Yaz fəsli gəldi, allergiya da gəldi

Meşəyə və parka getmək tövsiyə olunmur
 
Mütəxəssisin fikrincə, yaz fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərin yağışlı havada gəzintisi faydalıdır


  Yaz fəsli gələndə allergiyası olanlar bəzi narahatlıqlarla üzləşirlər. Ağacların çiçək açması nəticəsində havada uçuşan toz hissəcikləri allergiyaya səbəb olur. Tozlanma havaya yayıldıqca ağız, burun və göz vasitəsilə ciyərlərə qıcıqlandırıcı təsir göstərir.  Mütəxəssislərin sözlərinə görə, mövsümi allergiyalar martın əvvəllərindən iyulun ortalarına qədər davam edir. Bu da əsasən mövsümi çiçək və otların təsirindən yaranır. Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl dərman qəbul etməyə başlamalı, həmçinin əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar. 

  Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimovanın sözlərinə görə,  allergik reaksiyaların səbəblərindən biri də bəzi yaz-yay qidalarıdır: “Göz qızarması, gözdə yanma, göz sulanması, burunda ödəm, quruluq, burun tutulması, burundan su axması, tez-tez asqırma allergik rinitin əlamətləridir. Bunlar ağacların çiçəklənməsi nəticəsində havada olan polenlərin qıcıqlandırıcı təsiri nəticəsində baş verir. Belə hallar olarsa, diaqnozun dəqiqləşdirilməsi üçün lor həkiminə və ya allerqoloqa müraciət etmək olar. Digər allergik reaksiyalardan biri də dəridə olan allergiyadır. Günəşli havada çox gəzdikdə günəşin təsirindən qızartı, səpkilər əmələ gələ bilər. Bundan başqa bəzi yaz-yaz qidaları – meyvə-tərəvəz məhsullarının təsirindən də allergik reaksiyalar baş verə bilər. Vaxtında diaqnoz qoyulması üçün həkimə müraciət etmək lazımdır. Müəyyən qan testləri, dəri testləri, ağciyərin funksional testləri götürülür və nəticələrə uyğun olaraq müalicə aparılır”. Həkim həmçinin bildirib ki, mövsümi allergiyası olan şəxslər küləkli, tozlu havada gəzməyi məhdudlaşdırmalıdır. Həkim müayinəsində olmaq isə vacib hesab olunur.

  Həkim-terapevt Sevinc Zeynalova isə “Şərq”ə açıqlamasında mövsümi allergiyaların xarakterik xüsusiyyətlərindən danışarkən deyib: 

“Bu, özünü fərqli formada göstərə bilər, məsələn, allergik konyunktivit,  gözün selikli qişasında qızarma, qaşınma, göz yaşı axması, allergik rinit - yəni burunun selikli qişasında qaşınma, burun qızarması, asqırma, burun axması ilə büruzə verə bilər və çox vaxt onu kəskin respirator virus xəstəlikləri ilə səhv salırlar. Mövsümi allergiya allergik faringit, allergik bronxit, boğazda olan qaşınma, tutmaşəkilli öskürək və hətta bronxial astma tutması ilə də nəticələnə bilər.
  Hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz, fındıq, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, müəyyən ədviyyatlar, eləcə də yağlı şirin məhsulların istifadəsi istisna edilir, yaxud da ən azı ciddi şəkildə məhdudlaşdırılır.
  Bir sıra mədə-bağırsaq xəstəliklərinin yaz-payız aylarında baş qaldırdığını bildirən həkim-terapevt deyib ki, mövsümi allergiyası olanlar həmin fəsildə adi allergenlərdən - məsələn, yumurta, süd, şokolad, pomidor və s. məhsullardan uzaq olmalıdırlar. Həmin məhsullar allergen olduğuna görə mövsümi allergiyası olanların ondan istifadəsi allergik reaksiyaları kəskinləşdirə bilər. Allergiya xəstəsi olan evdə heyvan saxlanılırsa, onun da təmizliyinə diqqət yetirilməli və yataq otağına buraxılmamalıdır”.

  Mütəxəssisin fikrincə, çiçəkləmə dövründə yaz fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərin yağışlı havada gəzintisi faydalıdır, lakin meşəyə və parka getmək tövsiyə olunmur. Bundan başqa əgər otaqda kondisioner yoxdursa və mənzilin havalandırılması lazımdırsa, o zaman tozcuqların otağa daxil olmasının qarşısını almaq üçün pəncərələrə cuna tutmaq olar. Hava nəmləndiricisi almaq və rütubət səviyyəsini saxlamaq da məsləhət görülür.