Astma xəstələri mütləq pəhriz saxlamalıdır


Bu xəstəliyə bütün yaş qruplarında rast gəlinir

Araşdırmalara görə, ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında bronxial astmadan əziyyət çəkənlərin sayı əhalinin 7 faizinə bərabərdir


  Bronxial astma xəstəliyi tənəffüs yollarının xroniki iltihabı xəstəliyidir. Bu xəstəlik, əsasən, gecələr və ya səhərlər təkrar olunan fitli tənəffüs epizodlarına, təngnəfəsliyə, döş qəfəsində sıxıntı hissiyyatına, öskürəyə gətirir və yanaşı tənəffüs yollarının hiperaktivliyini törədir.
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Allerqologiya şöbəsinin müdiri Reyhan Paşayevanın sözlərinə görə, bronxial astma xəstəliyində geriyə dönən tənəffüs yollarının obstruksiyası baş verir: “Xəstəliyin simptomlarına, əsasən, boğulma tutulmaları, təngnəfəslik, hava çatışmazlığı, döş qəfəsində sıxıntı, məsafədən eşidilən fitli xırıltılar, tək-tək quru öskürək, xəstənin məcburi oturaq vəziyyət alması və s. aiddir. Bronxial astmanın müalicəsində məqsəd xəstəlik üzərində klinik nəzarətə nail olmaq və nəzarəti saxlamaqdır. Bronxial astma xəstəliyində uzunmüddətli gedişə malik nəzarət üçün preparatlar gündəlik və uzun müddət istifadə olunur”.
  R.Paşayeva qeyd edib ki, sözügedən xəstəlik bütün dünya həkimlərini narahat edən xəstəlikdir və geniş yayılıb: “Dünya əhalisinin 10 faizə qədəri bu xəstəlikdən əziyyət çəkir. Astma xəstəliyinə bütün yaş qruplarında rast gəlinir. Əldə olunan epidemioloji göstəricilərə əsasən, son 20 il ərzində ən çox uşaqlar arasında bronxial astma artıb.
  Astma xəstələri mütləq pəhriz saxlamalıdır. Onlara sitrus meyvələri, çiyələk, qoz, fındıq, bal, süd, hisə verilən ərzaqlar, konservləşdirilmiş məhsullar, qazlı, şirin içkilər, yumurta və s. ilə qidalanma məsləhət görülmür.
  Evdə, iş yerlərində rütubət, toz, kəskin iy-qoxu, kimyəvi maddələrdən, zərərli vərdişlərdən uzaq durmaq, arı sancmasından qorunmaq da önəmlidir.
  Xüsusilə yataq otağının tez-tez havalandırılması, təmizlənməsi, otaqda quş tükündən hazırlanan yataq dəstlərinin olmaması da vacibdir. Eləcə də ev heyvanları (pişik, it, tutuquşu) saxlamaq tövsiyə olunmur".
  R.Paşayeva vurğulayıb ki, astma xəstəliyindən əziyyət çəkən şəxslərin həkim məsləhəti olmadan dərman preparatlarından istifadəsi yolverilməzdir: "Bronxial astma xəstələrinin vaxtlı-vaxtında müayinə, müalicəsi və həkim nəzarətində olmaları məsləhət görülür”.
  Tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramov isə deyib ki, bronxial astmanın yaranmasında irsi faktorların rolu böyükdür. Onun sözlərinə görə, yazın gəlişi ilə əlaqədar olaraq bronxial astma olan xəstələrin şikayətləri də artıb: “Dünyada geniş yayılan bu xəstəlik Azərbaycanda da insanları narahat edən bronx-ağciyər patologiyalarındandır. Araşdırmalara görə, ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında bronxial astmadan əziyyət çəkənlərin sayı əhalinin 7 faizinə bərabərdir. Lakin uşaqlar arasında da bu xəstəliyə tez-tez rast gəlinir.
  Bronxial astmanın əsas yaranma səbəbləri tam müəyyən olunmayıb. Bir sıra genetik faktorların, infeksion və ətraf mühit amillərinin təsiri nəticəsində bronxial astmanın yaranma ehtimalı arta bilər. 
Ailə üzvlərində allergik xəstəliklər, bronxial astma  kimi patologiyalar olan şəxslərdə bronxial astmanın inkişaf etmə riski yüksəkdir.  
 Astma zamanı  öskürək – tez-tez, əziyyətli və daimi xarakterli olur. Öskürək gecələr və fiziki işdən, soyuq havanın qəbulundan sonra arta bilər.
  Bəlğəmin xaric edilməsini çətinləşdirir. Xəstə boğulma tutmaları, bəzən xəstələr döş qəfəsinin sanki “sıxılması”ndan şikayət edir və tənəffüs o qədər məhdudlaşır ki, bu, nəfəs ala bilməmək qorxusu yaradır. Tənəffüs zamanı quru xırıltıların eşidilməsi də bu xəstəliyin əsas əlamətidir.
   Bronxial astmanın əlamətlərindən şübhələndikdə həkim-pulmonoloqa müraciət etmək lazımdır.  Diaqnozun qoyulmasında spirometriya, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, kompüter tomoqrafiya və s. müayinələrin əhəmiyyəti böyükdür. Əgər allergik simptomlar müşahidə olunursa dəri-allergik testi və ya qanın müvafiq müayinələri tövsiyə edilə bilər. Bu müayinələr allergeni təyin etməyə və onun aradan qaldırılma zəruriliyini müəyyən etməyə (məsələn, allergiya mənbəyini evdən uzaqlaşdırmaq, küçəyə çıxdıqda ağız və burunu örtən xüsusi maskadan istifadə) kömək ola bilər. Bronxial astmanın müalicəsi üçün simptomatik və əsas preparatlardan istifadə olunur. Simptomatik preparatlar tənəffüs yollarını genişləndirir, spazmı aradan götürür, əsas preparatlar isə bronxlardakı iltihabi prosesi azaldır və tutmaların  profilaktikası üçün istifadə olunur”.