Azərbaycan 100 milyard dollardan artıq gəlir qazanacaq

Cənub Qaz Dəhlizi həm də regionun təhlükəsizliyinə dəstəkdir

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib ki, Məşvərət Şurası öz vəzifələrini tam yerinə yetirir və Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir. Onun sözlərinə görə, iclas zamanı CQD-nin əhatə dairəsinin genişlənməsi və digər Avropa ölkələrinə də yönəldilməsi məsələsi geniş müzakirə olunub: “Bu istiqamətdə də işlər aparılacaq”. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson da deyib ki, qiymətlərin artdığı bir zamanda Cənub Qaz Dəhlizi önəmlidir: 

“Azərbaycanla ikitərəfli münasibətlərimiz güclüdür. Azərbaycan enerji təchizatında bizim etibarlı tərəfdaşımızdır. Biz Cənub Qaz Dəhlizinin necə işlədiyini müzakirə etdik. Bu layihənin əhəmiyyəti ilə bağlı yaxşı fikirlər eşitməkdən məmnun oldum. Həm layihənin bölgəyə, həm ölkələrə güclü təsiri var. Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropada təchizata öz töhfəsini verir. Biz Avropa Komissiyası olaraq Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı fikrə şərikik. Enerji bazarında sıxıntı və qiymətlərin artımı müşahidə olunduğu bir zamanda bu layihə önəmlidir. Bu təchizat marşrutu öz münasibliyi ilə seçilir. 

Digər boru kəmərlərində yaranan sıxıntıları aradan qaldırmaq üçün bu boru kəmərinin genişləndirilməsini müzakirə edə bilərik”.  O qeyd edib ki, keçirdiyi görüşlərdə “Şahdəniz” yatağında hasilatın artırılması ilə bağlı istəklərini ifadə edib: “Təhlükəsizlik baxımından Cənub Qaz Dəhlizi təchizat marşrutlarının şaxələndirilməsi üçün imkan yaradıb. Ümid edirik ki, onun imkanları artırılacaq və 10 milyard kubmetrə çatdırılacaq. Hazırda bazarın gözləntilərini öyrənirik, biz nəticələrə əsaslanaraq həmin genişlənməni planlaşdıra bilərik”. Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Azərbaycanın siyasi dəstəyi olmasaydı, Cənub Qaz Dəhlizi reallaşmayacaqdı: “Azərbaycan Avropa İttifaqının təchizat təhlükəsizliyinin artırılması adına ən uyğun yol və ən etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizindəki boru xəttindən nəql olunacaq təbii qazın həcmini artıra bilmək üçün əlavə rezervlərə və əlavə mənbə ölkələrə ehtiyac var. Bu çərçivədə bölgəmizin rifahı adına Azərbaycan və digər bölgə ölkələri ilə əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq. TANAP-ın 31 milyard kubmetr maksimum tutumda istifadə edilməsi üçün investisiya qoyulmasına dair təşəbbüsləri dəstəkləyirik”. 

Millət vəkili Vüqar Bayramov “Şərq”ə bildirib ki, Cənub Qaz Dəhlizi regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın özünün valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Deputatın sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir: 

“Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. 2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsi ilə Avropaya mavi qaz ixracatına başlayıb. Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcək”.