Azərbaycanda koronavirus sönməyə doğru gedir


Yoluxan insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox  az saydadır  

  Artıq ardıcıl olaraq onuncu həftədir ki, dünyada COVID-19-dan ölüm hallarının sayı 2020-ci ilin martından bəri müşahidə olunmayan səviyyədə qalır.
  Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədəki mətbuat konfransında bildirib.
  Bu azalma tendensiyası ölkələrə normal həyata dönməyə, bütün dünyada səhiyyə sistemlərinə isə mümkün olan yoluxma hallarının yayılmasının və COVID-19-dan sonra fəsadların öhdəsindən daha yaxşı gəlməyə imkan verib. “Eyni zamanda virusun təkamülü məsələsində bəzi ciddi şübhələr qalır, bu da gələcək yoluxma dinamikası və ya mövsümlüyünün proqnozlaşdırılmasını çətinləşdirir”, – deyə ÜST başçısı qeyd edib.
  Xatırladaq ki, ÜST COVID-19-a strateji hazırlıq və reaksiya verilməsinə dair dördüncü planı dərc edib. Həmin sənəddə birgə epidemioloji nəzarət, əhalinin qorunması, əks tədbirlərin əlçatanlığı və fövqəladə hallarda hərəkətlərin koordinasiyası da daxil olmaqla, qlobal reaksiya verilməsi üçün ən mühüm fəaliyyətlər ətraflı təsvir olunub.
  Müsbət xəbərlərə baxmayaraq, epidemioloji nəzarət və genetik ardıcıllıq səviyyəsinin azalması, həyati nöqteyi-nəzərdən zəruri olan müalicəyə qeyri-bərabər çıxış və geniş yayılmış pandemiya yorğunluğu kimi problemlər hələ də mövcuddur. Bu amillər səbəbindən bütün dünyada milyonlarla insan risk altında qalmaqda davam edir.
  “Virus yoxa çıxmayacaq və bütün ölkələr digər yoluxucu xəstəliklərlə yanaşı onun qarşısını almağı öyrənməlidir”, – deyə doktor Tedros əlavə edib.
  İnfeksionist  Sevinc Əzimova da  bildirib ki, Azərbaycanda COVID-19 infeksiyası sönməyə doğru gedir. Uzun müddətdir ki, yeni yoluxma hallarının sayı minimal - ikirəqəmli həddədir: “Yoluxan insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox  az saydadır.  Hətta bir neçə vaxt davam edən bayram günlərində insanlar arasında təmasların sayının artmasına baxmayaraq, yoluxma hallarında artım müşahidə edilmədi.  Bu, onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır. Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən xəstəliyi keçirmə, digər tərəfdən isə və əsasən kütləvi vaksinasiya hesabına əldə edilib”.