"Müharibə əvvəl-axır Rusiyanın iflası ilə başa çatacaq"

Etibar Məmmədov: "Sanksiyaların nəticəsi bir-iki günə nəzərə çarpmır, şübhəsiz Rusiya iqtisadiyyatı çox tab gətirməyəcək"

"Ən əsası yüksək elita, oliqarxlar pulsuz-parasız qalanda bunun səbəbini Putində görəcəklər"

"Türkiyə və Azərbaycan Rusiya-Ukrayna müharibəsində çox optimal mövqe tutdular, riskə getməyə ehtiyac yoxdur"


Qərb ölkələrinin dünyaya anons etdiyi Rusiya-Ukrayna müharibəsi 10-cu günü də arxada qoydu. Tərəflər arasında humanitar məqsədlərlə qısamüddətli atəşkəs əldə olunsa da, savaşın gərginliyi və səbəb olduğu fəlakət qalmaqdadır. Kreml rəsmilərinin açıqlamasından Ukrayna ərazilərinin işğalının davam etdiriləcəyi bəlli olur. Dünya gündəmində əsas müzakirə mövzusu müharibənin gedişatı və nəylə nəticələnəcəyidir. İstənilən halda XXI əsrdə bütün dünyanın gözü önündə Rusiya ordusunun başqa bir müstəqil ölkəni işğal etməsi anti-Putin koalisiyasının da sıralarını genişləndirməkdədir. 

Proqnozlara əsasən, müvəqqəti “qalibiyyət” Rusiyanın çöküşünü sürətləndirəcək. Türkiyə və Azərbaycan rəhbərliyi hərbi münaqişənin baş verməməsi, iki slavyan ölkəsinin aradakı problemi diplomatik danışıqlar yoluyla həll etmələri üçün son ana qədər vasitəçilik təşəbbüsündən vaz keçmədi. Bu da onu göstərir ki, məsələnin daha böyük geosiyası yönləri və aktorları var... 

Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı “Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş millət vəkili Etibar Məmmədov müharibənin başlaması və hansı sonluqla nəticələnəcəyi ilə bağlı mülahizələrini dilə gətirib...

 - Etibar bəy, Qərbin proqnozları özünü doğrultdu və Rusiya işğala başladı. Moskvanı dünyanı qarşısına almağa məcbur edən amillər nə idi? Müharibə qaçılmaz idimi? 

 - Rusiyanın indiki rejimi hər zaman müharibəyə meyilli olub. Moskva daim öz qonşularını hədələməklə məşğuldur. Kremlin hədəflərindən biri də Ukraynanı işğal etmək idi. Rusiya Ukraynanı diz çökdürməklə öz planlarını həyata keçirmək istəyir. Kiyevi ələ keçirərək, Zelenskini devirərək, orada özündən asılı bir hökumət qurmaq və Ukraynanı Kremldən asılı ölkəyə çevirmək niyyətindədir. Ukrayna bunu qəbul etmədiyi üçün Moskva öz planlarını tətbiq etməyə başladı. Əvvəlcə 2014-cü ildə Krımı özünə birləşdirdi. Daha sonra Donetsk və Luqanskda qondarma “respublikalar” yaratdı, onları silahlandırdı. Bununla kifayətlənməyərək, bölgəyə rus ordusu yerləşdirdi. Son olaraq qondarma rejimlərin “müstəqilliyini” tanıyaraq, Ukraynanın açıq işğalına başladı. 

 - Rusiya işğala başlamaqla öz məqsədinə, istəyinə nail oldumu? 

 - Ukrayna müharibəyə yaxşı hazırlaşıb. Artıq Ukraynada vətən müharibəsi gedir. Ordu və əhali işğala qarşı olduğu üçün rus ordusuna güclü müqavimət göstərir. Ona görə də Rusiyanın hərbi birləşmələrinin irəliləyişi plan üzrə getmir. Moskva Ukrayna işğalını üç günə həyata keçirməyi planlaşdırırdı. Daha sonra müddəti 1 həftə elədilər, amma bu da baş tutmadı. Rusiya istədiyinə nail ola bilmir və bundan sonra da öz məqsədinə çata bilməyəcək. Ukrayna Qərbdən, NATO-dan ona vəd edilən köməyi, dəstəyi ala bilmir. Bu da ciddi problem olmaqla yanaşı, həm də üzücü yanaşmadır. Ancaq düşünürəm ki, Ukraynanın kifayət qədər potensialı var ki, işğalçı rus qoşunları qarşısında müqavimət göstərsin. Müharibə əvvəl-axır Rusiyanın iflası ilə başa çatacaq. 

 - Qərb ölkələri sadəcə iqtisadi sanksiyalar tətbiq edirlərmi? Ukrayna hərbi dəstək almırmı?

 - Ukraynaya hərbi dəstək kifayət qədərdir. Lazımi silah-sursatı, hərbi texnikanı göndərirlər. Amma hələlik güclü və daha böyük texnikaları verməkdən çəkinirlər. Ona görə də Ukraynanın hava hücumundan müdafiəsi yetərli deyil, aviasiyası zəifdir. Ukraynanın hava məkanı rus hərbi qüvvələrinin nəzarətindədir. Qarşı tərəflə müqayisədə aviasiya bərabərləşəndə, Ukrayna öz hava məkanını hücumlardan qoruyanda, Rusiyanın çıxış yolu və manevr imkanları qalmayacaq. Artıq indidən ruslar ciddi itkilər verməkdədir. Yəni Qərb əsasən bu istiqamətdə hərbi dəstəyini artırmalı, hava məkanını rusların əlindən almalıdırlar. 

 - Qərbin güclü sanksiyaları Rusiyanın çöküşünü sürətləndirə bilərmi?

 - Rusiyaya qarşı indiki sanksiyaların miqyası və əhatəsi çox genişdir. Sanksiyaların nəticəsi bir-iki günə nəzərə çarpmır. Şübhəsiz, Rusiyanın iqtisadiyyatı bu qədər sanksiyaya tab gətirməyəcək. Müharibənin davam edəcəyi təqdirdə ruslar da dözməyəcək. Ən əsası isə yüksək elita, oliqarxlar pulsuz-parasız qalanda bunun səbəbini Prezident Vladimir Putində görəcəklər. Bunun da məntiqi nəticəsi Putinin dövrünə son verilməsi, siyasi hakimiyyətdən kənarlaşdırılmasıdır. 

 - Rusiya məğlub olmaqla yanaşı, daha çıxılmaz duruma düşərsə, Kreml rəhbəri “nüvə silahına” əl atarmı? 

 - Əgər bütün məsələləri sadəcə bir adamın öhdəsinə buraxsalar, nə desən edər. Buna da gedə bilər. Ancaq Rusiyanın hakim dairələrində kifayət qədər sağlam düşünən adamlar var. Çox güman ki, belə bir təşəbbüsə cəhd olarsa, qarşısını almaq üçün əllərindən gələni edərlər. 

 - Azərbaycan və Türkiyənin bu məsələdə tutduğu rolu, sərgilədikləri mövqeni necə dəyərləndirirsiniz? 

 - Türkiyə və Azərbaycan Rusiya-Ukrayna müharibəsində çox optimal mövqe tutdular. Riskə getməyə ehtiyac yoxdur. Hər iki ölkənin hökumətləri, xalqları Ukraynanı açıq müdafiə edirlər. Rəsmi Bakı da, Ankara da Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayırlar. Türkiyə öz mövqeyini qəti ortaya qoyub və Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyib. Həmçinin, iqtisadi, humanitar, o cümlədən mənəvi baxımdan Azərbaycan və Türkiyə əməkdaşlıq etdikləri Ukraynaya yardım göstərirlər. Hətta hər iki ölkə Rusiya-Ukrayna dialoqunun başlaması üçün vasitəçilik də təklif edib. İndiki məqamda vasitəçilik missiyasını üzərinə götürməyə hazır olan və tərəflərin müsbət yanaşdığı iki dövlət var. Onlardan biri Türkiyə, digəri Azərbaycandır.