Qarşımızda ciddi vəzifələr durur

Ermənilərin ifşasını Türkiyə dövləti ilə koordinasiyalı şəkildə aparmalıyıq


“Ümid etmək istərdik ki, ABŞ Administrasiyası tarixi səhvə yol verməyəcək”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev erməni lobbisinin saxta 24 aprel erməni “soyqırımı” ilə bağlı başlatdığı kampaniyaya münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, qondarma erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Onun sözlərinə görə, əgər Amerikanın yeni Administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaq: “Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır.

Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaq. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır”. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Məşvərət Şurasının toplantısında bu məsələdən danışıb. İclasda qondarma erməni soyqırımının növbəti ildönümü yaxınlaşdıqca, bu məsələ ətrafında cərəyan edən proseslər də müzakirə olunub. Dövlət başçısı vurğulayıb ki, qondarma erməni soyqırımı iddiası qarşısında həqiqətləri müdafiə edəcəyik:

“Qondarma erməni soyqırımı yalanına və siyasi hesablaşmalarda bu iftiranı dəstəkləyənlərə qarşı həqiqətləri müdafiə etməkdə davam etdirəcəyik”. 

Qondarma “soyqırımı” ilə bağlı “Şərq”ə danışan tarixçi-alim Boran Əzizli bildirib ki, erməni “soyqırımı” uydurması Avropa və Rusiyanın Şərq siyasətinin tərkib hissəsidir. Alimin sözlərinə görə, 100 il öncə Avropa dövlətləri və Rusiya Osmanlı ərazisində yaşayan erməniləri silahlandıraraq bu dövlətə qarşı üsyana qaldırıblar:

“Silahlanmış ermənilər Osmanlı ərazisində günahsız on minlərlə insanın qətliamını həyata keçirmişdilər. Ermənilərə dəstək verənlər bu yolla Osmanlını parçalamaq, türk ölkəsinin ərazisini öz aralarında bölüşdürmək istəyirdilər. Amma Osmanlı dövləti Qərbin və Rusiyanın bu çirkin oyunlarını boşa çıxardaraq ermənilərin daha təhlükəsiz əraziyə köçünü təmin etdi.

Həmin dövrdən etibarən türk xalqlarını nəzarət altında saxlamaq, özlərinə tabe etdirmək məqsədi ilə “erməni məsələsi”ndən siyasi məqsəd kimi daim istifadə edilib. Əslində Amerika tarixçiləri ABŞ prezidentlərinə “soyqırım” iddiaları ilə bağlı dəqiq arayışlar təqdim ediblər və göstəriblər ki, reallıqda heç bir qətliam baş verməyib. Lakin hələ də bu oyun davam edir. İndi də Türkiyə müstəqil siyasət yeritdiyi, Qərbin təlimatlarına boyun əymədiyi üçün Ankaraya qarşı erməni kartından istifadə olunur.

Xüsusən, Azərbaycanın Türkiyədən siyasi və mənəvi dəstək alaraq 44 gün ərzində erməni işğalına son qoyması, möhtəşəm zəfər qazanması düşmən lobbisini qisasçı hərəkətə sövq edib. Çünki 44 günlük müharibə Minsk Qrupu daxil olmaqla bir çox dairələrin türk dünyasına qarşı planlarını alt-üst etdi. O səbəbdən Qərb ölkələri Türkiyənin artan nüfuzunun qarşısını almaq məqsədi ilə yenidən “soyqırımı” məsələsini ortaya atıblar. Maraqlıdır ki, yüz il öncə olmamış hadisənin təəssübünü çəkən Qərb ölkələri müasir dövrdə baş vermiş Xocalı soyqırımı, Qaradağlıda, Meşəlidə törədilən qətliamları görməzdən gəlirlər. İşğaldan azad edilmiş ərazilərdə erməni vəhşiləri tərəfindən həyata keçirilən vandalizmə göz yumurlar. Bir qram obyektivlikləri var idisə, bu məsələlərə diqqət yönəldərdilər”. 

B.Əzizli vurğulayıb ki, Azərbaycan və Türkiyə tarixçiləri ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırımlarla bağlı xeyli əsərlər yazıblar:

“Ermənilərin ifşasını, həqiqi soyqırımların təbliğatını koordinasiyalı şəkildə aparmaq lazımdır. Birgə təbliğatımız il boyu davam etməlidir. İngiltərə, ABŞ, Rusiya və Fransanın Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı dönəmdə yeritdikləri siyasəti əks etdirən tarixi arxiv sənədlərini aşkarlayıb üzə çıxartmalıyıq.

Xüsusən, Müdafiə Nazirliyi və kəşfiyyat orqanlarının arxivlərində bu məsələ ilə bağlı sənədlər əldə olunmalıdır. Qarşımızda ciddi vəzifələr durur və bu iş sadəcə, Azərbaycan və Türkiyənin deyil, bütövlükdə türk dünyasını təmsil edən ölkələrin ümumi vəzifəsidir. Son illərdə türkdilli dövlətlərin yaxınlaşması müşahidə olunur.

Türk respublikaları ilə əlaqələri daha da genişləndirməli və qardaş Türkiyəni bu məsələdə tək qoymamalıyıq. Çünki ermənilər sadəcə, Azərbaycan və Türkiyənin deyil, bütün türklərin, türk dünyasının düşmənidir”.