanda, D vitaminini pəhriz əlavələrində istifadə etməməlisiniz, çünki aşağı keyfiyyət və kompozisiyanın saxtalaşdırılması riski çox yüksəkdir". Alentov əlavə edib ki, kompleks və ya digər fərdi vitaminlərin qəbulu əksər hallarda istənilən faydanı verməyəcək.
  
Terapevt Nailə İsmayılova da “Sherg.az”a açıqlamasında deyib ki, vitamin D insan orqanizminin ən çox tələbatı olduğu vitaminlərdən biridir. Son illər aparılan tədqiqatlar göstərir ki, D vitamininin sümük sağlamlığından tutmuş immunitetin gücləndirilməsinə qədər bir çox faydası var: 

“Əksinə, çatışmazlığı isə diabet, depressiya, astma, xərçəng, ürək-damar və digər ciddi xəstəliklərə səbəb olur. Bu vitaminin orqanizmdə norma daxilində olması lazımdır. İldə iki dəfə orqanizmdə D vitamini və kalsium səviyyəsini yoxlatmaq tövsiyə olunur. Vitamin qəbulu həkim məsləhəti ilə olmalıdır. Ona görə də vitaminin damcı şəklində qəbulu tövsiyə olunur. D vitamini çatışmazlığı sadəcə bizim yox, bir çox ölkələr üçün aktualdır. Bu vitamin D2 və D3 formasında olur. D2-ni yediyimiz qidalar vasitəsilə qazana bilirik. Yağda həll olan vitaminlər arasında yer alan vitamin D-nin böyük nisbəti günəş işığında ultrabənövşəyi şüaların təsiri ilə dəridə sintez olunur.
  Onu da deyim ki, tünd dərili insanlarda, yaşlı insanlarda və günəş kremi istifadə edən insanlarda D vitamininin dəridə sintezi daha az olur. İstər qida ilə qəbul etdiyimiz zaman, istərsə də dəridə sintez olunan D vitamini hər iki halda aktiv deyil. Öncə qaraciyərdə, sonra isə böyrəklərimizdə tam aktiv formaya, daha təsirli kimyəvi maddələrə çevrilir. Vitamin D kalsium-fosfor metabolizminin tənzimlənməsində, sinir və ürək damar sisteminin funksiyasının qorunmasında vacib rol oynayır. Əlavə olaraq immun gücləndirici, iltihab əleyhinə və antioksidant təsirləri vardır. Vitamin D səviyyəsinin normal dəyərlər aralığında olan şəxslərdə respirator infeksiyalara yoluxma nisbəti azdır”.
  Terapevtin sözlərinə görə, yetəri qədər günəşlənməmə və təbii qidalarda az miqdarda vitamin D olması vitamin D əskikliyinin yaranmasına səbəb olur: “Bu zaman da sümük və əzələ ağrıları, sümüklərin tez qırılması, körpələrdə və uşaqlarda əzələlərdə zəiflik və sümük deformasiyasına səbəb olan raxitlik, sümük metabolizminin inkişaf etməməsi, immunitetin yaxşı işləməməsi nəticəsində xəstəliklərlə mübarizənin zəifləməsi, yuxu pozğunluqları, günün bütün saatlarında xroniki yorğunluq və altseymer xəstəliyinə səbəb yaradır.
  Vitamin çatışmazlığı sümük əriməsi kimi sümük xəstəlikləri, şəkər və ürək xəstəlikləri kimi patologiyaların yaranmasına səbəb olur”.