Məktəblərimizin “qızıl” dövrü  - Təhsil adına heç yaraşmadı!


Təhsil ekspertləri müəllimlərdən daha çox valideynləri günahlandırıb
 
  Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı "rüşvət" iddiaları gündəm olub. 
  Sözügedən məktəbin ibtidai sinif müəlliminə 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı görüntülər əks olunub.  Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.
  Qeyd edək ki, Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş videogörüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq.
  Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, - idarədən qeyd edilib.
Məlumat üçün bildirək ki,   9 saylı tam orta məktəbin ibtidai sinif müəlliminə “Əlifba” bayramında qızıl bilərzik hədiyyə edilib.
Videoda valideynlərdən birinin bu törəni ibtidailərin iştirakı ilə təntənəli şəkildə icra etdiyi öz əksini tapıb. Hadisə izləyicilər tərəfindən kəskin tənqid olunub.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, artıq Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları cəzalandırılıb.
Məlumatda deyilir ki, sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin dördüncü sinif və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin birinci sinfinin tədris ilinin yekunu ilə əlaqədar keçirilmiş tədbirləri ilə bağlı videogörüntülər yayımlanıb.

Hər iki məsələ ilə bağlı xidməti araşdırma aparılıb. Araşdırmanın nəticəsi ilə bağlı bildiririk ki, 10.06.2023-cü il tarixində Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın, 11.06.2023-cü il tarixində Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cəlalə Abdullayevanın iştirakı ilə tədbir keçirilib. Tədbirlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyənin təqdim olunması əks edilib.
  Qeyd edək ki, bu tipli tədbirlərin təşkilinə ciddi nəzarətin olmamasına görə Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub. Eyni zamanda müəllimlərlə söhbət aparılıb.
  Bildiririk ki, sözügedən hərəkətlər müəllimlərin etik davranış qaydalarını, xüsusilə ictimai etimad prinsipini pozmaqla müəllimin peşə nüfuzuna xələl gətirir.
  Qeyd edək ki, ümumi təhsil müəssisələrində müəllimlərin peşə fəaliyyətinə zidd olan belə hallara yol verilməməsi ilə bağlı dəfələrlə məktəb rəhbərlərinə təlimat və tapşırıqlar verilib, bu və ya digər hallarla əlaqədar müxtəlif cəza tədbirləri həyata keçirilib.
Göstərilən halların yenidən baş verməməsi üçün valideynləri belə təşəbbüslərdən çəkinməyə çağırırıq.
  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da 
ibtidai sinif üçün buraxılış adı ilə qeyd edilən tədbirdə müəllimə valideynlər tərəfindən qızıl dəst hədiyyəsinin təqdimi ilə bağlı videonu təəssüf hissi ilə  izlədiyini deyib: “Bu cür tədbirlərin keçirilməsi təəssüf ki, birinci hal deyil və təhsilin mahiyyətinə zidd əməldir. Eyni zamanda valideynlərin də bu tipli halları adiləşdirməsi, təhsilə dəstəyi müəllimə hədiyyə verilməsi kimi görmələri də üzücüdür. Məsələ ilə bağlı rəsmi müraciət İctimai Şura tərəfindən edilib. Eyni zamanda məsələni ictimailəşdirən jurnalistə qarşı hədə-qorxu elementləri qanun pozuntusudur və ictimai iştirakçılıq anlayışının fəlsəfəsinə ziddir”.
  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki,  mövcud təhsil sistemindən, təhsilin idarə olunmasından, keyfiyyətindən  narazılığın günahkarı kimi yalnız müəllimi, xüsusilə ibtidai sinif müəllimini görmək doğru deyil: “İki ibtidai sinif müəlliminə valideynlər tərəfindən qızıl-zinət əşyasının hədiyyə edilməsi videolarını hamı kimi mən də sosial mediadan izləmişəm. 
  Əminəm  ki, o müəllimlərin heç biri bunun təşəbbüskarı deyil.  Müəllimi qınamaq olmaz demirəm, qınaq obyektinə çevrilməli o qədər müəllim var ki. Şagirdlərindən parta yerinə görə pul alan, yanına hazırlığa gəlmədiyi üçün şagirdinə psixoloji təsir göstərən, qiymətini kəsən, dərsi bazara döndərən o qədər müəllim var. Amma yaxşılar da var, özü də çox var. 
Unutmyaq ki, biz Şərq insanlarıyıq, milli dəyərlərimiz var. Əlbəttə ki, mən rüşvətin, əsassız pul tələbinə qarşıyam. Lakin siz evdə ananıza, həyat yoldaşınıza, qızınıza hədiyyə almırsınız?
  Heçmi dost-tanışlarınız ilə birlikdə yığışıb restoranda yemək yeməmisiniz?
  Bir də deyirəm, biz dərs keçməyən, pul qarşılığında qiymət yazan müəllimi qınamalıyıq. Amma haqqı nahaqqa qurban verməyək”. 


 













 Təhsil eksperti Elçin Əfəndi isə müəllimlərdən daha çox valideynləri günahlandırıb:  “Valideynlər müəllimə “rüşvət” vermək üçün bəhsə girirlər sanki. Uşağına qiymət yaxşı yazılsın, müəllim uşağı fərqləndirsin deyə, onu müxtəlif üsullarla ələ almağa çalışırlar və nəticədə iradəsinə zəiflər bu üsula boyun əyir və tədricən özü də prosesə qoşulur. Amma bizim elə müəllimlər var ki, inanın adi gülü belə almaq istəmir. Mövcud vəziyyətə gələndə artıq bir ənənə halını alıb deyə bilərik.  Bahalı hədiyyələr alırlar, təqdim edirlər və sonra da yaxşı bir işmiş kimi  sosial şəbəkələrdə yayırlar. Bir növ özlərini baha satmağa çalışırlar cəmiyyətə, amma anlamadıqları bir məsələ var: bu, ucuzluqdur”.
  Ekspertin sözlərinə görə, bu gün 1 milyon 600 mindən çox şagird təhsilin müxtəlif pillələrində təhsil alır. 160 mindən çox təhsilverən onların bilik və bacarıqlarının formalaşmasına çalışır, amma təəssüf ki, bu cür xoşagəlməz hallar ümumi prosesə kölgə salır: “İbtidai təhsili 130 mindən çox şagird bitirir və artıq onlar arasında son günlər baş verən xoşagəlməz hallara yol verənlərin sayı artmaqdadır. Bunu da edən bir daha deyim ki, valideynlərdir. Təhsil adına yaraşmır. Bilirlər ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq, yenə də çəkinmədən bu tendensiyanı davam etdirirlər. Fikrimcə, müəllimlər özləri məhz bu hədiyyəni alan müəllimləri qınamaladırlar. Çünki qurunun oduna yaş da yanır misalı, onların etdikləri digər müəllim adını daşıyanlar üçün də xoşagəlməzdir və bu ada xələl gətirir”.