Böyük vəsait, həm də uzun zaman lazımdır

Azad olunmuş torpaqlarımızın hər qapısı yoxlanır

ABŞ və Avropa ölkələri ilə əməkdaşlığımızı genişləndirməklə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmə prosesini sürətləndirə bilərik

  Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz Məsələləri və Regional Münaqişələr ofisinin rəhbəri Mark Kameron ilə görüşüb. Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin miqyası, bərpa-quruculuq işlərinə törətdiyi maneə, mülki təyinatlı obyektlərin də ciddi şəkildə minalarla çirkləndirilməsi haqda prezentasiya təqdim edilib. Kameron ərazilərimizin minalardan təmizlənməsi istiqamətində birgə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. 

Kameron keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına töhfə vermək məqsədilə humanitar minatəmizləmə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə uzunmüddətli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Vüqar Süleymanov öz növbəsində Agentliyin ABŞ-nin müxtəlif qurumları ilə 20 ildən artıq effektiv əməkdaşlığın daha da genişləndirilməsinə ümidvar olduğunu qeyd edib. 

  Millət vəkili Azər Badamov "Şərq"ə bildirib ki, torpaqlarımız işğal altında olduğu dövrdə ermənilər bu əraziləri xaotik şəkildə minalarla çirkləndiriblər. Deputatın sözlərinə görə, beynəlxalq normalara görə, müharibənin başa çatdığı ərazilərdə basdırılmış minaların xəritələri və məlumatları qarşı tərəfə verilməlidir:

 "Təəssüf ki, biz beynəlxalq normaları ayaq altına atan düşmənlə üz-üzəyik. Azərbaycan minalarla bağlı məsələni dəfələrlə beynəlxalq təşkilatlarda və görüşlərdə qaldırdıqdan sonra Ermənistan Azərbaycana ancaq 20 faiz dəqiqliyi özündə əks etdirən xəritələri təqdim edib. Təbii ki, minaların basdırıldığı ərazilərlə bağlı tam məlumatlara malik olmamağımız minatəmizləmə işini çətinləşdirir.

 İndiyədək 300-ə yaxın vətəndaşımız minalardan ziyan görüb, ölən və yaralananlar olub. Ermənistan həqiqi xəritələri bizə vermədiyinə görə azad olunmuş torpaqların hər qarışını yoxlamalı oluruq. Bu da böyük vəsait və uzun zaman deməkdir. Dünya praktikasında minalanmış istənilən ərazinin təmizlənməsində beynəlxalq dəstək göstərilir. ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovun ABŞ-yə səfəri çərçivəsində Dövlət Departamentinin nümayəndəsi Mark Kameronla görüşü və birgə əməkdaşlıq müzakirəsi böyük əhəmiyyət kəsb edir. Təbii ki, ABŞ və Avropa ölkələri ilə əməkdaşlığımızı genişləndirməklə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmə prosesini sürətləndirə bilərik. 

Çünki ərazilərdə təhlükəsizlik nə qədər qısa vaxtda təmin olunarsa, o qədər tez zamanda qaçqın və məcburi köçkünlərimizi öz doğma yurdlarına qaytara bilərik".