“Bir həftəyə öldürən” xəstəlik...

Yayılan məlumatlar reallığı əks etdirmir

Adil Qeybulla: “Elmi əsası olmayan informasiyalara ciddi yanaşmaq olmaz”


  Son illər xarici ölkələrdə yayılan yoluxucu xəstəliklərin bizim üçün də ciddi təhlükələr yaratdığı məlumdur. Yayılan xəstəliklər əsasən qrip mənşəli xəstəliklərdir ki, bundan da insanlar ciddi narahatlıq keçirir. "Quş qripi”, "Donuz qripi”, COVİD-19, "Meymun çiçəyi" kimi viruslar Azərbaycandan da yan keçməyib. Bildirək ki, dünyada yayılması ehtimal edilən virus mənşəli xəstəliklər barədə əvvəlcə proqnozlar verilir, sonra isə bu xəstəliklərin yayıldığının şahidi oluruq. Xarici media yeni yolxucu xəstəliyin yayılacağı barədə məlumat yayıb. "Sportkp.ru"nun yaydığı məlumata görə, 2023-cü ildə Avropada yeni təhlükəli xəstəlik yaranacaq və "xəstə insanlar bir həftədən çox yaşaya bilməyəcəklər”. Sözügedən xəstəliklə bağlı proqnozda deyilir ki, 2023-cü ildə Avropada Afrikadan gətiriləcək yeni təhlükəli xəstəlik yaranacaq. Orada bu xəstəliyə "kunu” deyirlər, onun törədicisi "qan qurdları”dır. Proqnozlara görə, xəstə bir həftədən çox yaşaya bilməyəcək. Onların daxili orqanları parçalanacaq, bu, yüksək temperaturla müşayiət olunacaq. Məlumatda qeyd edilir ki, bu xəstəliyin proqnozu "xurma yarpağı”ndakı yazı vasitəsilə verilib.
  Avropadan yayılan yeni qorxulu xəstəlik Azərbaycan üçün nə qədər təhlükəli ola bilər? İnfeksionist-hepatoloq Mərdan Əliyev "Yeni Müsavat”a bildirib ki, yayılan məlumatdan xəbərdardır. Həkim qeyd etdi ki, məlumatı mətbuatdan oxuyub: "Bu xəbəri oxuyan kimi araşdırmağa başladım. Ümumdünya Səhiyyə Təşkilatının saytında bu barədə məlumat yoxdur. Proqnozun kim tərəfindən verildiyi məlum deyil. Belə bir məlumatın hansı məqsədlə yayıldığını deyə bilmərəm. Bu, sadəcə, şayiədir. Elmi əsası olmadığı üçün bu barədə müzakirə aparmaq doğru deyil. Narahatlığa əsas yoxdur”.

  Yayılan informasiyaların proqnoz xarakterli olduğunu vurğulayan professor Adil Qeybulla isə “Şərq”ə  açıqlamasında bu iddiaların elm tərəfindən təsdiq edilmədiyini deyib:

 “Düzdür, mutasiya edən virusların, o cümlədən də qripin pandemiyası həmişə gözlənilir, amma bunun tarixini konkret olaraq deyə bilmərik. Elmi proqnozlar birbaşa deyir ki, istənilən bir mutasiya etmiş virus insanda yayıla, zamanında pandemiya törədə bilər. Xüsusilə də yoluxucu viruslar, onlar nəfəs yolları ilə yoluxur və sair. Bu baxımdan da, hesab edirəm ki, sizin qeyd etdiyiniz proqnoza şərh vermək düzgün olmazdı. Ona görə ki, Nostradamusun proqnozu, eləcə də “xurma yarpağı”nda yazılan bu proqnoz əslində elmi proqnoz deyil. Əslində bu cür informasiyalar dünyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzləri, mötəbər elmi qurumlar tərəfindən qəbul edilmir” .
  Professorun sözlərinə görə, bu cür proqnozların verdildiyi dövrün və onun müəllifinin də gerçəkliyi şübhə doğurur: “Bəlkə də heç bu xəstəliyi proqnoz edən olmayıb, sadəcə bunu dövriyəyə gətirib yayırlar. Zənnimcə, elmi əsası olmayan informasiyalara ciddi yanaşmaq olmaz”.