Ət və süd məhsullarının qiyməti ucuzlaşmalıdır

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Dövlətin məqsədi kənd təsərrüfatının bütün sahələrinin inkişafına nail olmaqdır



  Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, fermerlərə subsidiyaların verilməsi, baytarlıq idarələrinin maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafına geniş imkanlar yaradıb. 

  İşğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin bitki örtüyü var. Bu amillər nəzərə alınaraq pilot layihə çərçivəsində bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi təmin olunub. İşğaldan əvvəlki dövrdə respublika üzrə iribuynuzlu mal-qaranın 15,1 faizi, xırdabuynuzluların isə 19,2 faizi həmin ərazilərin payına düşürdü. İribuynuzlu heyvandarlıqda Laçın, Ağdam və Füzuli rayonlarının, xırdabuynuzlu heyvandarlıqda isə Laçın, Ağdam, Kəlbəcər, Füzuli və Cərbayıl rayonlarının göstəriciləri yüksək idi. Qeyd olunan göstəricilərlə yanaşı, işğaldan azad edilən ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzərə alınmaqla Dağlıq Qarabağ və ətraf rayonlarda kənd təsərrüfatının prioritet istiqamətlərini müəyyənləşdirmək mümkündür. Məsələn, Cəbrayıl, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Füzuli, Zəngilan, Xocavənd rayonlarında heyvandarlıq, qoyunçuluq, üzümçülük və baramaçılıq, kartofçuluq, pambıqçılıq, taxılçılıq, arıçılıq, tütünçülük sahələri üzrə prioritetləri müəyyənləşdirmək mümkündür. Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2022-ci ilin yanvar-may aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. 2022-ci ilin beş ayında rayonun təsərrüfatlarında diri çəkidə ət istehsalı 2 faiz, süd istehsalı 5,2 faiz, yumurta istehsalı 1,6 faiz, yun istehsalı isə 0,3 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır.   Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin yanvar-may aylarında 2370 baş inək və düyələr süni mayalandırılıb, 1075 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Bununla yanaşı, satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib. Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılıb. Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırıldı. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur. Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir.

  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirib ki, kənd təsərrüfatı, xüsusən heyvandarlıq və quşçuluq sahələrinin inkişafı ilə bağlı dövlət, hökumət tərəfindən çoxsaylı addımlar atılıb:

 “Bu sahələrin genişlənməsi, tərəqqisi üçün xeyli güzəştlər tətbiq olunur, stimullaşdırıcı qərarlar qəbul edilir. Əlbəttə, bunlar çox önəmlidir. Dövlətin məqsədi kənd təsərrüfatının bütün sahələrinin inkişafına nail olmaqdır. Problem ondadır ki, çox vaxt dövlətin öz rüsumlarından imtina etməsi, kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində atdığı addımlar, tətbiq olunan güzəştlər istənilən nəticəni vermir. Ən azından əgər bu vergi güzəştləri kənd təsərrüfatı sahəsində qiymətlərin nisbətən aşağı düşməsinə səbəb olmalıdırsa, biz bunu müşahidə etmirik. 

Şəxsən mən bunu görməmişəm. Görünür, bəzi sahibkarlar, iş adamları dövlətin onlara verdiyi dəstəkdən, vergi güzəştlərindən öz mənfəətləri naminə istifadə edirlər. Əksinə, daxili bazarda qiymətlərin süni bahalaşması prosesi gedir. Yem və yem əlavələrinin kənd təsərrüfatı məhsullarının, heyvandarlıq və quşçuluq məhsullarının qiymətlərinə təsiri böyükdür. Yaxşı olar ki, biz də ölkəmizdə bu cür güzəştlərin, dəstək addımlarının effektini görək. Quşçuluğun inkişafını, sahibkarlara edilən güzəştlərin müsbət təsirini o vaxt görmək mümkün olar ki, bazarda toyuğun qiyməti 6 manatdan 4 manata düşsün. İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar Xidməti sahibkarlara göstərilən diqqət və qayğının, verilən maliyyə dəstəyinin, vergi və rüsumlarla bağlı güzəştlərin hansı nəticələr verdiyini araşdırmalıdır. Proses nəzarətdə olmalıdır. Yəni sadəcə sahibkarlar deyil, onların məhsullarını istifadə edən istehlakçılar da bu qərarlardan yararlanmalıdır. 

Heyvandarlıq və quşçuluqda yemlərin idxalında 18 faiz əlavə dəyər vergisinin aradan qaldırılması o deməkdir ki, ət və süd məhsullarının qiymətində ucuzlaşma olmalıdır”.