Üçbucağın sirri: Hamı bir-bir yox oldu 

Bütün yaşananların izinə düşənsə, yalnız bir nəfər oldu

Birisi meşədə turistlərə yol göstərir, digəri avtobusda səyahət edir, üçüncüsü professional alpinist olaraq dağa dırmanırdı. Hər üçünü birləşdirənsə bir faciə oldu. Onların üçü də itkin düşdülər. Yox oldular. Bütün yaşananların izinə düşənsə yalnız 1 nəfər oldu. 

“Şərq” bu sirli, mübhəm hadisəni araşdırmağa başlamış insanın hekayəsini “Milliyet.com.tr”yə istinadən təqdim edir.  ABŞ-nin Vermont əyalətinin cənub-şərqindəki Bennington Üçbucağı sirli hadisələrin yaşandığı məkan olaraq tanınır. Bu bölgə yadplanetlilərlə də zaman-zaman gündəmə gəlib, bədheybət insanların orada dolaşmasıyla da. 1940, 1950-ci illərdən indiyədək ən azı 5 nəfərin heç bir izi-tozu qalmadan yox olduğu bölgə, qırmızı dərililərin – bu yerlərin qədim sakinləri hinduların lənətlənmiş məkan saydığı ərazidir.

 “Bennington Üçbucağı” 19-cu əsrin sonlarından etibarən az-az səyahət edilən bölgəyə çevrilib. Ərazidə sıx meşəliklər olsa da, baxımsız qaldığından səyahətçilərin ora marağı azalıb. Marağın azalmasının bir səbəbi də ərazidə insanların izsiz, soraqsız itkin düşmələridir. Hətta ərazidə bir qatilin yaşadığı düşüncələri də insanları buraya gəlməkdən çəkindirib. Lakin üçbucağın sirrini araşdırmağa cəsarət eləyən biri varmış.  Bu, yazıçı Josef A. Citrodur. Citro uşaqlıq çağlarından Bennington Üçbucağı haqqında rəvayətləri dinləyib və onda bu sirri çözmək marağı yaranıb. Citro artıq 30 ildir ərazidə yaşanan sirli qeybolmaları araşdırır, səbəbləri ortaya çıxarmağa çalışır. Citro da ərazinin qəribəliyini etiraf edir və bildirir ki, yerli sakin olan qırmızı dərililər də hətta buraya ayaq basmır. Ərazidə ilk itkindüşmə hadisəsi 1945-ci ildə yaşanıb.

 74 yaşlı Middie Rivers arxasında heç bir iz buraxmadan qeyd olub. M.Rivers ovçuluqla məşğul olan 4 nəfərdən ibarət qrupa rəhbərlik edirmiş. Meşəni, ətrafı yaxşı tanıyan birisinin itkin düşməsi və bir daha ortaya çıxmaması çox qəribə və qeyri-inandırıcıdır.  Bu əhvalatdan sonra 18 yaşlı Paula Velden eyni ərazidə itkin düşüb. Raula kollec tələbəsi olub və 1946-cı il dekabrın 1-də meşə yaxınlığında qaçışa çıxıb. Paulanın axtarışlarına böyük dəstələr qoşulub, axtarışa itlər, vertolyotlar da cəlb edilib, lakin nəticə əldə edilməyib. Bu hadisədən sonra ərazidə polis nəzarəti gücləndirilib, xüsusi axtarış qrupları yaradılıb. 3 il sonra yenə eyni hadisə baş verib. 68 yaşlı Ceyms Tedford, Vermontda qohumlarını ziyarət etdikdən sonra avtobusa minib geri dönərkən Bennington dayanacağında itkin düşüb. Halbuki bu dayanacağa çatmazdan öncə onun avtobusun içində olduğunu şahidlər təsdiq edirdi. Yaşlı kişinin əşyaları avtobusun baqaj yerində qalmaqdaydı, özü isə yox idi. 1950-ci ildə 8 yaşlı Paul itkin düşüb. Anası ona oyun oynadığı yerdən ayrılmamağı tapşırıb, özü isə təsərrüfatdakı heyvanları yemləməyə gedib. Döndükdə uşağı tapmayıb. Axtarışlar da bir nəticə verməyib.  Uşağın atası isə son günlər oğlunun qəribə şeylər danışdığını, “dağın onu çağırdığını” deyirmiş.

 Paulun itkin düşməsindən 2 həftə sonra isə professional alpinist olan 53 yaşlı Frieda Langer, yaxın qohumu Herbert Eysner ilə birlikdə yürüşə çıxıb. 1 kilometr irəlilədikdən sonra Langer çaya yıxılıb, geyimini dəyişmək üçün düşərgəyə dönmək istədiyini deyib və geri qayıdıb. Lakin o, düşərgəyə gəlib çıxmayıb. 6 ay sonra onun cəsədi göldə tapılıb. Halbuki onu axtaran zaman gölə, çaya da baxmışdılar. Orada cəsəd yox idi. 6 ay sonra cəsədin göldə tapılması ərazi haqqında qorxunc rəvayətlərin dolaşmasına səbəb olub. Yazıçı qeyd edir ki, fövqəlqüvvələrlə bağlı mülahizələr inandırıcı deyil. İtkilər yaşanan ərazidə çoxsaylı quyular var. Bu insanlar quyulara düşə bilər, yaxud vəhşi heyvanların hücumuna məruz qala, ya da bir cinayətə qurban ola bilərlər. Hər hadisədə fövqəladə qüvvə gücü axtarmaq doğru olmaz. 

Amma danışılan bütün hekayələr insanların bu ərazidən uzaq durmaları, ora səyahət etməkdən çəkinmələri üçün yetərlidir. Hər şey o qədər qorxuncdur ki, Qlastenböri dağında təkbaşına düşərgə salmağa getmək istəmirəm, çünki orada başıma nələr gələ biləcəyini təxmin etmirəm.