Zəhərlənmələr artıb! - Ən təhlükəlisi keyfiyyətsiz dərmanlardır

Turşuya qoyulan məhsulların hazırlanmasında da qaydalara riayət olunmur

  Son dövrlər Azərbaycanda zəhərlənmə halları hədsiz çoxalıb. Son bir ay ərzində 3 orta məktəbdə kütləvi zəhərlənmə baş verib. Dünən isə aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 625 nəfər müraciət edib, onlardan 9-u ölüb. Mərkəzin Mətbuat xidmətindən “Şərq”ə verilən məlumata görə, onlardan 119-u toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəbul olunan xəstələrdən 54-ü dərmandan, 37-si sirkə turşusundan, 6-sı etanoldan, 6-sı ilan sancmasından, 2-si göbələkdən, 1-i arı sancmasından, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 9-u allergik reaksiya, 2-si botulizm, 1-i isə anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

  Zəhərlənən şəxslərin 60-ı kişi, 40-ı qadın, 19-u isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 6 nəfər sirkə turşusundan, 1 nəfər komatoz vəziyyətdən, 1 nəfər etanoldan, 1 nəfər botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 8-i kişi, 1-i qadındır.

  Qeyd edək ki, dərmandan  zəhərlənən şəxslərin daha çox olması xüsusi diqqət çəkir. Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, dozadan artıq qəbul edilən hər bir dərman preparatı zəhər, toksik maddədir. Onun sözlərinə görə, dərmandan zəhərlənmə statistikasında  iki kateqoriyalı məsələni ayırd etmək lazımdır: 

“Birinci kateqoriyalı məsələ odur ki, dərmanlardan zəhərlənmə qəsdənmi baş verir? Yəni xəstə bilərəkdən çoxlu sayda həblər qəbul edərək özünə qəsd edir, yoxsa sadəcə, normal dozanı qəbul edib zəhərlənir? Bu ikisi fərqli-fərqli şeylərdir. Biri kriminal haldır, digəri isə dərmanlarla bağlı baş verən haldır. Ola bilər ki, dərman maddəsinin keyfiyyət parametrləri aşağıdır və həmin dərman maddələri qəbul olunduqda zəhərlənmə baş verir. Mümkündür ki, həmin həblərin tərkibindəki dərman əlavəsi və sair aşağı keyfiyyətdə olsun. Məsələn, bəzən bu, əlavə ağır metal duzlarından və sair ibarət olur, ondan da zəhərlənmə baş verir. Bu, bir variantdır. Digər variant isə odur ki, dərman vasitəsini xəstə müalicə məqsədilə qəbul edir və zəhərlənir. Yəni bu da dərman vasitəsinin yad təsirindən qaynaqlanır. İstənilən halda dərman maddələrinin keyfiyyət parametrlərinə bağlı olan zəhərlənmələr əlbəttə ki, ciddi araşdırılmalıdır. Bu dərman maddələrini gətirən firmalar, onun istehsal olunduğu yer, bütün bu məsələlər ciddi araşdırılmalıdır və məsuliyyət daşıyan şəxs cəzalandırılmalıdır. Bir insan özünə qəsd etmək üçün bunu edirsə, artıq bu, başqa araşdırılmalı məsələdir. Amma keyfiyyətsiz bir dərmandan zəhərlənmə dərman təhlükəsizliyi prinsiplərinin pozulmasıdır və buna görə də məsul olan şirkətlər, firmalar məsuliyyət daşıyır. Təəssüflər olsun ki, bu məsələlər müəyyən korporativ maraqlara görə araşdırılmır”.

  Qida ilə bağlı zəhərlənmələrə gəldikdə isə qida mütəxəssisi Ağa Salamov "Şərq” ə açıqlamasında bildirib ki, sirkədən zəhərlənmə turşular düzgün bağlanmadıqda, turşuya qoyulan məhsulların sanitariya-gigiyena qaydalarına riayət olunmadıqda, yaxud içinə çiy su getdikdə  baş verir: “Bəzən çürük, bir tərəfi çartlaq tərəvəzləri duza qoyurlar. Saxlanma şəraitinə diqqət edilməli, otaq temperaturunda, gün şüalarından kənarda saxlanmalıdır. İndi turşudan istifadə etməyin vaxtı deyil. Hazırda tərəvəzlərin mövsümü olduğu üçün onu təbii yemək daha faydalıdır”. 

A.Salamovun sözlərinə görə, göbələk saxlanma şəraitinə nəzarət olunmadıqda qalıb şirə salır: "Həmin göbələyi də toyuq, makaron məhsulu ilə bişirdikdə zəhərlənmə halları ilə nəticələnir. Çünki makaron da risklidir, yumurtalı undan hazırlanır. Şampinyon göbələyi mədəniləşdirilmiş formada yetişdirilir və satılır. Zəhərlənmə verə bilməz. Qarşıdan yay ayları gəlir. İnsanlar daha  ehtiyatlı davranmalıdır. Yumurta, mayonez, qaymaq, toyuq, dəniz məhsulları və onlardan hazırlanan salatlar, yeməklər təhlükəlidir. Riskli qidaların mənşəyi məlum olmalıdır. Onu da deyim ki, zəhərlənmələrin başında kimyəvi dərmanlarla yetişdirilmiş meyvə, tərəvəz dayanır. Mövsümündən əvvəl satılan məhsulların tərkibində nitrat səviyyəsi çox olur. Bu da zəhərlənmə hallarına səbəb olur. Xiyar, pomidor, qarpız kimi tərəvəz və giləmeyvələrin vaxtından əvvəl yeyilməsi də ağır fəsadlara gətirib çıxarır”.