"İlk qayıdış Zəngəzur və Göyçədən başlamalıdır" - Firdovsiyyə Əhmədova

 "Azərbaycanlılar İrəvan şəhəri də daxil olmaqla həmin torpaqların hər qarışında yaşayıblar və zamanla bütün ərazilərə qayıdış reallaşmalıdır"

"Hesab edirəm ki, qardaş Türkiyə prosesdə etibarlı dövlət kimi qarant rolunu oynaya bilər"


  Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycanlılar İcmasının bir qrup nümayəndəsi ilə görüşündə Qayıdış Konsepsiyasının hazırlanması vəzifəsi qarşıya qoyulmuşdu. Ötən bir ay müddətində Konsepsiyanın əsas müddəaları hazırlanaraq yekun sənəd kimi təsdiqləndi. Konsepsiya, əslində, bir çərçivə sənədidir. Yanvarın 25-də Müşahidə Şurasının təsdiqindən sonra Konsepsiya İcmanın əsas sənədlərindən birinə çevrilib. Burada son 200 ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. Konsepsiyada öz əksini tapan məqamlardan biri insanlarımızın öz kəndinə, rayonuna, 1988-ci ilə qədər yaşadığı ərazilərə köçürülməsi istəyi ilə bağlıdır. Burada incə məqam ondan ibarətdir ki, 1988-ci ilə qədər həmin soydaşlarımız demək olar bütün Qərbi Azərbaycan boyu yaşayıblar. 

İlkin mərhələdə o insanların bütün Qərbi Azərbaycan, indiki Ermənistan ərazisi boyu köçürülməsi təbii ki, xoşagəlməz nəticələr verə bilər. Ona görə də əsas hədəf insanların ilkin mərhələdə daha təhlükəsiz bölgələrə köçürülməsi olacaq. Yəni söhbət Qərbi Zəngəzur, Dərələyəz, Göyçə mahalı və Qaraqoyunlu dərəsindən gedir. Soydaşlarımızın ilkin mərhələdə həmin ərazilərə köçürülməsi daha təhlükəsiz, zəmanətli və təminatlı olar. İcma rəhbərliyi hesab edir ki, Qərbi Azərbaycana qayıdış üçün həm beynəlxalq zəmanət, həm də Ermənistan dövlətinin təminatı lazımdır. Sonuncu deportasiya zamanı o ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb. Ona görə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin soydaşlarımızın mülkiyyət hüququnun bərpa olunması məsələsi qoyulub. Eyni zamanda onların torpaq sahələrinin icmalara qaytarılması məsələsi konsepsiyada öz əksini tapıb. 

Həmçinin soydaşlarımızın köçürüləcəyi ərazilərin toponimlərinin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında yer alıb. Vurğulamaq lazımdır ki, son 200 ildə soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürülüblər. Azərbaycan xalqı ötən əsrdə dörd dəfə deportasiyaya məruz qalıb. Ardıcıl olaraq, 1905-ci, 1918-20-ci, 1948-53-cü, 1988-1992-ci illərdə azərbaycanlılar məcburi şəkildə öz yurdlarından köçürülüb. Proses zamanı qoca, uşaq və qadınlar da daxil olmaqla 140 min insan erməni vəhşiliyinin qurbanı olub. Təkcə 1988-1992-ci illərin deportasiyasında məcburi köçürülən azərbaycanlıların sayı 300 minə yaxın olub. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu proses nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Azərbaycanlılar qovulduqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən tamamilə silinib, məhv edilib. Toponimlərimiz dəyişdirilib, abidələrimiz saxtalaşdırılıb. 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir. Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qaçqınlıq məhrumiyyətləri nəinki Azərbaycanda, eləcə də Ermənistanın özündə və başqa ölkələrdə çap olunmuş kitablarda da kifayət qədər əksini tapıb. 

Bir məqamı da qeyd edək ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınma prosesi aparılır. Proses 1988-91-ci illərdə çıxarılanlar üzərindən həyata keçirilir. Çünki xronologiya baxımından ən sonuncu deportasiya (1988-91-ci illər) ən yaxın zamandır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır və əllərində pasportları, Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədlər var. Hazırda həmin dövrdə azərbaycanlıların yaşadığı 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir. Proses yekunlaşandan sonra digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı aparılacaq. 

  Tarixçi-alim, professor Firdovsiyyə Əhmədova "Şərq"ə açıqlamasında deyib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtması onların təbii haqqıdır. Alim vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən və torpaqlarımızın əksər hissəsinin işğaldan azad edilməsindən sonra bu məsələnin gündəmə gəlməsi qanunauyğundur: 

"Qarabağ ətrafında münaqişə başlanan zaman prosesin ilk qurbanları həmin dövrdə Ermənistan SSRİ-də yaşayan azərbaycanlılar oldu. Soydaşlarımız öz torpaqlarından qısa müddətdə, kütləvi surətdə, faciələrlə müşayiət olunan bir proseslə deportasiyaya məruz qaldılar. Bəzi yerlərdə qətliamlar yaşandı, çox ağır müqəddəratla üzləşdilər. Bu, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı təcavüzkar siyasətinin və fəaliyyətinin tərkib hissəsidir. O baxımdan Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdışının gündəmə gətirilməsi tamamilə qanunauyğun haldır. Lakin bu prosesi reallaşdırmaq üçün soydaşlarımızın Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində fiziki mövcudluğunu təmin edəcək şərtləri formalaşdırmaq lazımdır. Çünki zaman-zaman ermənilər azərbaycanlıları məhz fiziki məhv ediblər. Nəzərə alaq ki, Azərbaycan Respublikası ərazisində yaşayan ermənilər soydaşlarımıza Xocalı, Qaradağlı faciələrini, soyqırımlarını yaşadıblar. Belə məqamda indiki Ermənistan ərazisində yaşayacaq azərbaycanlıların taleyi necə olar? Ona görə də ən azından soydaşlarımızın ilkin mərhələdə fiziki təhlükəsizliyinin təmin edilməsi mütləqdir". 

  F.Əhmədova vurğulayıb ki, vaxtı ilə bütövlüklə Azərbaycan türklərinə məxsus olan keçmiş İrəvan xanlığının torpaqlarında "erməni dövləti" yaradıldıqdan sonra azərbaycanlılar sıxışdırılmağa, təzyiqlərlə üzləşməyə başlayıb, son nəticədə kütləvi deportasiya ediliblər:

 "O baxımdan 1988-ci illərdə azərbaycanlıların kompakt yaşadıqları, çoxluq təşkil etdikləri ərazilərdə mədəni muxtariyyəti təmin olunmalıdır. Yerli və inzibati idarəçilik məhz azərbaycanlılara məxsus olmalıdır. Söhbət Zəngəzurdan, Göyçə gölü ətrafı ərazilərdən gedir. İlkin qayıdış həmin ərazilərdə təmin edilməlidir. 

Təbii ki, azərbaycanlılar İrəvan şəhəri də daxil olmaqla həmin torpaqların hər qarışında yaşayıblar və zamanla bütün ərazilərə qayıdış reallaşmalıdır. Bu da dövlətlərarası öhdəliklərlə həyata keçməlidir. Əfsuslar ki, ermənilər yüz illik tarix ərzində imzaladıqları sazişlərə, müqavilələrə əməl etməyiblər. Ermənistan tərəfi 44 günlük müharibədən sonra imza atdığı sənədləri də icra etməkdən boyun qaçırır. 

Məhz o səbəbdən ikili müqavilələrlə yanaşı, beynəlxalq səviyyədə qarantın olması da əsas şərtdir. Hesab edirəm ki, qardaş Türkiyə prosesdə etibarlı dövlət kimi qarant rolunu oynaya bilər".