Qarabağ, Şuşa Universitetləri mütləq yaradılmalıdır

10-11-ci sinifləri bitirənlər elə ordaca ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər

  "Hazırda azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib. Nazir Ağdamda universitet binasının inşa ediləcəyini diqqətə çatdırıb: "İstərdik ki, orada tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq".
  Nazirin açıqlamasını dəyərləndirən təhsil eksperti Kamran Əsədov isə “Sherg.az" açıqlamasında deyib ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların həmin ərazilərdə sürətlə məskunlaşmasına, eyni zamanda həmin ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarının təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün vacibdir:

“Ölkə başçısı cənab İlham Əliyevin hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, indiki halda işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır. Çünki ora gedəcək müəllimlər ilkin olaraq həmin ərazilərdə yaşamaq üçün təlimlərə cəlb edilməli, onların əməkhaqlarına xüsusi əlavələr edilməlidir. İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun aradan qaldırılması baxımından, eyni zamanda prioritet mövcud təhsil müəssisələrində mütəxəssislərin hazırlanması üçün Təhsil Nazirliyi Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər”.
  K.Əsədov deyib ki, qısa müddətdə bölgələrin ənənəvi, coğrafi və s. xüsusiyyətlərinə uyğun xüsusi profilli təhsil müəssisələrinin (məktəbdənkənar, peşə, orta ixtisas, ali) və əlavə kurslar yaradılmalıdır ki, həm yaxın zamanlarda tarixi torpaqlarına köçəcək insanların, eyni zamanda orada xidmət edən şəxslərin ailə üzvlərinin təhsil alma imkanı əlçatan olsun: “Bir faktı da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Əlbəttə ki, birdən-birə bu infrastrukturun bərpası mümkün deyil. Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirildiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir. Hələ 2020-ci ildə işğal altında olan torpaqlarımız azad olunanda mən təhsilin inkişafı, tədrisin təşkili qaydaları ilə bağlı təkliflər paketi hazırlamışdım. Təkliflərimiz 3 mərhələdən ibarət idi. Yəni işğaldan azad edilmiş ərazilərdə təhsilin təşkilinin 3 mərhələdə keçirilməsini təklif edirdik.
  Birinci mərhələdə ora köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi məktəblərinin salınması. Yəni birdən-birə böyük orta təhsil müəssisələrinin salınması həm uzun vaxt aparacaq, həm də tam dolmayacaq.
  İkincisi isə o idi ki, biz Qarabağın inzibati ərazisində və işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsini mütləq şəkildə açmalıyıq. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər olacaq ki, ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər. Onlar paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə daxil olsunlar. Yəni gələcəkdə mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərində Laçında, Qubadlıda belə Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq”.
  Ekspert qeyd edib ki, təhsil müəssisələri əhalinin məskunlaşmasına, işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir edir. Ermənilər bu istiqamətdə addım atmışdılar: “Məsələn, biz Şuşada universitet açmamışdıq, amma ermənilər işğaldan sonra orada iki universitet açmışdılar. Bunlar Şuşa Texniki Universiteti, İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialı idi. Beləliklə, biz də həmin ərazidə mütləq şəkildə hərbi məktəb, ikincisi, Şuşa şəhərində yerləşəcək Dağlıq Qarabağın bütün ərazisində təhsil alacaq şəxslərin ödənişsiz təhsilini həyata keçirmək üçün Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti açmalıyıq. Həmçinin ən əsası hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq orada mütləq şəkildə kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır. Üçüncüsü, İqtisadiyyat Universiteti, onun filialları olmalıdır. Həmçinin hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar.
  Digər təklifimiz isə peşə müəssisələrinin və kolleclərin açılması ilə bağlı idi. Ona görə ki, qısa vaxt ərzində həmin ərazilərdə ehtiyac duyulacaq sahələr üzrə ixtisaslı kadrlar hazırlanmalıdır. Yəni Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-ci illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. Hesab edirəm ki, işğaldan azad edilmiş və azad olunacaq ərazilərdə təhsil tamamilə yeni formatda qurulmalıdır və hökumət bu məsələni birinci məsələ olaraq ortaya qoymalıdır”.