"Türkiyə-İsrail əlaqələrinin normallaşmasında Azərbaycanın rolu böyükdür"

Arye Qut: "Prezident Hersoqun Türkiyəyə səfəri Təl-Əvivin Bakı və Ankara ilə strateji əməkdaşlığına böyük təkan verəcək"

Martın 9-da İsrail Prezidenti İshaq Hersoq Ankaraya səfərə gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Liderlər arasında əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüş olub. İsrailli həmkarı ilə səmərəli müzakirələr apardıqlarını bildirən prezident Ərdoğan tarixi səfərin Türkiyə-İsrail münasibətlərində yeni dönüş nöqtəsi olacağına inandığını deyib. Ərdoğan əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib. 
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən İsrail Prezidenti İshaq Hersoq da bildirib ki, onun məqsədi iki ölkə və xalqlar arasında dostluq münasibətlərinin genişlənməsinin təməlini qoymaqdır: “Biz birlikdə gələcəyə baxmaq yolunu seçmişik. Anlaşılmazlıqları gələcəyə baxaraq aradan qaldıracağıq”. Dövlət başçıları enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Türkiyə hökumət üzvlərinin İsrail və Fələstinə səfəri ilə bağlı razılıq əldə olunub. Qeyd edək ki, bu, İsrail prezidenti qismində son 14 ildə Türkiyəyə ilk gəlişdir.

 Sonuncu dəfə 2008-ci ildə prezident Şimon Peres Türkiyəyə səfər edib. Ekspertlər hesab edirlər ki, bu səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir. Yeni əməkdaşlıq münasibətləri gərginliyi azalda, mövcud vəziyyəti tamamilə dəyişə bilər. Mühüm səfər və görüşlə bağlı “Şərq”ə danışan “İsraildə Azərbaycan Evi”nin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib ki, Türkiyə ilə İsrail arasında əməkdaşlıq üçün çoxşaxəli perspektivlər mövcuddur. Ekspertin sözlərinə görə, regionun iki inkişaf etmiş müasir dövlətinin faydalı münasibətləri təkcə qarşılıqlı əlaqələr baxımından deyil, bölgədə çoxtərəfli əməkdaşlıq üçün də səmərəlidir...

 - Tarixi səfərlə bağlı düşüncələriniz nədir? Uzunmüddətli gərginlikdən sonra dost və qardaş iki ölkə arasında münasibətlər yenidən normallaşma mərhələsinə qədəm qoyub deyə bilərikmi?

 - İsrail-Türkiyə münasibətlərinin normallaşma yoluna qədəm qoyması İsraildəki Azərbaycan diasporasını çox sevindirir. Hər zaman arzu etmişik ki, Təl-Əvivlə Ankara arasında münasibətlər ən yüksək səviyyədə olsun. Bu baxımdan İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfərinin siyasi əhəmiyyəti böyükdür. 14 ilə yaxındır ki, İsraillə Türkiyə arasında əlaqələrdə ciddi problemlər var idi. Ötən müddət ərzində bir sıra təşəbbüslər emosional baxımdan müsbət nəticələnmədi. 14 ildən sonra tarixi günə şahidlik etdik. Açığı, tərəflər arasında istiləşmə prosesi 4-5 ay əvvəl başlayıb. Ötən ayın əvvəli İsrail prezidenti Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng etmişdi. Daha sonra Ərdoğan israilli həmkarı ilə telefonla danışmışdı. Məhz bndan sonra əlaqələr başladı və dünən kuliminasiya nöqtəsinə çatdı. Cənab Ərdoğan İsrail prezidentini çox yüksək səviyyədə qəbul etdi. İsraildə parlament respublikası idarəetmə üsulu olduğuna görə, prezident vəzifəsi bir qədər nominal xarakter daşıyır. Amma Hersoq İsrail prezidenti olandan sonra bir neçə ölkəyə önəmli səfərlər reallaşdırıb. Bu da ondan xəbər verir ki, İshaq Hersoq real və mühüm işlər görmək üçün prezident olub. Türkiyə ilə münasibətlərin normallaşma prosesində də Hersoqun rolu danılmazdır. İsrail prezidentinin Azərbaycana da böyük simpatiyası var. 

 - Liderlərin görüşü Türkiyə-İsrail arasında qarşılıqlı rəsmi səfərləri intensivləşdirəcəkmi? 

 - Prezidentin səfərindən sonra iki ölkə arasında qarşılıqlı addımlar atılacaq. Öncə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu İsrailə gələcək. Bu da mühüm səfər olacaq. Ondan sonra hər iki dövlət qarşılıqlı şəkildə səfirləri təyin edəcəklər. Hər iki ölkədə səfirliklər olsa da, səfirlər yoxdur. Səfirlərin təyinatı ikili əlaqələrə siyasi-diplomatik təkan verəcək. Türkiyə və İsrailin regional maraqları da var. Görüş zamanı liderlər ifadə etdilər ki, hərbi sənaye, yüksək texnologiya, səhiyyə və digər sahələrdə iki ölkənin əməkdaşlığı mümkündür. Türkiyə maraqlıdır ki, İsrail qazını daşıyan boru kəməri məhz onun ərazisindən keçsin. İsrail son zamanlar daha çox Yunanıstan və Kiprlə danışıqlar aparırdı. Amma Təl-Əviv görür ki, real güc Türkiyədədir. 

 - İki ölkə arasında iqtisadi əlaqələrin əhəmiyyətli dərəcədə olduğu deyilir. Hətta diplomatik gərginlik yaşandığı dövrdə belə iqtisadi münasibətlər kəsilməyib...

 - İqtisadi əlaqələr 8 milyard dollara yaxındır. Ərdoğanla Hersoqun müzakirələri zamanı vurğulandı ki, iki ölkə arasında ticarət dövriyyəsini 10 milyarda çatdırmaq qərarı alınıb. Bu, çox böyük rəqəmdir. Mən vaxtı ilə İsraildə Türkiyə səfirliyində çalışmışam və bu işlərin içində olmuşam. 2006-07-ci illərdə iki dövlət arasında ticarət dövriyyəsi 3 milyard dollar civarında idi. Əlaqələrin normallaşmasından sonra iqtisadi dövriyyənin daha da artacağına şübhə yoxdur. Əsas münasibətlərin qurulmasında ilk addımın atılması, siyasi düşüncədir. Siyasətdə emosiyaya qapılmaq olmaz. Siyasətdə real maraqlar var. 

 - İsrail-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçiliyi də gündəmə gətirilir. Bu məsələni necə şərh edərdiniz?

 - Türkiyə-İsrail əlaqələrinin normal məcraya keçməsində Azərbaycanın rolu böyükdür. Prosesi yaxından izləyən bir şəxs kimi bilirəm ki, rəsmi Bakı iki ölkə arasında təmasların qurulmasında ciddi addımlar atıb. İsraillə sıx əməkdaşlığa hər zaman böyük önəm verən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Türkiyə-İsrail əlaqələrinin yenidən normala dönməsinə öz töhfəsini vermək və prosesdə mediatr rolunu oynamaq istəyir. Azərbaycan dövlət başçısının təşəbbüsü müsbət nəticəsini verməkdədir. Bu yaxında “İsraildə Azərbaycan Evi” olaraq Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirtdik. Mən anım mərasiminə Türkiyənin diplomatik korpusunun nümayəndələrini də dəvət etdim. Səfirliyin bütün əməkdaşları həmin tədbirdə iştirak etdi. Bunu onu göstərir ki, İsrailin Azərbaycan və Türkiyə birgə əməkdaşlığı mümkündür və perspektivi var. Prezident Hersoqun Türkiyəyə səfəri Təl-Əvivin Bakı və Ankara ilə strateji əməkdaşlığına böyük təkan verəcək. Türkiyənin İsraillə münasibətləri normal mərhələyə keçəndən sonra üç ölkənin birgə əməkdaşlığının da şahidi ola biləcəyik.